Son dövrlərdə maaş və gəlirlərdə artımlar müşahidə olunsa da, bir çox vətəndaş ayın sonuna çatanda əvvəlki kimi maddi çətinliklərlə üzləşir. Gəlirlərin artmasına baxmayaraq insanların cibində pulun niyə çatmadığı isə müzakirə mövzusuna çevrilib.
Bəs problemin əsas səbəbi nədir? İnsanlar qazandıqları vəsaiti düzgün idarə edə bilmirlər, yoxsa artan qiymətlər və inflyasiya maaş artımının real təsirini azaldır? Ümumiyyətlə, gəlirlərin artımı ilə bahalaşma arasında hansı əlaqə var?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, insanların cibində pulun niyə çatmamasının konkret bir səbəbi yoxdur:
"Burada inflyasiyanın da təsiri özünü göstərir. İnflyasiya nəticəsində ərzaq məhsullarının qiymətləri sürətlə artır. Ümumilikdə son illərdə inflyasiya 5-6 faiz civarında olub. Amma bu, o demək deyil ki, bütün insanların gəlirləri hər il 5-10 faiz artır. Əsas məsələ insanların gəlirlərinin qiymət artımını kompensasiya edib-etməməsidir. İnsan daha çox qazanmalıdır ki, ən azı öz xərclərini qarşılaya bilsin və müəyyən qədər də vəsait toplayaraq gələcək üçün ehtiyat yaratsın.
Digər tərəfdən, insanların gəlirləri artdıqca onların tələbatları da çoxalır. Əvvəllər reallaşdıra bilmədikləri müəyyən tələbatları artıq qarşılamağa, müxtəlif əşyalar almağa və xidmətlərdən istifadə etməyə başlayırlar.
İnsanların gəlirləri artdıqca onların əvvəlki dövrlərdə reallaşdıra bilmədikləri tələbatları da ortaya çıxır. Bu isə müəyyən məhsul və xidmətlərə olan tələbin artmasına səbəb olur. Tələbat artdıqda isə qiymətlərə əlavə təzyiq yaranır. Yəni burada bir neçə amil rol oynayır. İnflyasiya, gəlirlərin artması, insanların tələbatlarının genişlənməsi, məhsul və xidmətlərin maya dəyərinin dəyişməsi və digər bazar amilləri pulun çatışmamasına təsir göstərir. Amma bütün bunlara rəğmən insanlar öz qazancları ilə tələbatlarını balanslaşdırmağı bacarmalıdırlar. Yəni gəlir artdıqca tələb yüksəlməməlidir. Ən vacib gündəlik tələbat malları alınmalı, mühüm xərclər qarşılanmalı, israfçılığa yol verilməməlidir. Beləcə gələn ay üçün müəyyən vəsaitə qənaət etmək olar. Bu, pulun düzgün idarə edilməsi mexanizmidir".
Milli Məclisin iqtisadi siyaəst, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov isə bildirib ki, maaşların artmasına baxmayaraq insanların pul çatışmazlığı yaşamasının arxasında bir neçə səbəb dayanır:
"Mən bunu birbaşa israfçılıqla əlaqələndirməzdim. Daha çox şəxsi və ailə büdcəsinin düzgün idarə olunmaması ilə bağlı problem olduğunu düşünürəm.
Çünki bu gün hər kəs daha bahalı telefon almaq istəyir. Məsələn, bankdan kredit götürərək iPhone almaq nə dərəcədə zəruridir? Əgər insanın gəliri buna imkan vermirsə, sırf başqalarından geri qalmamaq və ya özünü kiməsə göstərmək üçün borca girərək bahalı telefon almağın məntiqli olduğunu düşünmürəm.
Başqa bir nümunə kimi insanların restoranlarda yeməyə üstünlük verməsinin artmasını göstərmək olar. Təbii ki, restoranda yemək hər kəs üçün problem deyil. Amma özünü kiməsə göstərmək, başqalarından geri qalmamaq və ya müəyyən sosial görüntü yaratmaq üçün borca-xərcə düşərək restoranda oturmaq düzgün yanaşma deyil. İnsan ilk növbədə öz gəlirini və imkanlarını nəzərə almalıdır.
Əlbəttə, bütün insanları bu cür yanaşmada ittiham etmək olmaz. Bu, cəmiyyətin müəyyən bir təbəqəsində olan düşüncə və davranış modelidir. Digər tərəfdən, insanların gəlirlərinin artmasına baxmayaraq, bahalaşmanın da davam etməsi onların real alıcılıq qabiliyyətinə təsir göstərir.
Məsələn, bu gün 50 manata etdiyimiz bazarlığı bir müddət sonra eyni məbləğə etmək mümkün olmaya bilər. Çünki ərzaq və digər məhsulların qiymətləri də sabit qalmır. Nəticədə maaşda müəyyən artım olsa belə, qiymətlərin yüksəlməsi həmin artımın real təsirini azalda bilər.
Təbii ki, qiymət artımlarının bizim iradəmizdən asılı olmayan səbəbləri də var. Xüsusilə xaricdən idxal olunan məhsulların və onların istehsalında istifadə edilən xammalın bahalaşması daxili bazardakı qiymətlərə də təsir göstərir. Ona görə də məsələyə yalnız insanların pulu düzgün xərcləməməsi prizmasından yanaşmaq düzgün olmaz. Burada həm gəlirlərin idarə olunması, həm qiymətlərin artması, həm də digər iqtisadi amillər rol oynayır.
Amma bütün bunlarla yanaşı, biz şəxsi və ailə büdcəmizi düzgün idarə etməyə çalışmalıyıq. İnsan ilk növbədə öz gəlirini və xərclərini bilməli, zəruri və qeyri-zəruri xərcləri bir-birindən ayırmalı, imkanlarından artıq borclanmamalıdır. Maaşın artması avtomatik olaraq maliyyə imkanlarının da artması demək deyil. Əgər xərclər gəlirlərdən daha sürətlə artırsa, insan yenə də ayın sonunda pul çatışmazlığı ilə üzləşə bilər.
Bütün bunlarla yanaşı, dövlət də əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sosial dəstək tədbirləri həyata keçirir. Gələn il də yeni sosial paketin icrası gözlənilir. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında bu məsələyə toxunaraq gələn ildən minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib.
Yəni gələn il də əhalinin pul gəlirlərinin artırılması istiqamətində yeni sosial paketin icra olunması gözlənilir. Bu addım insanların sosial rifahının yaxşılaşdırılmasına və qiymət artımlarının əhali üçün yaratdığı təsirlərin müəyyən qədər azaldılmasına müsbət təsir göstərə bilər.
Ümumiyyətlə, “maaş artır, amma niyə pul yenə çatmır?” sualının tək bir cavabı yoxdur. Burada həm insanların öz büdcələrini necə idarə etməsi, həm qiymətlərin artması, həm istehlak vərdişləri, həm də ümumi iqtisadi proseslər rol oynayır. Əsas məsələ isə gəlirlərin artması ilə yanaşı, insanların maliyyə savadlılığının və düzgün büdcə idarəçiliyinin də yüksəldilməsidir".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər