Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə ölkənin dövlət borcu və maliyyə imkanları barədə danışıb.
Dövlət başçısı Azərbaycanın dövlət borcunun aşağı səviyyədə olduğunu, xarici borcun ÜDM-in cəmi 5,6 faizini təşkil etdiyini bildirib. Prezidentin sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları xarici borcunu təxminən 20 dəfə üstələyir və ölkə istəsə, xarici borcunu bir gündə tamamilə bağlaya bilər.
Rəsmi məlumatlara əsasən, 2026-cı il yanvarın 1-nə Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib. Bu məbləğ 2025-ci ildə ölkənin 129 milyard manatlıq faktiki ÜDM-nin təxminən 20,1 faizinə bərabərdir. Ümumi dövlət borcunun 8 milyard 183 milyon manatı xarici dövlət borcunun, 17 milyard 804,5 milyon manatı isə daxili dövlət borcunun payına düşüb.
Beləliklə, ümumi dövlət borcunun təxminən 31,5 faizi xarici, 68,5 faizi daxili borcdur.
2026-cı il yanvarın 1-nə Azərbaycanın əhalisi 10 milyon 262,4 min nəfər olub.
Ümumi dövlət borcunu əhalinin sayına böldükdə adambaşına təxminən 2 532 manat düşür. 1 ABŞ dollarının 1,70 manat olduğu rəsmi məzənnə ilə bu, təxminən 1 490 ABŞ dolları edir.
Xarici dövlət borcunu ayrıca hesablasaq, adambaşına düşən məbləğ daha aşağıdır: 8,183 milyard manatlıq xarici dövlət borcunun əhali sayına bölünməsi və 1,70 manatlıq məzənnə ilə çevrilməsi nəticəsində təxminən 469 dollar alınır.
OECD-nin ümumi dövlət borcu göstəricilərinə əsasən, 2025-ci ildə ayrı-ayrı ölkələrdə Ümumi dövlət borcunun adambaşına düşən məbləği belə olub:
-ABŞ – 113 348 dollar;
-Yaponiya – 110 667 dollar;
-İtaliya – 94 002 dollar;
-Belçika – 82 089 dollar;
-Fransa – 75 208 dollar;
-Kanada – 74 260 dollar;
-Yunanıstan – 73 078 dollar;
-Norveç – 68 009 dollar;
-İspaniya – 64 457 dollar;
-Avstriya – 64 298 dollar;
-Böyük Britaniya – 61 712 dollar;
-Finlandiya – 59 294 dollar;
-İslandiya – 55 663 dollar;
-İrlandiya – 54 878 dollar;
-Lüksemburq – 50 673 dollar;
-Portuqaliya – 50 037 dollar;
-Almaniya – 47 619 dollar;
-Avstraliya – 46 042 dollar;
-İsveçrə – 42 686 dollar;
İ-srail – 42 219 dollar;
-Niderland – 42 114 dollar;
-Macarıstan – 40 668 dollar;
-Sloveniya – 40 538 dollar;
-Polşa – 39 067 dollar;
-Xorvatiya – 38 374 dollar;
-İsveç – 36 078 dollar;
-Rumıniya – 35 920 dollar;
-Yeni Zelandiya – 35 217 dollar;
-Slovakiya – 33 608 dollar;
-Çexiya – 30 448 dollar;
-Cənubi Koreya – 29 590 dollar;
-Danimarka – 29 078 dollar;
-Latviya – 26 603 dollar;
-Litva – 23 323 dollar;
-Estoniya – 17 707 dollar;
-Çili – 17 705 dollar;
-Meksika – 16 187 dollar;
-Bolqarıstan – 13 684 dollar;
-Türkiyə – 11 812 dollar.

İqtisadçı Natiq Cəfərli "AzPolitika" -ya şərhində Azərbaycanın xarici borcunun aşağı səviyyədə olmasının ölkənin maliyyə dayanıqlığı baxımından müsbət amil olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dünyada xarici borcu ən aşağı olan ölkələr sırasında yer alması ölkənin maliyyə imkanlarının və makroiqtisadi göstəricilərinin dayanıqlılığı baxımından əhəmiyyətlidir.
N.Cəfərli qeyd edib ki, xarici borcun aşağı olması Azərbaycana gələcəkdə zərurət yarandığı halda əlavə xarici maliyyələşmə cəlb etmək imkanı da verir. İqtisadçının fikrincə, yüksək borc yükü olan ölkələrdə isə bu imkanlar daha məhdud olur. Belə ölkələrdə mövcud borcların yüksək səviyyəsi əlavə kredit və maliyyə vəsaiti cəlb edilməsini çətinləşdirə bilər.
“Azərbaycanın xarici borcu kifayət qədər aşağı səviyyədədir. Buna görə də gələcəkdə hər hansı ehtiyac yaranarsa, ölkənin xarici maliyyələşməni artırmaq üçün imkanları və müəyyən mənada manevr sahəsi var. Xarici borc yükü yüksək olan ölkələr isə əlavə borclanma imkanlarını daha çətin reallaşdıra bilirlər”, – deyə iqtisadçı bildirib.
N.Cəfərli hesab edir ki, Azərbaycanın xarici borcunun aşağı səviyyədə olması ümumilikdə ölkənin makroiqtisadi göstəricilərinə müsbət təsir göstərən amillərdən biridir.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər