Menu

BAKI VƏ ABŞERON ARASINDA SƏRNİŞİN GƏMİLƏRİ... - Tıxac probleminin dənizdən həlli mümkündür?

30.09.2026, 09:16
BAKI VƏ ABŞERON ARASINDA SƏRNİŞİN GƏMİLƏRİ... - Tıxac probleminin dənizdən həlli mümkündür?

Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması üçün alternativ hərəkət imkanlarının genişləndirilməsi məsələsi son dövrlər daha çox müzakirə olunur. Bu baxımdan şəhərin və ətraf sahilyanı ərazilərin bəzi istiqamətlərini birləşdirən sərnişin gəmi marşrutlarının yaradılması alternativ nəqliyyat vasitəsi kimi gündəmə gətirilir. Belə marşrutların istifadəyə verilməsi həm sərnişinlərin hərəkət imkanlarını genişləndirə, həm də avtomobil yollarına düşən yükü müəyyən qədər azalda bilər. Lakin bunun üçün marşrutların səmərəliliyi, dayanacaqların yerləşməsi, qiymətlər və infrastruktur imkanları əvvəlcədən araşdırılmalıdır.

Bakı və Abşeronun sahilyanı əraziləri arasında sərnişin gəmi marşrutlarının yaradılması nəqliyyat sıxlığının azalmasına real təsir göstərə bilərmi?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, dəniz nəqliyyatının bu istiqamətdə tətbiqi məsələsi dəfələrlə müzakirə olunub, lakin bunun perspektivli nəqliyyat növü kimi tətbiqi ilə bağlı ciddi yanaşma formalaşmayıb.

Ekspertin sözlərinə görə, məsələ daha əvvəl Xəzər Dəniz Gəmiçiliyi ilə də müzakirə edilib: “Xəzərdə ümumi tektonik vəziyyət, suyun səviyyəsinin qalxıb-enməsi, hava şəraiti və dalğaların hündürlüyü kimi amillər nəzərə alındıqda, bu marşrutların fəaliyyətə başlaması iqtisadi baxımdan baha başa gələ bilər. Eyni zamanda, belə nəqliyyatın davamlı istifadəsi də sual doğurur. Çünki hava şəraiti dəyişən kimi dənizdə dalğaların hündürlüyü artır və bu, nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir”.

O bildirib ki, bu səbəbdən aidiyyəti qurumlar da dəniz nəqliyyatının bu istiqamətdə tətbiqinə perspektivli layihə kimi yanaşmırlar.

Ekspert alternativ variant kimi tramvay nəqliyyatının bərpasını təklif etdiklərini qeyd edib.

Onun sözlərinə görə, bu məsələ dövlət proqramında da nəzərdə tutulub: “Bunun nə dərəcədə effektiv olacağını isə zaman göstərəcək”.

Oğuz Ayvaz

"AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol