Menu

Bu vacib güzəştlərin vaxtı bitir - Vətəndaşı, sahibkarı, fermeri, bank əmanəti olanları nə gözləyir?

01.10.2026, 11:32
Bu vacib güzəştlərin vaxtı bitir - Vətəndaşı, sahibkarı, fermeri, bank əmanəti olanları nə gözləyir?

Son bir neçə ildə Azərbaycanda iqtisadi mühitin və sahibkarlıq fəaliyyətinin daha əlverişli şərtlərlə təmin olunması üçün bir çox vergi güzəştləri tətbiq olunub. Bu güzəştlər insanları bir çox izafi xərclərdən azad edib və ümumilikdə sosial-iqtisadi mühit üçün müəyyən müsbət effektlər verib. Xüsusilə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vətəndaşlarımızın bir çox vergi növlərindən azad edilməsi olduqca müsbət qarşılanıb və bu sahədə son illərdə müşahidə edilən aktivliyi şərtləndirən əsas amillərdən biri də məhz həmin güzəştlər olub...

Lakin bu ilin sonunda sözügedən güzətlərin çoxunun vaxtı bitir. Artıq indidən demək olar ki, hökumət onların müddətini uzatmasa, vətəndaşlar, sahibkarlar, ümumilikdə iqtisadiyyatın ayrı-ayrı sahələri ciddi ziyan görə bilər.

Beləliklə, 2026-cı ilin sonunda başa çatan vergi güzəştləri hansılardır?

Kənd təsərrüfatı

Bu sahədə hüquqi şəxslərin istehsaldan əldə etdikləri mənfəətin, istehsalçıların öz məhsullarının satış dövriyyəsinin ƏDV-dən və hasilatının sadələşdirilmiş vergidən, həmin fəaliyyətdə istifadə olunan əmlakın isə əmlak vergisindən azadolmasının müddəti başa çatır. Hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri və subsidiyaları, həmçinin iştirakçıların bu sahə üzrə dividend gəlirləri üçün nəzərdə tutulmuş müddətli azadolmalar da bitir.

Həmçinin, yerli və xarici mənşəli kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışında ƏDV-nin ticarət əlavəsindən hesablanmasına aid beşillik xüsusi qaydanın müddəti də sona çatır.

Bunlar fermerlər üçün olduqca önəmli güzəştlər idi və onlar uzadılmasa, xüsusilə də ƏDV və sadələşdirilmiş vergi üzrə ödənişlər həm istehsal həcmində, həm də qiymətlərin bahalaşmasında özünü göstərə bilər.

Ərzaqlarla bağlı vergi güzəştləri

Bu ilin sonunda buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, habelə qanunda nəzərdə tutulan heyvan və quş ətinin satışı üzrə ƏDV azadolmalarının müddəti sona çatır. Eləcə də yem və yem əlavələrinin satışına aid ƏDV güzəştinin müddəti bitir. Bu güzəştlər də uzadılmasa, bunun nəticələrini mağazalardakı ərzaq məhsullarının - çörəyin, unun, ətin və s. qiymətində hiss edə bilərik.

Bank əmanətləri üzrə faiz gəlirləri

Güzəşt müddəti bitən sahələr arasında bank əmanətlərindən tutulan faizlər də var. Belə ki, fiziki şəxslərin milli valyutada 18 ay və daha artıq müddətə yerləşdirdiyi, məbləği 18 aydan tez qaytarılmayan əmanətlər üzrə faiz gəlirlərinin tam vergidən azadolmasının müddəti bitir. Yəni, güzəştlər uzadılmasa, vətəndaşın banklardakı əmanətlərdən əldə etdikləri faiz gəlirləri vergiyə cəlb olunacaq. Yalnız aylıq faiz gəlirin 200 manatadək hissəsi vergidən azad olacaq. Çünki onlarla bağlı azadolma müddətsizdir.

Sahibkarların sosial sığorta ödənişləri

Kiçik sahibkarlar da güzəştlərin bitməsindən zərər görə bilərlər. Belə ki, bu ilin sonunda fiziki şəxs olan mikro sahibkarların özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqqının 25 faizini hesablanmış gəlir və ya sadələşdirilmiş vergidən çıxmaq müddəti sona çatır.

Tibbi xidmətlər üçün ƏDV güzəşti

İcbari tibbi sığorta fondunun və qanunda göstərilən fondların vəsaiti hesabına göstərilən tibbi xidmətlərin, eləcə də tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələrinin xidmətlərinin ƏDV-dən azadolma müddəti sona çatır. Tibbi xidmətlər üzrə qanunun tələblərinə uyğun POS-terminal ödənişlərindən formalaşan dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması güzəşti də bitir.

Elektrik avtomobilləri və motosikletlər

Elektrik avtomobilləri üçün ikinci və üçüncü səviyyə enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolması sona çatır. Həmçinin, mühərrikinin həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalına aid aksiz azadolmalarının müddəti də bitir.

Turizmdəki güzəştlər

Turizm sahəsi üçün də bir çox güzəştlərin müddəti sona çatır. Regionlardakı hotellər və sanatoriyalar Bakı, Sumqayıt, Xırdalan və Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində yerləşmə vasitəsi kimi istifadə olunan daşınmaz əmlaklara görə əmlak vergisinin 75 faiz azaldılması güzəşti bitir.

Digərləri

Güzəşt müddəti bitən sahələr arasında beynəlxalq yük daşımaları və hətta zərgərlik sahələrinə aid olan vergilər də var. Zərgərlik istehsalı və emalı üçün avadanlıqların idxalına aid ƏDV azadolması bitir. Bəzi qiymətli metalların, zərgərlik məmulatlarının və almazın idxalına tətbiq edilən güzəştlər də sona çatır.

Göründüyü kimi, yuxarıda qeyd edilən bütün vergi güzəştləri həm iqtisadi fəaliyyət, həm də istehlak qiymətləri sarıdan kifayət qədər vacib əhəmiyyət daşıyır. Hələlik hökumətin bu güzəştlərdən hansını uzadıb-uzatmayacağı məlum deyil. Təəssüf ki, xüsusilə də kənd təsərrüfatı sahəsindəki güzəştlərin uzadılmaması ehtimalı kifayət qədər yüksək sayılır. Əgər onlar uzadılmasa, bunun mənfi nəticələrini tezliklə hiss etmək olacaq.

Lakin istənilən halda, yaxşı olardı ki, bu güzəştlərin taleyi barədə daha öncədən məlumat verilsin və sahibkar, vətəndaş da öz işini bilsin, gələcək planlarını bunun əsasında qursun.

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol