Menu

RUSİYADAN PUL ÇIXARMAQ ÇƏTİNLƏŞİR – Azərbaycana təsiri necə olacaq?

01.10.2026, 11:04
RUSİYADAN PUL ÇIXARMAQ ÇƏTİNLƏŞİR – Azərbaycana təsiri necə olacaq?

Rusiyadan 1 milyon rubldan çox Rusiya valyutası çıxarmaq qadağan edilir. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin yeni fərman imzalayıb. Yeni məhdudiyyətlər Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana şamil edilir.

Bəs bu qərar Azərbaycana necə təsir göstərə bilər? Bu təsirlərdən yan keçmək üçün hansı addımları atmalıyıq?

Mövzunu "Azpolitika"ya şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskvaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar və onların ölkəyə təsiri müzakirə mövzusudur:

"Hazırda Rusiya iqtisadiyyatına müəyyən təzyiqlərin olduğu görünür. Xüsusilə, Qərbin tətbiq etdiyi sanksiyalar müxtəlif sahələrə təsirsiz ötüşmür. Lakin bu təsirin bütün iqtisadi sahələrdə eyni səviyyədə olduğunu demək doğru deyil.

Rusiya iqtisadiyyatının bəzi istiqamətlərində ciddi problemlər müşahidə olunsa da, digər sahələrdə vəziyyət nisbətən sabitdir. Buna görə də Rusiyanın iqtisadiyyatının tamamilə böhran vəziyyətində olduğunu söyləmək düzgün sayılmaz.

Sanksiyaların təsiri Azərbaycan üçün də müəyyən əhəmiyyət daşıyır. Çünki Azərbaycanla Rusiya arasında iqtisadi və ticarət əlaqələri kifayət qədər genişdir. Rusiyada baş verən iqtisadi dəyişikliklər müəyyən formada Azərbaycana da təsir göstərə bilər.

Azərbaycan artıq bu təsirləri müəyyən sahələrdə hiss edir. Xüsusilə, ticarət əlaqələrində, idxal və ixrac proseslərində, eləcə də digər iqtisadi istiqamətlərdə dəyişikliklər müşahidə oluna bilər. Bu baxımdan Azərbaycan yaranan yeni iqtisadi şəraitə uyğunlaşmalı və mümkün riskləri əvvəlcədən nəzərə almalıdır. Eyni zamanda, iqtisadi əlaqələrin şaxələndirilməsi və alternativ bazarlarla əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır".

Ekspertin sözlərinə görə, Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri davam edir:

"Lakin mövcud geosiyasi və iqtisadi şərait nəzərə alınaraq, ölkənin digər istiqamətlərdə də iqtisadi imkanlarını genişləndirməsi vacibdir. Nəticə etibarilə, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Azərbaycan iqtisadiyyatına təsiri prosesin necə inkişaf etməsindən və iki ölkə arasındakı iqtisadi əlaqələrin gələcək vəziyyətindən asılı olacaq".

Politoloq Oqtay Qasımov isə açıqlamasında bildirib ki, bu qərar müəyyən ölkələrə qarşı tətbiq olunan məhdudiyyətlər çərçivəsində atılmış addımdır:

"Eyni zamanda, Rusiyada yaşayan vətəndaşların ölkədən nağd pul çıxarması məsələsinə də təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, Rusiyada bir neçə milyon azərbaycanlı yaşayır. Onların böyük bir hissəsi Azərbaycanda yaşayan yaxınlarına müxtəlif yollarla vəsait göndərir. Bu baxımdan, yeni qaydalar müəyyən qədər həmin şəxslərə və pul köçürmələrinə təsir edəcək. Nağd pulun ölkədən çıxarılması ilə bağlı məhdudiyyətlər müəyyən çətinliklər yarada bilər. Bunun Azərbaycana təsirlərinin isə bir qədər sonra daha aydın şəkildə ortaya çıxacağını düşünürəm. Hesab edirəm ki, Azərbaycan mümkün təsirləri azaltmaq üçün alternativ mexanizmlər üzərində işləməlidir. Xüsusilə, Rusiyada yaşayan azərbaycanlıların Azərbaycandakı yaxınlarına vəsait göndərməsi üçün alternativ maliyyə mexanizmlərinin yaradılması vacibdir. Bu istiqamətdə mümkün məhdudiyyətlərin təsirlərini azaltmaq üçün qabaqlayıcı tədbirlər görülməlidir. Yeni qaydaların Azərbaycana təsirinin miqyası isə onların necə tətbiq olunacağından və sonrakı mərhələdə hansı qərarların qəbul ediləcəyindən asılı olacaq".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol