Menu

Vergi Məcəlləsinə genişmiqyaslı dəyişikliklər – Bu sahələrə güzəştlər müəyyən edilir

02.10.2026, 13:52
Vergi Məcəlləsinə genişmiqyaslı dəyişikliklər – Bu sahələrə güzəştlər müəyyən edilir

Azərbaycanda rəqəmsal iqtisadiyyatın, texnoloji sahibkarlığın və Vençur kapitalı investisiyalarının təşviqi məqsədilə Vergi Məcəlləsinə genişmiqyaslı dəyişikliklər layihəsi hazırlanıb. Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklər xüsusilə startaplar, IT mütəxəssisləri və investorlar üçün görünməmiş güzəştlər müəyyən edir.

“AzPolitika” xəbər verir ki, qanunvericilik paketi ölkəyə həm xarici kapitalın, həm də yüksək ixtisaslı kadrların cəlb olunmasını stimullaşdırmağı hədəfləyir.

Dəyişikliklərə əsasən, 2027-ci il yanvarın 1-dən aşağıdakı azadolma və güzəştlər tətbiq olunacaq:

-Startaplar və texnologiya subyektləri tərəfindən öz işçilərinə həvəsləndirmə məqsədilə (ESOP - Employee Stock Option Plan mexanizmi) təmənnasız və ya güzəştli şərtlərlə təqdim edilən iştirak payları və ya səhmlər üzrə əldə edilən gəlirlər 10 il müddətinə gəlir vergisindən azad olunur. Bu, yerli IT şirkətlərinə beynəlxalq təcrübəyə uyğun olaraq aparıcı mütəxəssisləri şirkətə ortaq etməklə saxlamasına imkan verəcək;

-Texnoparkların rezidenti olan subyektlərdə çalışan yerli və xarici mütəxəssislərin əməkhaqqından tutulan gəlir vergisi üzrə azadolma müddəti 20 ilə qaldırılır;

-Yüksək texnologiyalar və innovasiya sektoruna cəlb edilən yüksək ixtisaslı xarici mütəxəssislər (miqrantlar) Azərbaycanda fəaliyyət göstərdikləri dövrdə 20 il müddətinə gəlir vergisindən azad edilirlər. Bu addım ölkənin regionda texnoloji "hub"a çevrilməsi strategiyasına xidmət edir.

Hazırda “Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektlərinin innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət və ya gəlir vergisindən azadolma müddəti 3 ildən 7 ilə qaldırılır. Eyni zamanda, startaplara və rezident texnopark subyektlərinə investisiya qoyan investorların dividend və pay satışından əldə etdikləri gəlirlər üzrə də uzunmüddətli vergi azadolmaları tətbiq ediləcək.

Mütəxəssislərin fikrincə, 2027-ci ildən tətbiq olunacaq bu paket Vençur fondlarının və "mələk investorların" Azərbaycan bazarına marağını əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, beyin axınının qarşısının alınması və qonşu ölkələrdən IT mütəxəssislərinin ölkəyə cəlb edilməsi üçün cəlbedici hüquqi çərçivə formalaşacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol