Rusiya ilə sıx əlaqələri ilə tanınan Milorad Dodikin partiyası Bosniya və Herseqovinanın subyekti olan Serp Respublikasında keçirilən seçkilərdə qələbə qazanıb.
İlkin nəticələrə əsasən, Dodikin partiya yoldaşı Jelka Cviyanoviç də Bosniya və Herseqovinanın üçtərəfli Rəyasət Heyətinin Serp üzvü seçilib.
“AzPolitika” xəbər verir ki, Bosniya və Herseqovinada dövlət başçısı funksiyasını yerinə yetirən Rəyasət Heyəti ölkənin üç əsas xalqının - boşnaklar (müsəlmanlar), serpl'r və xorvatların təmsilçilərindən ibarətdir və bu vəzifə səkkizaylıq rotasiya prinsipi ilə növbəli şəkildə icra olunur.
Milorad Dodikin özü isə məhkəmə qərarı ilə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edildiyi üçün seçkilərə qatıla bilməyib.
Buna baxmayaraq, Serp Respublikasında böyük siyasi nüfuzunu saxlayan Dodik partiyasının zəfərindən sonra diqqətçəkən bəyanatla çıxış edib. O, əldə olunan seçki qələbəsinə görə ABŞ Prezidenti Donald Trampa və Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkürünü bildirib.
Bölgədə separatçı bəyanatları və Bosniya dövlətinin mərkəzi institutlarını zəiflətmək cəhdləri ilə tanınan Dodik komandasının bu qələbəsi, Balkanlarda sabitliyin gələcəyi və Qərblə Rusiya arasındakı geostrateji rəqabət baxımından kritik mərhələ kimi qiymətləndirilir.
“AzPolitika.info”


Şərhlər