Menu

DİPLOM VAR, İŞ YOXDUR... - Universitet məzunları niyə iş tapa bilmir?

01.10.2026, 09:35
DİPLOM VAR, İŞ YOXDUR... - Universitet məzunları niyə iş tapa bilmir?

Və ya gənclərin işsiz qalmasının əsas səbəbləri nədir: Universitet, yoxsa əmək bazarı?

Azərbaycanda ali təhsil alan gənclərin bir hissəsi universiteti başa vurduqdan sonra ixtisasına uyğun iş tapmaqda çətinlik çəkir. İşəgötürənlərin təcrübə və praktiki bacarıqlara üstünlük verməsi yeni məzunların əmək bazarına daxil olmasını çətinləşdirən amillərdən biri kimi göstərilir. Digər tərəfdən, bəzi ixtisaslar üzrə məzun sayı ilə real iş imkanları arasında uyğunsuzluq yaranır.

Bəs gənclərin iş tapmaqda çətinlik çəkməsinin əsas səbəbi təhsil sistemi, yoxsa əmək bazarının tələbləridir? Universitet məzunlarının əmək bazarına uyğunlaşmasında əsas problem nədən qaynaqlanır? Təhsil müəssisələri ilə işəgötürənlər arasında əlaqənin gücləndirilməsi vəziyyəti dəyişə bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrini bitirən gənclərin bir hissəsinin ixtisasına uyğun iş tapmaqda çətinlik çəkməsi birbaşa təhsil sisteminin struktur və məzmun problemidir.

Onun sözlərinə görə, mövcud vəziyyətə sadəcə əmək bazarının subyektiv tələbi kimi baxmaq olmaz. Əksinə, ali təhsil sisteminin təklif etdiyi kadr profili ilə real iqtisadiyyatın ehtiyacları arasındakı dərin asimmetriya və uyğunsuzluq burada əsas köklü səbəbdir: “Universiteti yeni bitirmiş gənclərin əmək bazarına uyğunlaşmasında fundamental problem təhsil proqramlarının statikliyi və praktiki vərdişlərdən uzaq olmasıdır. Təhsil müəssisələri gənclərə daha çox fundamental və nəzəri biliklər aşılayır, işəgötürənlər isə dərhal tətbiq oluna bilən praktiki bacarıqlara, funksional səriştələrə və komanda işi, çeviklik kimi şəxsi keyfiyyətlərə üstünlük verirlər. Nəticədə, məzun diplomlu mütəxəssis olsa da, real iş mühitinin texnoloji gedişatına adaptasiya ola bilmir və kadr hazırlığı sistemində səmərəlilik aşağı düşür. Mövcud reallıqda dual təhsil modelinin geniş tətbiq olunmaması, dərslərdə hələ də müasir çağırışlara cavab verməyən, daha çox nəzəri və köhnəlmiş mövzularda mühazirələrə yer verilməsi bu qırılmanı daha da dərinləşdirir. Bununla yanaşı, tələbələrin universitet illərində keçməli olduğu istehsalat təcrübələrinin əksər hallarda formal xarakter daşıması, yalnız sənəd üzərində və görüntü xarakterli reallaşması məzunların real iş şəraitindən təcrid olunmasına gətirib çıxarır. Sözügedən problem, eyni zamanda ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqe qazanmasında və qlobal akademik nüfuzunun artırılmasında ən strateji göstəricilərdən biri hesab olunur. Çünki müasir qlobal qiymətləndirmə sistemlərində universitetlərin çəkisi təkcə verdiyi nəzəri biliklərlə deyil, məzunlarının məşğulluq reytinqi və əmək bazarındakı uğurları ilə də ölçülür”.

Ekspert qeyd edib ki, beynəlxalq təcrübədə ali təhsilin əmək bazarına uyğunlaşdırılması universitetlərin qlobal rəqabətliliyini və maliyyə dayanıqlılığını müəyyən edən mərkəzi hərəkətverici qüvvə kimi qəbul olunur: “Dünyanın Oxford, Stanford, MIT və Harvard kimi nüfuzlu universitetləri öz strategiyalarını fərdlərin həyatboyu iş tapmaq qabiliyyətini təmin edən çevik modellər və Tomlinsonun “məzun kapitalı modeli” üzərində qururlar. Bu qlobal təcrübədə universitetlər proqramların effektivliyini ölçmək üçün məzunların karyera trayektoriyasını LinkedIn məlumatları və işəgötürənlərin məmnuniyyət indeksləri vasitəsilə 5-10 illik dövrlərlə izləyirlər. Qərb və Asiya təcrübəsində ali təhsil ocaqlarında aparıcı korporasiyaların rəhbərlərinin və sahə ekspertlərinin daxil olduğu “Tədris Şuraları” fəaliyyət göstərir və biznes mühiti rəqəmsal transformasiya prosesinə daxil olduqca süni intellekt, data analitikası və kibertəhlükəsizlik modulları dərhal bütün kurikulumlara inteqrasiya olunur. Üstəlik, diplomla yanaşı tələbələrə təhsil müddətində təqdim olunan və sənayedə tanınan mikrosertifikatlar gənclərə əmək bazarına daxil olarkən digər namizədlərdən dərhal fərqlənmək üstünvüyü qazandırır.

Ölkəmizdə rəqəmsal transformasiya dövründə bəzi ixtisaslar üzrə plan yerlərinin əmək bazarının real tutumu ilə uzlaşmaması da həmçinin təhsil idarəçiliyi tərəfindən ayrıca tənzimlənməlidir. Bir çox hallarda ənənəvi sahələr üzrə məzun sayı real iş yerlərinin sayını kəskin şəkildə üstələyir, İKT, süni intellekt, kibertəhlükəsizlik, data analitikası və yaşıl enerji kimi inkişaf edən sektorlarda isə əksinə, kəskin kadr qıtlığı yaşanır. Bu cür kəmiyyət və keyfiyyət uyğunsuzluğu əmək bazarında struktur işsizliyini stimullaşdırır və insan kapitalının potensial itkisinə yol açır. Təhsil müəssisələri ilə işəgötürənlər arasında birbaşa və institusional əlaqələrin qurulması mövcud vəziyyəti kökündən dəyişə biləcək ən fundamental amildir”.

İ.Orucov hesab edir ki, ali təhsil artıq qapalı və sadəcə auditoriya mühiti ilə məhdudlaşan bir struktur olmamalıdır. Problemin sistemli həlli üçün universitet-sənaye-dövlət əməkdaşlığı çərçivəsində iri korporasiyaların və dövlət qurumlarının real ehtiyaclarına uyğun dinamik kurikulumlar hazırlanmalı və işəgötürənlər təhsil proqramlarının formalaşdırılmasında birbaşa iştirak etməlidirlər: “Bu prosesdə əmək bazarının aktual tələbləri mütləq nəzərə alınmalı, real sektorun aparıcı praktiki mütəxəssisləri, top-menecerləri və sahə ekspertləri universitetlərin tədris prosesinə, mühazirə və seminar məşğələlərinə geniş şəkildə cəlb edilməlidirlər. Tələbələrin istehsalat təcrübələri görüntü xarakterli olmaqdan çıxarılmalı, təhsil prosesinin son iki ili real layihələrə və birbaşa sahə peşəkarlarının mentorluğuna əsaslanan dual təhsil modeli çərçivəsində müəssisələrdə keçməlidir.

Bununla yanaşı, universitetlərin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzləri müasir əmək bazarının tələblərinə uyğun olaraq məzunların daxili kadr bankını yaratmalı və tələbələrə təhsil müddətində beynəlxalq peşəkar sertifikatlar almaq üçün qrant mexanizmləri təklif etməlidir. Azərbaycanda insan kapitalının inkişafı və gənclərin məşğulluq strategiyası təhsil sisteminin rəqəmsal əmək bazarının tələblərinə sürətli adaptasiyasını şərtləndirir. Gənclərin iş tapmaq problemini mümkün qədər neytrallaşdırmaq, nəzəri mühazirəçilikdən tətbiqi elmi müstəviyə keçmək və yerli universitetlərin qlobal akademik reytinqlərdəki mövqelərini gücləndirmək üçün ali məktəblər yalnız hazır bilik ötürən subyektlər deyil, əmək bazarı ilə paralel şəkildə işləyən, bilik istehsal edən və onu kommersiyalaşdıran innovativ platformalara çevrilməlidir. Yalnız bu halda biz təhsilə qoyulan investisiyaları dövlətin dayanıqlı iqtisadi dividendinə çevirə və yeni nəsil insan kapitalı modelini tam gücü ilə realizə edə bilərik”.

Ekspert sonda vurğulayıb ki, məzunların iş tapan zaman qarşılaşdıqları çətinliklər sadəcə bir məşğulluq problemi deyil, təhsilimizin zamanın çağırışlarına adekvat cavab verə bilməməsinin fundamental göstəricisidir: “Universitetlər artıq sadəcə diplom verən köhnəlmiş nəzəriyyə mərkəzləri olmaqdan xilas edilməli, əmək bazarının nəbzini tutan innovativ platformalara çevrilməlidir. Çünki hazırlıqlı kadr potensialı olmayan heç bir təhsil modeli beynəlxalq arenada rəqabətə tab gətirə bilməz. Biz statik, görüntü xarakterli yanaşmalardan tamamilə imtina edərək, təhsilə qoyulan sərmayəni real iqtisadi dividendlərə çevirməli və ölkəmizin intellektual müstəqilliyini təmin edəcək yeni nəsil insan kapitalı modelini rəqəmsal dövrün tələblərinə uyğun olaraq tam gücü ilə işə salmalıyıq”.

Oğuz Ayvaz

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol