Dünya Bankı Qrupunun Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına 2027-ci ilin iyul ayına qədər 1,2 milyard dollar həcmində yeni investisiya öhdəliyi götürmək niyyətini bəyan etməsi, regionun nəqliyyat-logistika arxitekturasında mühüm dönüş nöqtəsidir.
Bu elan təkcə bir maliyyə institutusunun kapital ayrılışı deyil, geopolitik gərginliklərin və qlobal tədarük zəncirindəki qeyri-müəyyənliklərin fonunda Avrasiyanın mərkəzi nəqliyyat arteriyasına verilən yüksək beynəlxalq etimadın göstəricisidir.
Roland Praysın açıqlamasındakı ən diqqətçəkən məqamlardan biri Dünya Bankının təkbaşına hərəkət etməməsi və bu investisiyaların böyük bir multiplikator (çoxalma) effekti yaratmasıdır.
Qeyd edək ki, hazırda Dünya Bankının Orta Dəhliz üzrə qüvvədə olan öhdəliklərinin portfeli artıq 6,9 milyard dollara çatır. Bankın maliyyə zəmanəti və iştirakı beynəlxalq maliyyə təşkilatları ilə özəl investorlardan əlavə 9,35 milyard dollar birgə maliyyələşməyə imkan yaradır. Layihəyə daxil olan ölkələrin hökumətləri isə öz daxili resursları hesabına daha 2,2 milyard dollar əlavə kapital ayırır.
Bu rəqəmlər göstərir ki, Dünya Bankının ayırdığı hər 1 dollar Orta Dəhliz boyunca xüsusi və dövlət sektorundan dəfələrlə çox institusional investisiyanı hərəkətə gətirən "katalizator" rolu oynayır.
Transxəzər Nəqliyyat Marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası” hesabatındakı proqnozlar göstərir ki, Orta Dəhliz yaxın iki onillikdə böyük transformasiya mərhələsinə daxil olur. 2040-cı ilə qədər marşrut boyunca ümumilikdə 55 milyard dollardan çox vəsaitin yatırılması tələb olunur.
Fiziki infrastruktur (25 milyard dollar+): Dəmir yolu şəbəkələrinin genişləndirilməsi, Xəzər dənizindəki limanların (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Kurık, Aktau) buraxılış gücünün artırılması və avtomobil yollarının modernləşdirilməsi.
“Təminedici” inteqrasiya investisiyaları (30 milyard dollar): Bu investisiya faktiki olaraq koridorun "qan damarları" sayılır. Bura yalnız əsas magistral deyil, dəhlizi daxili iqtisadiyyatlara birləşdirən yollar, daxili logistika terminalları, yeni lokomotiv və vaqon parkları, yükləmə-boşaltma texnikaları və ən əsası – vahid rəqəmsal gömrük/logistika platformaları daxildir.
Bu bölgü onu göstərir ki, təkcə rels döşəmək və ya liman tikmək kifayət etmir; yüklərin hərəkət sürətini ləngidən bürokratik və rəqəmsal maneələrin aradan qaldırılması da maliyyələşmənin əsas hədəfidir.
Dünya Bankının bu investisiya siyasəti Cənubi Qafqazın əsas logistika qovşağı olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:
Bakı Limanı və Abşeron Logistika Mərkəzi:Şərq-Qərb yük axınının kəsişmə nöqtəsində yerləşən Azərbaycanın Xəzərdəki dəniz infrastrukturu və dəmir yolları (Bakı-Tbilisi-Qars daxil olmaqla) bu maliyyə axınından birbaşa faydalanacaq. Nəqliyyat və logistikanın inkişafı Azərbaycanın ÜDM-də qeyri-neft payını artırmaqla yanaşı, ölkənin tranzit gəlirlərini dəfələrlə yüksəldəcək.
Ermənistanın Zəngəzur dəhlizi və ya digər kommunikasiya xətləri ilə bağlı qeyri-müəyyənliklər saxladığı bir şəraitdə, Azərbaycan artıq hazır olan infrastrukturu ilə Dünya Bankı və beynəlxalq konsorsiumların əsas tərəfdaşı statusunu daha da möhkəmləndirir.
Roland Praysın açıqladığı 1,2 milyard dollarlıq yeni öhdəlik Orta Dəhlizin sadəcə regional alternativ deyil, Şimal və Cənub dəhlizlərinə qarşı Avrasiyanın ən etibarlı, təhlükəsiz və sürətli əsas ticarət arteriyasına çevrilməsi prosesini sürətləndirir.
Dünya Bankının dəstəyi ilə yatırılan bu milyardlarla dollarlıq kapital Xəzər dənizi və Cənubi Qafqaz regionunu qlobal ticarət şəbəkəsinin əvəzolunmaz halqasına çevirməkdədir.
E.Rüstəmli
“AzPolitika.info”


Şərhlər