Rəsul Mirhəşimli
Gülüş yaratmaq asandır, amma yadda qalan komediya yaratmaq asan deyil. Tamaşaçını bir neçə saniyə ərzində güldürmək üçün bayağı söz oyunu, kobud ifadə, şişirdilmiş mimika və situasiyanın primitiv təqdimatı kifayət edə bilər. Lakin sənət baxımından komediyanın ölçüsü yalnız salonda və ya ekran qarşısında həmin an yaranan gülüşün gurultusu ilə müəyyənləşmir. Əsl komediya tamaşaçı güldükdən sonra da onun düşüncəsində qalır, gündəlik həyatda qarşılaşdığı hansısa hadisəni başqa gözlə görməsinə səbəb olur, bəzən isə illər keçəndən sonra belə yaddaşdan silinmir. Televiziyada yayımlanan bir sıra komediya proqramlarına münasibətdə isə belə bir sual ortaya çıxır. Biz həqiqətən komediya izləyirik, yoxsa sadəcə müəyyən səs-küy və bayağı söz oyunları vasitəsilə gülməyə məcbur edilirik?
Məsələnin ən düşündürücü tərəfi ondadır ki, bəzi proqramlarda gülüşün özü məqsədə çevrilir. Tamaşaçını güldürmək üçün hadisənin məzmununa, dramaturji quruluşuna, obrazların xarakterinə və satirik fikrin mahiyyətinə ehtiyac qalmır. Kobud ifadə səslənir, zalda və ya ekran qarşısında gülüş yaranır və səhnə bununla başa çatır. Bir qədər sonra növbəti epizod eyni üsulu təkrarlayır. Beləliklə, komediyanın məzmunu yox, gülüşün mexanizmi ön plana keçir. Halbuki yumorun tarixində gülüş heç vaxt yalnız fizioloji reaksiya kimi nəzərdə tutulmayıb. Klassik komediya insanın zəifliklərini, cəmiyyətin qüsurlarını, məişətdəki paradoksları və insan münasibətlərindəki ziddiyyətləri göstərməklə tamaşaçını həm güldürüb, həm də düşündürüb.
Televiziyanın geniş auditoriyaya təsir imkanlarını nəzərə alsaq, burada məsələ artıq yalnız estetik zövq məsələsi olaraq qalmır. Ekrandan yayılan məzmun müəyyən mənada cəmiyyətin dilinə, davranışına və dünyagörüşünə də təsir göstərir. Xüsusilə ailələrin birlikdə izlədiyi proqramlarda işlədilən ifadələr və təqdim olunan davranış modelləri adi əyləncə çərçivəsindən kənara çıxır. Tamaşaçı televiziyada tez-tez eşitdiyi ifadəni gündəlik danışıqda təkrarlamağa başlayırsa, ekran artıq sadəcə hadisəni göstərmir, müəyyən danışıq və davranış vərdişlərinin yayılmasına da vasitəçilik edir. Bu səbəbdən komediya proqramlarının müəllifləri qarşısında müəyyən estetik və mədəni məsuliyyət də dayanır.
Bəzən belə bir arqument səslənə bilər ki, tamaşaçı onsuz da nəyi bəyənirsə, onu izləyir və televiziyanın vəzifəsi yalnız auditoriyanın tələbinə cavab verməkdir. Amma sənətin, xüsusilə kütləvi informasiya vasitələri ilə yayılan sənətin funksiyasını yalnız bazar tələbi ilə məhdudlaşdırmaq doğru olmaz. Əgər tamaşaçı yalnız mövcud zövqünə uyğun məhsulla təmin edilirsə, onda mədəniyyətin inkişaf etdirici funksiyası aradan qalxır. Televiziya tamaşaçının zövqünü yalnız izləməməli, müəyyən mənada formalaşdırmalıdır. Əks halda, keyfiyyətli məzmunun hazırlanması ilə bayağı məzmunun istehsalı arasında heç bir fərq qalmır və ölçü yalnız baxış sayı, reklam gəliri və proqramın kommersiya uğuruna çevrilir.
Komediya sənətinin Azərbaycan təcrübəsinə nəzər saldıqda bu fərqin nə qədər mühüm olduğu daha aydın görünür. Azərbaycan teatrının və səhnə sənətinin yaddaşında elə aktyorlar var ki, onların yaratdığı obrazların və söylədiyi replikaların təsiri yalnız həmin tamaşanın nümayiş olunduğu vaxtla məhdudlaşmayıb. Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Səyavuş Aslan və başqa sənətkarların yaratdığı komediya nümunələri zaman keçdikcə yaddaşdan silinmək əvəzinə mədəni yaddaşın bir hissəsinə çevrilib. Bunun səbəbi yalnız onların tamaşaçını güldürə bilməsi deyildi. Həmin aktyorların təqdim etdiyi obrazlarda həyat vardı, müşahidə vardı, xarakter vardı, dilin imkanlarından istifadə bacarığı vardı. Gülüşün arxasında isə insan və cəmiyyət haqqında müəyyən fikir dayanırdı.
Bu gün nümayiş etdirilən bəzi komediya səhnələrində isə həmin ənənənin izini tapmaq çətinləşir. Obrazların xarakteri əvəzinə tipaj, dramaturji konflikt əvəzinə təsadüfi vəziyyət, incə söz oyunu əvəzinə kobud ifadə, satirik müşahidə əvəzinə şitlik üstünlük qazanır. Nəticədə tamaşaçı həmin səhnəyə baxarkən gülə bilər, amma proqram başa çatdıqdan sonra nəyi izlədiyini xatırlamır. Bu, komediyanın ən mühüm problemlərindən biridir. Çünki sənət əsəri ilə təsadüfi əyləncə arasındakı fərq məhz yaddaşda üzə çıxır.
Bir dəfə yaxınlarımdan birinin ailəsində belə proqramlardan birinin izlənməsinin şahidi oldum. Evdə hamı televizorun qarşısına toplaşır, səhnələrə gülür, bəzən adi bir söz oyunu belə uzunmüddətli gülüş doğururdu. Lakin proqram başa çatdıqdan sonra yaxınlarımdan hansı səhnənin yadda qaldığını soruşduqda konkret cavab ala bilmədim. Bir neçə dəqiqə əvvəl yüksək səslə gülünən epizod artıq xatırlanmır. Bu müşahidə bir çox müasir komediya məhsulunun əsas problemini göstərir, gülüş var, amma yadda qalan heç nə yoxdur. Halbuki sənət yaddaş yaratmalıdır.
Azərbaycan tamaşaçısının əvvəlki nəsilləri arasında bəzi komediya səhnələrinin, obrazların və replikaların bu gün də xatırlanması təsadüfi deyil. Həmin nümunələr zamanın süzgəcindən keçib. Onların bir qismi gündəlik danışıqda ifadəyə, məcazi mənaya, hətta ictimai davranışı xarakterizə edən deyimə çevrilib. Deməli, komediyanın uzunömürlülüyünü təmin edən əsas amil gülüşün şiddəti deyil, yaradılmış obrazın və fikrin həyatla əlaqəsidir. Tamaşaçı özünü, qonşusunu, ailəsini, cəmiyyəti həmin obrazda görəndə komediya artıq sadəcə əyləncə olmaqdan çıxır.
Dil məsələsi də burada ayrıca əhəmiyyət daşıyır. Azərbaycan dili çoxmənalı sözlər, frazeoloji ifadələr, məcazlar, intonasiya və söz oyunu baxımından zəngin imkanlara malikdir. Bu dilin komediya yaratmaq üçün kifayət qədər geniş resursu var. Lakin bəzi səhnələrdə həmin imkanlardan yaradıcı şəkildə istifadə etmək əvəzinə, sözlərin çoxmənalılığından yalnız bayağı assosiasiyalar yaratmaq üçün istifadə olunur. Eyni sözün müxtəlif mənalarından yararlanmaq özü-özlüyündə sənət qüsuru deyil. Əksinə, yüksək səviyyəli komediyanın ən maraqlı vasitələrindən biri məhz sözün gözlənilməz mənasının üzə çıxarılmasıdır. Problem ondadır ki, söz oyunu düşünülmüş dramaturji vasitə olmaqdan çıxıb asan gülüş yaratmaq üsuluna çevriləndə dilin zənginliyi yox, bayağılıq ön plana keçir.
Bununla yanaşı, başqa dildən gələn sözlərin həddindən artıq və bəzən lazımsız şəkildə işlədilməsi də diqqət çəkir. Nümayiş etdirilən səhnələrin bir çoxunda yerli-yersiz rus dilindəki primitiv ifadələrdən istifadə edilir. Burada söhbət Azərbaycan dilində başqa dillərdən alınmış sözlərin mövcudluğunu inkar etməkdən getmir. Dil canlı orqanizmdir və müxtəlif dillərlə qarşılıqlı əlaqədə inkişaf edir. Məsələ başqa dildən gələn ifadənin zərurətdənmi, yoxsa dilin öz imkanlarını işlətmək bacarığının çatışmazlığındanmı istifadə edilməsidir. Əgər bir səhnədə fikri Azərbaycan dilinin ifadə imkanları ilə daha dəqiq, daha gülməli və daha təbii şəkildə çatdırmaq mümkündürsə, bunu kənar sözlərlə əvəz etmək ssenarinin dil baxımından kasadlığını üzə çıxara bilər.
Komediya proqramlarının ssenarilərində müşahidə edilən başqa bir problem də xarici, xüsusilə Türkiyə televiziya məkanında yayımlanan yumor məhsullarının primitiv formada təkrarlanması ilə bağlıdır. Mədəniyyətlər arasında qarşılıqlı təsir təbiidir və başqa ölkələrin sənət təcrübəsindən bəhrələnmək yaradıcılıq prosesinin normal hissəsidir. Lakin təsirlənmək ilə təqlid etmək arasında ciddi fərq var. Başqa mədəni mühitdə yaranmış situasiyanı olduğu kimi götürüb yerli mühitə mexaniki şəkildə köçürmək yaradıcılıq sayıla bilməz. Azərbaycan tamaşaçısının öz sosial münasibətləri, məişəti, tarixi yaddaşı, danışıq tərzi və milli xarakteri var. Komediyanın ən böyük potensialı da məhz bu materialın içindədir.
Əslində, Azərbaycan televiziyasının qarşısında hazır komediya reseptləri axtarmaqdan daha maraqlı imkanlar dayanır. Milli teatr ənənəsinin öyrənilməsi, klassik komediyanın dramaturji prinsiplərinin müasir televiziya formatına uyğunlaşdırılması, aktyor sənətinin imkanlarından istifadə və Azərbaycan dilinin zəngin ifadə vasitələrinin ssenariyə gətirilməsi daha davamlı nəticə verə bilər. Tamaşaçını güldürmək üçün hər dəfə kobud ifadəyə ehtiyac yoxdur. Bəzən bir baxış, bir intonasiya, bir susqunluq, gözlənilməz cavab və ya həyatın içindən götürülmüş kiçik bir detal uzun-uzadı zarafatdan daha güclü komik effekt yarada bilər.
Satiranın imkanları isə bundan daha genişdir. Satira yalnız gülüş yaratmaq üçün deyil, cəmiyyətin özünə güzgü tutmaq üçün mövcuddur. İnsan öz qüsurunu görüb gülə bilirsə, həmin gülüşün arxasında müəyyən düşüncə də yaranır. Yaxşı satira tamaşaçını alçaltmır, onu sadəcə bayağı zarafatın obyektinə çevirmir. Əksinə, tamaşaçıya öz həyatını kənardan müşahidə etmək imkanı verir. Bu mənada komediya ciddi sənət formasıdır və onun sadəcə “əyləncə proqramı” kimi qəbul edilməsi həmin janrın imkanlarının kiçildilməsi deməkdir.
Bu gün Azərbaycanda yeni komediya dili yaratmaq üçün kifayət qədər material var. Cəmiyyət dəyişir, münasibətlər dəyişir, texnologiya insanların davranışına təsir edir, müxtəlif nəsillərin dünyaya baxışı arasında fərqlər yaranır. Bütün bunlar satira və yumor üçün zəngin mövzular yaradır. Gündəlik həyatın özündə o qədər paradoks, ziddiyyət və komik vəziyyət var ki, bunları görmək üçün süni bayağılığa müraciət etməyə ehtiyac qalmır. Bunun üçün sadəcə müşahidə etmək, yazmaq, dramaturji qurmaq və aktyorun sənət imkanlarına güvənmək lazımdır.
Əsl komediya tamaşaçını yalnız güldürmür. O, tamaşaçıya özünü və ətrafındakı dünyanı bir qədər fərqli görmək imkanı verir. Gülüş bitdikdən sonra tamaşaçı düşünməyə başlayırsa, həmin gülüş artıq sənət hadisəsinə çevrilir. Əgər proqram bitən kimi səhnələr də yaddaşdan silinirsə, burada komediyanın sənət kimi imkanları haqqında ciddi suallar yaranır. Azərbaycan tamaşaçısının keçmişdən gələn zəngin teatr və komediya yaddaşı göstərir ki, bizim cəmiyyətimiz yalnız səs-küylü və bayağı gülüşə məhkum deyil. Əksinə, yadda qalan obraz, dəqiq müşahidə, zəngin dil, güclü aktyor oyunu və düşünülmüş satira üçün ciddi tamaşaçı potensialı var.
"AzPolitika.info"


Şərhlər