Rusiya hökuməti növbəti üç il üçün – 2027–2029-cu illəri əhatə edən federal büdcə layihəsini Dövlət Dumasına təqdim edib. Baş nazir Mixail Mişustinin imzaladığı sənədə əsasən, qarşıdakı illərdə ölkə maliyyəsinin əsas yükünü kəsir, sosial öhdəliklər və hərbi-təhlükəsizlik tədbirləri təşkil edəcək.
Təqdim olunan sənədə görə, qarşıdakı üç ildə də Rusiya büdcəsi kəsirlə işləyəcək:
2027-ci il üçün gəlirlərin 43,3 trilyon rubl, xərclərin isə 48,8 trilyon rubl olacağı gözlənilir. Büdcə kəsiri təxminən 5,5 trilyon rubl (və ya ÜDM-in 2,2%-i qədər) təşkil edəcək.
2028-ci ildə xərclərin 50,9 trilyon, gəlirlərin 45,8 trilyon rubl, 2029-cu ildə isə müvafiq olaraq 53,9 trilyon və 48,6 trilyon rubl olacağı proqnozlaşdırılır. Hər il üçün büdcə kəsiri 5 trilyon rubldөн çox olaraq qalacaq.
Hökumət baza ssenarisinə əsasən, iqtisadi artımın 2027-ci ildə 1,4%, 2029-cu ildə isə 2,4% təşkil edəcəyini ehtimal edir. Yaranan kəsiri bağlamaq üçün əsas mexanizm kimi daxili borclanmaya üstünlük veriləcək.
Büdcə layihəsində dövlətin əsas xərc istiqamətləri dəqiqləşib. Sənədə əsasən, əsas prioritetlər sırasında müdafiə və təhlükəsizlik ehtiyaclarının təmin olunması, həmçinin Ukraynadakı müharibə iştirakçıları və onların ailələrinə dəstək durur.
Bununla yanaşı, sosialyönümlü xərclərə də geniş yer ayrılıb:
Növbəti illərdə ailələrə və uşaqlı sosial proqramlara ("uşaq büdcəsi" çərçivəsində) 10 trilyon rubldən çox vəsait yönəldiləcək.
2027-ci ildə yaşayış minimumu və əmək haqqının minimum həddi (MROT) 6,8% artırılaraq müvafiq olaraq 20 227 rubl və 28 935 rubl səviyyəsinə çatdırılacaq.
Səhiyyə sahəsinə yalnız 2027-ci ildə 7 trilyon rubldən çox vəsaitin xərclənməsi nəzərdə tutulub.
Ekspertlər qeyd edirlər ki, artan hərbi xərclər və sosial öhdəliklər fonunda dövlət borcunun yükü də sürətlə artır. Cari ilin sentyabr ayına olan məlumata görə, Rusiyanın daxili dövlət borcu 33,2 trilyon rublə çatıb.
Dövlət Duması qanun layihəsini yaxın 60 gün ərzində üç oxunuşda müzakirə edərək qəbul etməlidir.
Rasim
"AzPolitika.info"


Şərhlər