Menu

UKRAYNA ÜÇÜN “DİZEL ŞOKU”... - Nə baş verir?

10.10.2026, 11:57
UKRAYNA ÜÇÜN “DİZEL ŞOKU”... - Nə baş verir?

Enerji atəşkəsi olacaqmı?

"Sülhdən danışdığımız bir vaxtda Amerika Rusiyaya dizel yanacağı ixrac etmək imkanı verir. Bu, milyardlarla dollar deməkdir… Bu, güclü tərəfdaşlar tərəfindən verilən zəif qərardır… Bu, əlbəttə ki, ədalətsizdir, əlbəttə ki, tərəfdaşlığa uyğun deyil… Rusiyanın neft məhsullarını satmasına icazə vermək, müharibəyə investisiya qoymaqdır". 

Bunları Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-nin Rusiya dizelinə qarşı sanksiyaları qaldırması qərarına bildirdiyi münasibətdir.

Ukrayna tərəfi bu qərardan şoka düşdüyünü və bunu özünə qarşı xəyanət hesab etdiyini gizlətmir…

Bəs əslində, nə baş verir?

ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Axios” yazır ki, Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı altı tələbini qulaqardına vurub. Nəşr iddia edir ki, məhz bundan sonra Tramp Vladimir Putinlə “dizel müqaviləsi” bağlamaq qərarına gəlib və bunu dünya bazarındakı dizel çatışmazlığı ilə izah edib. Üstəlik, ABŞ Ukrayna tərəfinə xəbərdarlıq edib ki, Rusiyanın neft emalı zavodlarına zərbələr davam edərsə, Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi dayandırılacaq. Bir sözlə, Ukrayna fakt qarşısında qoyulub…

Adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, bundan öncə Vaşinqton Kiyevdən zərbələri birtərəfli şəkildə dayandırmasını tələb etsə də, Zelenski Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri dayandırması müqabilində neft emalı zavodlarına hücumları dayandırmağı təklif edib. Lakin Tramp bu yanaşmanı “ekvivalent hesab etməyib”.

Kiyev barışmır

Ancaq Ukrayna tərəfi Vaşinqtonun təhdidləri qarşısında hələlik geri çəkilənə oxşamır. Məlum olduğu kimi, Ukrayna nümayəndə heyəti iki günlük səfər üçün Floridaya gəlib. Səfər ərəfəsində Zelenski enerji atəşkəsinin ümumi atəşkəsə doğru ilk addım ola biləcəyinə ümid etdiyini bildirmişdi. Lakin Trampın son “dizel anlaşması” ilə bağlı açıqlamasında hər hansı bir enerji atəşkəsindən söhbət belə getmir. Sadəcə, Rusiyadan dizel yanacağı alışına qoyulan qadağa aradan qaldırılır. Nəyin müqabilində? Bu sualın cavabı açıq qalır.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avropa Komissiyası, Ukrayna və NATO nümayəndələrinin Mayamidəki görüşü Kiyevin gözlədiyi nəticəni verməyib və Ukrayna nümayəndə heyəti ABŞ-nin məlum qərarlarına etiraz olaraq, danışıqalrı tərk edib. Baxmayaraq ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Cared Kuşner Ukrayna tərəfi ilə 8 saatlıq müzakirələr aparıb…


Öz növbəsində Uitkoff yenə həmişəki kimi optimist vədlər verib. Onun sözlərinə görə, danışıqlar qışa hazırlıq, taxıl ixracı, eləcə də Ukrayna və Avropa üçün uzunmüddətli təhlükəsizlik müqavilələri və Ukraynanın müharibədən sonrakı yenidən qurulmasına, o cümlədən AB-yə üzvlüyünə dəstək daxil olmaqla geniş məsələləri əhatə edib. O hesab edir ki, bu danışıqlar növbəti ABŞ-Rusiya görüşündən əvvəl həll edilməli olan məsələlərin müəyyənləşdirilməsinə kömək edib…

Lakin Zelenski bu danışıqlarda Ukrayna komandasının iştirakını “şırma” adlandırıb. Üstəlik, Ukrayna Rusiya neft emalı zavodlarına zərbələrini enerji atəşkəsi əldə olunana qədər davam etdirəcəyini bildirir. Bu barədə Ukrayna hökumətindəki mənbə mediaya məlumat verib: "Ukrayna enerji atəşkəsi olmadığı təqdirdə Rusiya neft emalı zavodlarına hücum etməyə davam edəcək".

Ukrayna mediasının yazdığına görə, Kreml enerji atəşkəsi üçün yalnız dizelə qoyulan qadağanın aradan qaldırılması ilə kifayətlənmək fikrində deyil. Üstəlik, Moskvanın digər sanksiyaların götürülməsini və Qərbdəki yüz milyardlarla dollarlıq dondurulmuş aktivlərinin açılmasını tələb etdiyi iddia olunur.

Eyni zamanda, Uitkoff və Kuşnerin gələn həftənin əvvəlində Moskva və Kiyevə səfərlərinin müzakirə edildiyi bildirilir…

Nəhayət, Trampın Moskva ilə “dizel anlaşması”na getməsi sülhü yaxınlaşdıracqmı? Ukrayna tərəfi belə düşünmür və vəziyyətdən daha yaxşı xəbərdar olan rəsmi Kiyev hesab edir ki, bu cür adddımlar yalnız müharibənin uzanmasına və qarşı tərəfin Ukraynanı məhv etmək üçün maliyyə mənbələrinin daha da güclənməsinə xidmət edəcək…

Bütün bunlar bir daha Ukraynanı sadacə bazarlıq predmetinə çevrildiyi təsiri yaradır və bu cür addımlarla, güzəştlərlə dayanıqlı sülhə nail olunacağı o qədər də inandırıcı görünmür…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol