Menu

Cəmil Həsənli ABŞ səfəri haqda geniş açıqlama verdi (Foto)

27.11.2013, 12:46
Cəmil Həsənli ABŞ səfəri haqda geniş açıqlama verdi (Foto)

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ABŞ səfərinin yekunları ilə bağlı bu gün mətbuat konfransı keçirib. RATİ-nin ofisində keçirilən tədbirdə C.Həsənli bildirib: “Ötən on gün ərzində ABŞ-da səfərdə olmuşam. Bu səfər daha öncəki tarixə- noyabrın əvvəlinə nəzərdə tutulmuşdu. Mən Konqresdə, Senatda, müxtəlif insan hüquqları təşkilatlarında, Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu beyin mərkəzlərində görüşlərimiz oldu. Konqresdə noyabrın 15-ə ilk görüşümüz insan hüquqları ilə məşğul olan Lantos qrupu ilə oldu. Bu qrup konqresmen Lantosun adı ilə bağlıdır. Biz seçki məsələlərini müzakirə etdik. Həmçinin ölkədəki siyasi məhbuslarla bağlı müzakirələr oldu. Hazırda həmin qrup Obama administrasiyasına və Azərbaycan hakimiyyətinə siyasi məhbuslarla bağlı müraciətlər hazırlayırlar”.

C.Həsənli həmçinin “Freedom House” İnsan hüquqları təşkilatında da görüşlər keçirib, qurumun rəhbəri Devid Kremerlə görüşüb. ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən hesab olunan Karnegi Fondunda görüşləri olub: “Azərbaycanda seçkilərin doğurduğu sosial, siyasi nəticələr haqqında müzakirələrimiz oldu. Dövlət Departamentinin, Konqresin, Senatın, Pentaqonun, həmçinin müxtəlif nazirliklərin, vacib qurumların nümayənədələri də bu dəyərləndirmələrdə iştirak etdilər. Görüş bir saat vaxt nəzərdə tutulsa da, sualların çoxluğundan, saat yarım davam etdi. Həmçinin Senatın xarici əlaqələr komitəsində, Konqresin təhlükəsizlik komissiyasında görüşlərimiz oldu. Hər iki görüşdə Azərbaycandakı prezident seçkiləri, seçkilərdən sonra Azərbaycandakı vəziyyət, regionda gedən proseslər, Azərbaycanda demokratiyanın durumu və demokratik inkişafın mümkün istiqamətləri barədə fikir mübadiləsi odlu. Xarici əlaqələr komitəsində olan görüşdə senator Feberin ofisinin rəhbərliyi iştirak edirdi. O, belə bir açıqlama ilə çıxış etmişdi ki, Azərbaycandakı seçkilər saxta keçirilib və heç olmasa, siyasi məhbuslar azad edilməlidir. Bu çağırış birmənalı qarşılanmır. Məlumdur ki, ölkədə siyasi məhbuslar saxta ittihamlarla həbs olunublar. Sanki hakimiyyət bu vətəndaşlarını öz girovuna çevirir ki, beynəlxalq təşkilatlarla bu istiqamətdə alver etmiş olsun. Hansısa güzəştlərin edilməsinə nail olsunlar”.

C.Həsənlinin sözlərinə görə, “Amerkanın səsi” radiosunda da görüş keçirib: “Bu qurumun prezidenti ilə görüşdüm. Dünya informasiya xidmətinin ən böyük mərkəzlərindən biridir, ənənəsi olan informasiya qurumudur. “Amerikanın səsi” Amerika siyasətinin dünyada təmin olunması istiqamətində fəaliyyət göstərən ən böyük informasiya mərkəzi olaraq bu gün də fəaliyyətini davam etdirir. O, məni otaqda pəncərənin qarşısına dəvət etdi və buradan Amerika Konqresinin əzəmətli binası görsənirdi. O dedi ki, “Biz onların müəyyən etdiyi siyasəti həyata keçiririk. Ancaq onlar bizə heç vaxt göstəriş vermirlər ki, biz nəyi necə yazaq və nədən yazaq”. Bu, mətbuat, söz azadlığının bir nümunəsi idi. Biz onunla Azərbaycan mətbuatının vəziyyəti barədə də danışdıq”.

Səfərin sonuncu günü isə C.Həsənli keçmiş səfir Riçard Kozlariç, insan hüquqları müdafiəçisi İrina Losota ilə görüşüb. Həmçinin Vilson mərkəzində alim həmkarlarla görüşüb: “Amerika Adminstrasiyasının önəmli şəxslərindən olan Tomas Melia ilə də görüşüm oldu. Ümumiyyətlə, Mili Şuranın uğurlu bir model olduğu Amerika siyasi dairələri tərəfindən də qeyd edildi. Qurumun əldə etdiyi mənəvi qələbənin Azərbaycan cəmiyyəti üçün əhəmiyyəti qeyd edildi”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol