Rəsul Mirhəşimli
Bəzən bir insanın həyatını onun gördüyü işlərin siyahısı ilə anlatmaq mümkün olmur. Çünki bəzi ömürlər sadəcə yaşanmır, həm də bir dövrün yaddaşına çevrilir. Belə insanların keçdiyi yolun başlanğıcında bir kənd, bir ailə, bir uşaqlıq xatirəsi dayanır, sonrakı mərhələlərində isə həmin xatirələr böyüyərək sənətə, Vətənə, tarixə və gələcəyə münasibətə çevrilir. Əməkdar mədəniyyət işçisi, xalçaçı-rəssam Fazil Abasquluzadənin həyatına baxanda da belə bir mənzərə görünür.

Qubadlının əsrarəngiz təbiəti olan kəndində dünyaya göz açan bu insanın uşaqlığı zəhmətin, halal əməyin içində keçib. Zəhmətkeş ailədə böyüyən Fazil Abasquluzadə üçün həyatın dəyəri yalnız əldə edilən nəticələrlə ölçülməyib. Əmək, ailəyə bağlılıq, doğma yurda sədaqət, insanın öz işinə məsuliyyəti onun xarakterinin formalaşdığı əsas mühit olub. Vətənpərvərlik də sonradan öyrənilmiş bir ifadə deyil, uşaqlıqdan ailə və mühit vasitəsilə mənimsənilən həyat anlayışına çevrilib. Bəlkə də elə buna görə onun sənətində xalça heç vaxt yalnız xalça olmayıb.
Azərbaycan xalçasının sirri ondadır ki, bu sənət susaraq danışır. Onu oxumaq üçün hərfləri bilmək kifayət etmir, rənglərin dilini, naxışların yaddaşını, ilmələrin səbrini duymaq lazımdır. Bizim qədim xalçalarımıza diqqətlə baxanda orada yalnız həndəsi fiqurlar və rəng uyğunluğu görmürük. Bir xalqın dünyaya baxışını, sevincini, kədərini, inancını, arzusunu və qorxusunu da oxumağa çalışırıq.

Xalça toxuyan insan bəzən sözlə deyə bilmədiyini ilməyə danışdırıb. Bu mənada xalça onun toxuyanın öz düşüncəsini, hisslərini və dünyaya baxışını ilmələrə həkk etdiyi bir məktubdur. Keçmişdən bizə gəlib çatan xalçalar dünən yaşayan insanların bu günümüzə göndərdiyi məktublardırsa, bu gün toxunan xalçalar da gələcəyə ünvanlanan məktublardır. Onların ünvanına hələ yüz illər sonra baxacaq insanlar həmin ilmələrin arasında bizim kim olduğumuzu, nəyə inandığımızı, hansı ağrılardan keçdiyimizi və nələri qorumağa çalışdığımızı axtaracaqlar.
Azərbaycan xalçaçılığının möhtəşəmliyi də buradadır. Bu sənətin zənginliyi haqqında danışarkən 114 rəqəmi ilə bağlı simvolik yanaşma da diqqət çəkir. Qurani-Kərimin 114 surədən ibarət olması məlumdur və Azərbaycan xalçaçılığında çeşnilərin çoxluğu haqqında danışarkən 114 çeşni növünün Qurani-Kərimin surələrinin sayını simvolizə etməsi xalq yaddaşında sənət, inanc və mənəviyyat arasındakı yaxınlığın ifadəsi kimi təqdim olunur.
Lakin bütün bu zəngin ənənənin içərisində bir həqiqəti də unutmaq olmaz. Azərbaycanda xalçaçı rəssamlar barmaqla sayılacaq qədər azdır. Çünki xalçaçı olmaqla xalçaçı-rəssam olmaq eyni şey deyil. Birində sənətin texniki tərəfi, digərində isə rəssam təfəkkürü ilə toxuculuğun bir-birinə qovuşması əsasdır. Rəssam əvvəlcə gördüyünü və düşündüyünü təsəvvür edir, sonra onu rəngə, xəttə, kompozisiyaya çevirir. Xalçaçı-rəssam isə bütün bunların üzərinə ilmənin məsuliyyətini əlavə edir.

Fazil Abasquluzadənin yaradıcılıq yolunu fərqləndirən cəhətlərdən biri də məhz budur. O, Qubadlıdan çıxıb sənətə gələn bir rəssam kimi yoluna təsviri sənətin imkanları ilə başlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində aldığı təhsil onun rəssam kimi formalaşmasına mühüm təsir göstərib. Lakin İsmayıllıda qarşılaşdığı xalça mühiti onun qarşısında başqa bir qapı açıb. Lahıc xalçaçılıq məktəbinin ənənələri ilə tanışlıqdan sonra rəssamın düşüncəsində bir sual yaranıb, çəkilən təsvir niyə yalnız kağızda və kətanda qalsın, onu xalçanın yaddaşına köçürmək olmazmı?
Sonralar bu sual onun yaradıcılıq yolunun əsas istiqamətlərindən birinə çevrilib. Fazil Abasquluzadənin həyatında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlləri də ayrıca bir mərhələdir. 20 Yanvar faciəsinin yaratdığı sarsıntı onun sənət düşüncəsindən yan keçməyib. Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının təsiri ilə meydana gətirdiyi kompozisiya həmin dövrün ictimai-mədəni mühitində diqqət çəkib. Bu faktın özü göstərir ki, onun üçün sənət həyatdan kənarda dayanan seyrçi mövqe deyil.
Daha sonra Qarabağ müharibəsi onun həyatına başqa bir məsuliyyət gətirib. O, Vətənin ağır günlərində könüllü olaraq döyüşlərdə iştirak edib. Bu məqam Fazil Abasquluzadənin bioqrafiyasında sadəcə hərbi xidmət faktı kimi görünə bilməz. Çünki sonrakı yaradıcılığına baxanda həmin illərin onun dünyagörüşündə iz buraxdığını görmək mümkündür. Torpaq onun üçün artıq xəritədə müəyyən edilən coğrafi məkan deyil, insanın özünü aid hiss etdiyi mənəvi ünvandır.
Azərbaycan düşüncə tarixində Vətən və tarix məsələsi həmişə insanın yaddaşı ilə əlaqələndirilib. Abbasqulu ağa Bakıxanovun tarixə münasibətində keçmişin öyrənilməsi və gələcək nəsillərə çatdırılması mühüm yer tutur. Onun düşüncə dünyasında insanın öz keçmişini bilməsi yalnız tarixi məlumat toplamaq deyil, mənəvi məsuliyyət məsələsi idi. Bu baxımdan, Fazil Abasquluzadənin sənətində tarixin xalça üzərində yaşadılması da eyni yaddaş ehtiyacının başqa bir ifadəsi kimi görünür.
Fazil Abasquluzadənin sənətində tarix yalnız kitab səhifələrində qalmamalıdır, yaddaşın başqa daşıyıcılarına da çevrilməlidir. Xalça isə bunun üçün bəlkə də ən səbrli yaddaş formalarından biridir. Bir rəssamın çəkdiyi əsər bir neçə baxışdan sonra yaddaşda qala bilər, xalça isə onun hər ilməsini qoruyaraq zamanın içindən keçir. Kağız köhnələ bilər, boya solğunlaşa bilər, yaddaş zəifləyə bilər, amma düzgün qorunan xalça bir neçə nəslin qarşısında dayanıb öz hekayəsini danışa bilər.
Fazil Abasquluzadənin əsərlərinin mahiyyətində bu düşüncə xətti aydın görünür. O, müxtəlif tarixi şəxsiyyətləri, ədəbi simaları, milli mövzuları və Qarabağla bağlı düşüncələri xalça kompozisiyalarında ifadə edib. Onun yaradıcılığında Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Paşa Qəlbinur kimi söz adamlarının obrazları ilə yanaşı, “Odlar Yurdu”, Novruz və Qubadlı mövzuları da yer alıb. Bu seçimlər təsadüfi deyil. Çünki onun xalçalarında portret bəzən bir insanın simasını deyil, həmin insanın daşıdığı mənəvi yükü ifadə edir.
Fazil Abasquluzadənin yaradıcılığında Qubadlı ayrıca yerdə dayanır. İnsanın doğulduğu yerə bağlılığı haqqında çox danışmaq olar, amma doğma torpağa bağlılığın həqiqi ölçüsü sözlərdə deyil, insanın həmin torpaq üçün nə etdiyində görünür. Qubadlı işğaldan azad olunandan sonra Fazil Abasquluzadənin doğma rayonla bağlı fəaliyyətini yalnız nostalji hisslərlə izah etmək mümkün deyil. O, Qubadlıya qayıdış prosesində ictimai təşəbbüslərdə iştirak edib, doğma rayonun yenidən qurulması ilə bağlı işlərə dəstək göstərib. Quşçu İmamzadəsi istiqamətində yolun çəkilməsi, ərazinin abadlaşdırılması və bərpası ilə bağlı görülən işlərdə onun da iştirakı bu bağlılığın konkret nümunələrindəndir.
Vətən sevgisi Fazil Abasquluzadə üçün mərasimlərdə söylənilən söz deyil, onun gündəlik həyatının normasına çevrilib. Bəlkə də onun Qubadlı ilə bağlı gördüyü işlərin böyüklüyü də elə buradadır.

Nizami Gəncəvinin düşüncə dünyasında insanın kamilliyi, əmək, elm, mərdlik və mənəvi məsuliyyət bir-birindən ayrı anlayışlar deyildi. Nizami irsinin tədqiqatçıları da onun yaradıcılığında əməksevərlik, vətənpərvərlik və mənəvi kamillik ideyalarının mühüm yer tutduğunu qeyd edirlər. Bu baxımdan, Fazil Abasquluzadənin həyatında sənətlə zəhmətin yanaşı addımlaması diqqət çəkir. O, bir tərəfdən xalçaçı-rəssam kimi işləyib, digər tərəfdən pedaqoji fəaliyyət göstərib, gənclərə xalça sənətinin incəliklərini öyrədib. Deməli, onun sənət anlayışında yaratmaq qədər öyrətmək də mühüm olub.
Bəlkə də əsl sənətkarın ömrünün davamı elə budur: özündən sonra yalnız əsərlər qoymaq yox, həmin əsərləri yarada biləcək insanları da yetişdirmək. Fazil Abasquluzadənin Sumqayıtdakı fəaliyyəti bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Şəhər onun üçün yalnız yaşayış məkanı olmayıb. Burada uzun illər ərzində emalatxana, yaradıcılıq mühiti və yeni ideyaların meydana çıxdığı sənət məkanı formalaşıb.
Onun Tahir Salahovun əsərlərini xalça sənətinin dili ilə yenidən qurmaq üzərində uzun müddət işləməsi də ənənə ilə müasir təsviri sənətin qarşılaşmasının maraqlı nümunəsidir. Təxminən səkkiz il davam edən bu iş nəticəsində böyük rəssamın çoxsaylı monumental əsərləri xalçanın ifadə imkanları daxilində yenidən düşünülüb. Burada yalnız bir əsəri başqa materiala köçürməkdən söhbət getmir. Burada iki sənət dünyasının görüşündən söhbət gedir. Bir tərəfdə kətan, rəng, fırça və təsvir, digər tərəfdə hana, sap, ilmə və çeşni yer alır. Fazil Abasquluzadə bu iki dili bir-birinə yaxınlaşdırmağa çalışıb.
Bu, asan iş deyil. Çünki xalça rəssamdan yalnız istedad yox, səbr də tələb edir. İlmə tələsik vurulmur, rəng özbaşına seçilmir, kompozisiya təsadüfən yaranmır. Hər bir detal bütövün içində öz yerini tapmalıdır. Bəlkə də Fazil Abasquluzadənin zəhmətkeş ailədə böyüməsinin sənətinə təsiri məhz burada üzə çıxır. Zəhmətə öyrəşmiş insan üçün uzun illər davam edən bir yaradıcılıq işi qeyri-adi görünmür. O bilir ki, böyük nəticənin arxasında görünməyən minlərlə kiçik əmək dayanır.

Bu gün Azərbaycanda xalçaçı rəssamların sayının çox olmaması da təsadüfi deyil. Xalça sənətini bilmək başqa, rəssamlıq təfəkkürünü xalçanın texnologiyası ilə birləşdirmək başqadır. Bu iki sahənin kəsişdiyi yerdə isə sənətkarın qarşısında həm estetik, həm texniki, həm də mənəvi məsuliyyət dayanır. Fazil Abasquluzadənin yaradıcılığı həmin azsaylı istiqamətin içində özünəməxsus yer tutur.
Onun xalçalarında insan obrazları var, tarix var, Qarabağ var, Qubadlı var, şəhidlik yaddaşı var, ədəbiyyat var, milli düşüncə var və bütün bunların arxasında bir insanın öz keçdiyi yol dayanır. Bəlkə də buna görə Fazil Abasquluzadənin həyatına yalnız rəssam bioqrafiyası kimi baxmaq doğru olmaz.
İnsan doğulduğu yerdən uzaqda yaşaya bilər, amma doğulduğu yer onun daxilindən uzaqlaşmaya bilər. Qubadlı Fazil Abasquluzadənin həyatında məhz belə bir ünvandır. İllər keçib, uşaqlıq kəndinin görüntüləri dəyişib, tarix ağır sınaqlardan keçib, müharibələr yaşanıb, insanlar köçüb, geri dönüb. Amma bir şey dəyişməyib, o da doğma torpağa bağlılıqdır.
Bu bağlılıq indi onun sənətində də yaşayır. Qubadlıya qayıdış arzusu artıq təkcə xatirə deyil, real həyatın bir hissəsidir. Doğma torpağın bərpasına, insanların qayıdışına, tarixi məkanların yaşadılmasına töhfə vermək isə sənətkarın Vətən qarşısında öz məsuliyyətini başqa müstəviyə daşımasıdır.
Xalça da elə bunu deyir. İlmə-ilmə qurulan naxış bütöv bir mənzərəyə çevrilir. İnsan ömrü də belədir. Bir günün zəhməti ayrıca baxanda kiçik görünə bilər, bir ilin işi də, bir təşəbbüs, bir yol, bir emalatxana, bir xalça, bir şagird də. Amma illər sonra geriyə baxanda bütün bunların bir həyat hekayəsinin parçaları olduğu görünür.
Fazil Abasquluzadənin hekayəsində isə həmin parçalar bir xalça kimi birləşir. Onun uşaqlığı Qubadlı torpağının rənglərini daşıyır, gəncliyi sənətin axtarışlarını, müharibə illəri Vətən məsuliyyətini, İsmayıllı və Lahıc xalçaçılıq ənənəsinin sirlərini, Sumqayıt illəri yaradıcılığın böyük bir mərhələsini, Qubadlı ilə bağlı fəaliyyəti isə doğma torpağa sədaqətin əmələ çevrilmiş formasını.
Bu gün onun emalatxanasında yeni bir xalça yaranarkən əslində yalnız saplar bir-birinə bağlanmır. Bir fikir formalaşır, bir yaddaş qorunur, bir insanın dünyaya münasibəti maddiləşir. Xalçanın sirri də elə bundadır. Xalça danışmır, amma unutmur.
Bəlkə də Fazil Abasquluzadənin sənətinin ən böyük mənası budur. O, öz ömrünü də bir məktuba çevirib. Bu məktubun bir hissəsi Qubadlıya yazılıb, bir hissəsi Azərbaycana, bir hissəsi keçmişə, ən mühüm hissəsi isə gələcəyə.
Çünki qədim xalçalar bizə ulu babalarımızdan qalan məktublardırsa, bu gün toxunan hər bir xalça sabahkı nəsillərə yazılan məktubdur. Fazil Abasquluzadənin ilmələri ilə yazdığı məktubda isə bir fikir xüsusilə aydın görünür, insan öz torpağından uzaqda yaşaya bilər, amma öz torpağına qəlbən bağlanmaqdan uzaq düşməməlidir.
Bəlkə də sənətin əsl böyüklüyü elə bundadır.
P.S. Əməkdar Mədəniyyət işçisi, rəssam Fazil Abasquluzadənin 65 illik yubileyidir. O, sənətinin və yaşının müdrik çağını yaşayır. Yubileyi münasibətilə Fazil Abasquluzadəni bərəkətli ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


Şərhlər