Menu

Rusiya öz taxılını özü almağa məcburdura - Səbəb?

29.09.2026, 11:28
Rusiya öz taxılını özü almağa məcburdura - Səbəb?

Rusiya Prezidenti Vladimir Putin hökumətə fermerlərdən Dövlət Ehtiyat Fondu üçün taxıl almağı tapşırıb. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, V.Putin bunu Kremldə siyasi partiya liderləri ilə görüşdə açıqlayıb.

"Burada səsləndirilən təklifləriniz, məsələn, kənd təsərrüfatı istehsalçılarına taxıl satmaqda kömək etmək, o cümlədən ehtiyat üçün taxıl tədarük etməkdir. Bu, tamamilə doğrudur, mən onu tam dəstəkləyirəm. Mən artıq hökumətə bu göstərişi vermişəm", - deyə Putin bildirib. 

Rusiya Kommunist Partiyasının lideri Gennadi Zyuqanov görüşdə xəbərdarlıq edib ki, fermerlərdən "normal" qiymətə təcili taxıl almadan əkin kampaniyası və gələn ilin məhsulu təhlükə altına düşə bilər.

Qeyd olunur ki, bu qərar Ukraynanın Azov dənizi və Qara dənizdəki Rusiya limanlarını faktiki olaraq blokadaya alması ilə bağlıdır. Bu limanlardan taxıl daşımaq mümkünsüz hala gəlib.

İyul ayında Ukrayna Silahlı Qüvvələri Rusiya taxılının 80%-nin ixrac edildiyi Azov və Qara dənizlərindəki Rusiya limanlarına zərbələr endirməyə başlayıb. Dron hücumları taxıl terminallarını dağıdıb və yüzdən çox gəmiyə zərər vurub. Nəticədə, avqust və sentyabr aylarında Rusiyadan taxıl ixracı 16 illik minimuma düşüb və ötən ilə nisbətən üç dəfə azalıb.

Eyni zamanda, Ukrayna taxıl ixracını bərpa etmək üçün Qara dənizdə atəşkəs təklif edib. Lakin Ukraynanın Aqrar Siyasət Naziri Taras Vısotskinin sözlərinə görə, Rusiya bütün razılaşma variantlarını rədd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol