Menu

“Azərbaycan Prezidenti dəqiq diaqnoz qoyub” - “Supergüc odur ki...” + VİDEO

07.10.2026, 15:50
“Azərbaycan Prezidenti dəqiq diaqnoz qoyub” - “Supergüc odur ki...” + VİDEO

“Nə Rusiya supergüc deyil, nə də Avropa İttifaqı supergüc deyil. Məncə, bu, Azərbaycan Prezidentinin çox dəqiq qiymətləndirməsidir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış rusiyalı jurnalist Maksim Şevçenko RTVI kanalına müsahibəsində deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın son qurultayında “Çin və Amerika dünyanın 2 supergücüdür, üçüncüsü yoxdur”, - deyə bildirmiş və Azərbaycanın hər iki supergüclə strateji tərəfdaşlığının olduğunu qeyd etmişdi. Azərbaycan Prezidentinin bu fikirləri dünya mediasında böyük əks-səda doğurmuş və Rusiyadakı bəzi dairələr, eləcə də rusiyalı mühacir “liberal qüvvələr” tərəfindən narahatlıqla qarşılanmışdı.

Şevçenko isə müsahibəsində bu dairələrin nəzərinə Azərbaycan Prezidentinin haqlı olduğunu çatdırıb: “Rusiyanın informasiya sahəsində bu açıqlama ilə bağlı çoxlu hay-küy var. Amma əslində bu, tamamilə dəqiq bir diaqnozdur. Supergüc nədir? Supergüc sadəcə böyük bir dövlət demək deyil, sadəcə nüvə raketlərinə malik bir güc də deyil. O zaman biz Pakistanı da supergüc kimi tanımalıyıq, məsələn, nüvə silahına malik İsraili də supergüc kimi tanımalıyıq”.

M. Şevçenkonun sözlərinə görə, supergüc gələcəyin konturlarını, gələcək üçün layihələri müəyyən edən bir gücdür: "Bu, sadəcə bir güc yox, bütün imkanları ilə siyasi xəritənin üzərində olan bir gücdür. Hindistan supergüc deyil; bu, sadəcə Rusiya Federasiyası kimi nəhəng, nüfuzlu bir gücdür. Supergüclər zamanın konturlarını, bir dövrün konturlarını formalaşdıranlardır. Sovet İttifaqı supergüc idi. Dünyanın yarısının gələcəyini formalaşdırırdı; məsələn, sosializm, Sovet bloku kimi rəqabətli bir layihə idi. Ayrı bir iqtisadiyyat idi. Amerika Birləşmiş Ştatları supergüc idi və olaraq qalır. Bu gün Çindir. Və ümumiyyətlə, dünya çoxqütblü ola bilməz. Çoxqütblülük yoxdur; bu, özünü aldatmaqdır və ya hansısa təhlükəli illüziyadır".

Qeyd etmək lazımdır ki, Rusiya Prezidenti Vladimir Putin özü də dəfələrlə Rusiyanın supergüc roluna can atmadığını bəyan edib.

Məsələn, 2016-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putin deyib: "Amerika böyük bir gücdür. Bu gün isə yəqin ki, yeganə supergücdür. Biz bunu qəbul edirik".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol