Menu

İRAQIN İŞĞALI: Çeyninin izi və müharibənin qiyməti

01.10.2026, 11:21
İRAQIN İŞĞALI: Çeyninin izi və müharibənin qiyməti

2003-cü il martın 20-si. ABŞ və müttəfiqləri İraqa hərbi müdaxiləyə başlayır. Bir neçə həftə sonra Bağdad süqut edir. Səddam Hüseynin rejimi dağılır. Buş administrasiyası bunu təhlükəli diktatorun devrilməsi və Yaxın Şərqdə yeni siyasi düzənin başlanğıcı kimi təqdim edir. Amma müharibənin hekayəsində ilk bombaların kölgəsində qalan, bəlkə də buna görə daha maraqlı olan daha bir fiqur vardı - Dik Çeyni.

Kölgədə qalan Dik Çeyni

Çeyni prezident deyildi. İraqın işğalı barədə son qərarı formal olaraq Buş verdi. Bütün məsuliyyəti bir nəfərin üzərinə yükləmək tarixi sadələşdirmək olardı. Amma Çeynini sadəcə vitse-prezident kimi təqdim etmək də mümkün deyil. Çünki onun siyasi çəkisi tutduğu vəzifədən böyük idi.

İraq müharibəsinin tarixində ən mühüm suallardan biri budur ki, ABŞ kəşfiyyatı nəyi bildiyini düşünürdü və əslində nəyi bilmirdi?

Müharibənin əsas arqumentlərindən biri Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması idi. Çeyni bu arqumenti administrasiyada ən sərt müdafiə edən simalardan biri idi. Sonradan məlum oldu ki, məsələ sadəcə “kəşfiyyat səhv etdi” qədər sadə deyil.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin araşdırmaları göstərdi ki, İraqın kütləvi qırğın silahları və onların istehsalı imkanları barədə qeyri-müəyyən və ziddiyyətli məlumatlar bəzi hallarda daha yüksək əminliklə təqdim edilmişdi. Komitə həm kəşfiyyat qurumlarında, həm də həmin məlumatların siyasi təqdimatında ciddi problemlər müəyyənləşdirdi.

Burada mühüm bir fərqi unutmaq olmaz. Səddam Hüseynin keçmişdə kimyəvi silahlardan istifadə etməsi fakt idi. Amma keçmişdə kimyəvi silah işlətmək başqa nəsnədir, 2003-cü ildə aktiv kütləvi qırğın silahları proqramına sahib olmaq tamam başqa.

Müharibədən sonra ortaya çıxan əsas uçurum da elə bu idi - Vaşinqtonun əminliyi ilə faktların arasında məsafə vardı. 2008-ci ildə Senat Komitəsi prezident və vitse-prezident də daxil olmaqla administrasiya rəsmilərinin bir sıra ictimai bəyanatlarının mövcud kəşfiyyat məlumatları ilə dəstəklənmədiyini açıqladı. Komitə, həmçinin, Məhəmməd Əttanın (11 sentyabr terrorunda adı keçən əsas simalardan biri – A.R.) Praqada İraq kəşfiyyat rəsmisi ilə görüşməsi barədə iddianın kəşfiyyat tərəfindən təsdiqlənmədiyini bildirdi.

Beləliklə, müharibəyə aparan yolda bir təhlükə vardı. Amma həmin təhlükənin ölçüsü ilə bağlı əminlik təhlükənin özündən daha böyük görünməyə başladı.

11 sentyabrdan sonra Birləşmiş Ştatların təhlükəsizlik fəlsəfəsi dəyişmişdi. Sual artıq yalnız real təhlükənin miqyası ilə bağlı deyildi. Başqa bir sual da ortaya çıxmışdı- təhlükə ehtimalı varsa, onu qabaqlamaq olarmı?

Bu məntiq İraqa tətbiq ediləndə təhlükəli nəticəyə gətirirdi. Düşmənin müəyyən imkanlara sahib olması ehtimalı onun həmin imkanlardan istifadə etməsindən əvvəl hərəkətə keçmək üçün əsas sayıla bilərdi. Bu, qərarı sürətləndirir. Amma eyni zamanda şübhəyə ayrılan yeri daraldır. Siyasətdə ən təhlükəli anlardan biri də budur. İnsan artıq bildiyi üçün yox, öz ehtimalını həqiqət kimi qəbul etdiyi üçün əmin olur.

Kino və tarix arasında

Rejissor Adam Makkeyin “Vitse-prezident” filmi İraq savaşını bədii-satirik dillə göstərir. Film tarixi sənəd deyil, Çeyninin siyasi portretinin bədii interpretasiyasıdır. Filmin sonunda Çeyninin dilindən verilən monoloq da tarixi çıxış kimi yox, obrazın siyasi məntiqini ifadə edən bədii səhnə kimi qəbul edilməlidir. Amma səhnənin ortaya qoyduğu sual realdır-təhlükəsizlik naminə verilmiş qərarın özü təhlükəyə çevriləndə məsuliyyət kimə düşür?

“Bizi xilaskar kimi qarşılayacaqlar”

Çeyninin müharibədən bir neçə gün əvvəl dediyi başqa bir cümlə isə sonradan İraq müharibəsi barədə müzakirələrdə tez-tez xatırlanan ifadələrdən birinə çevrildi.

Məşhur jurnalist Tim Russert ondan soruşur ki, əgər iraqlılar amerikalıları xilaskar kimi yox, işğalçı kimi qarşılasalar, uzun və qanlı müharibəyə hazırıqmı?

Çeyninin cavabı belə olur-“İnanıram ki, bizi xilaskar kimi qarşılayacaqlar.”

O, 16 mart 2003-cü ildə “Meet the Press” proqramında iraqlıların Səddam Hüseyndən qurtulmaq istədiyini və ABŞ qüvvələrini xilaskar kimi qarşılayacaqlarına inandığını açıq şəkildə deyirdi. Bu bəyanat sonradan müharibənin post-işğal mərhələsindəki hesablamaları müzakirə edən yazılarda tez-tez nümunə kimi göstərildi.

Çünki Bağdadın süqutu müharibənin sonu olmadı. Əksinə, işğaldan sonra yeni və uzunmüddətli qarşıdurma başladı. İşğaldan sonra yaranan siyasi və təhlükəsizlik boşluğu üsyanın, məzhəb zorakılığının və dövlət institutlarının zəifləməsinin dərinləşməsinə şərait yaratdı. Sonrakı illərdə “Əl-Qaidə”nin İraqdakı qolu gücləndi, daha sonra isə İŞİD-in yüksəlişinə şərait yaradan amillərin bir hissəsi məhz həmin qarışıq dövrdə formalaşdı.

Əlbəttə, bütün bunları yalnız 2003-cü il işğalı ilə izah etmək olmaz. Tarix heç vaxt bu qədər sadə deyil. Amma işğalın yaratdığı siyasi və təhlükəsizlik boşluğunun sonrakı hadisələrə təsir etdiyini də görməzlikdən gəlmək mümkün deyil.

Bir dövlətin rejimini dağıtmaqla həmin dövlətin gələcəyini idarə etmək olmur.

Bəs Çeyninin rolu nə idi? Burada ədalətli olmaq lazımdır. İraq müharibəsi bir nəfərin müharibəsi deyildi. Buş administrasiyasının müxtəlif yüksək vəzifəli şəxsləri, Pentaqon, Dövlət Departamenti, Konqres və kəşfiyyat qurumları prosesin müxtəlif mərhələlərində rol oynadılar. Senat araşdırmaları kütləvi qırğın silahları məsələsində kəşfiyyatın ciddi səhvlərə yol verdiyini, qeyri-müəyyən və ziddiyyətli məlumatların yanlış qiymətləndirildiyini ortaya qoydu. Amma Komitənin öz nəticələrində də prosesin yalnız bir nəfərin iradəsi ilə izah edilə bilməyəcəyi görünürdü. Ona görə Çeynini İraq müharibəsinin tək memarı adlandırmaq düzgün deyil. Amma onu prosesin kənarında dayanmış fiqur kimi təqdim etmək də mümkün deyil.

Çeyninin əhəmiyyəti başqa yerdə idi- o, yalnız təhlükəsizliyi düşünən adamlardan biri deyildi, təhlükəsizlik siyasətinin necə düşünüləcəyinə təsir edən adamlardan biri idi. Bu fərq böyükdür.

Müharibənin başqa hesabı

İraq müharibəsinin hesabı yalnız insan itkiləri, dağılan şəhərlər və xaosdan ibarət deyildi. İqtisadi hesab da vardı. Dik Çeyni vitse-prezident olmamışdan əvvəl Halliburtonun baş icraçı direktoru idi. Çeyni Ağ Evə keçdikdən sonra şirkətin KBR bölməsi İraqda ABŞ hökumətindən böyük həcmli müqavilələr aldı.

Halliburtonun öz hesabatlarına görə, İraqla bağlı ABŞ hökuməti müqavilələrindən əldə olunan gəlir 2003-cü ildə 3,6 milyard, 2004-cü ildə 7,1 milyard, 2005-ci ildə isə 5,4 milyard dollar olmuşdu. Bu, üç il ərzində təxminən 16,1 milyard dollardır. Bu, Halliburtonun gəliri idi, Çeyninin şəxsi qazancı deyil. Lakin Çeyninin şirkətlə əvvəlki və davam edən maliyyə əlaqələri səbəbindən Halliburtonun İraqdakı müqavilələri onun siyasi keçmişi ilə bağlı maraqlar toqquşması barədə suallar doğurmuşdu.

Beləliklə, İraq müharibəsinin bir hesabı Bağdad küçələrində yazıldı. Başqa bir hesab isə müqavilələrdə.

Kim nə qədər qazandı? Kim nə qədər itirdi?

Bu sualların hamısının cavabı eyni yerdə deyil. Amma müharibənin nəticələrini anlamaq üçün bəzən bombaların düşdüyü yerlərlə yanaşı, qərarların verildiyi otaqlara və həmin qərarlardan sonra imzalanan müqavilələrə də baxmaq lazım gəlir.

Və Çeyninin adı məhz buna görə bu hekayədən çıxmır…

Azər Rəşidoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol