ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə münasibətini müqayisə edərək, Moskvanın razılaşmaya daha çox meyilli olduğunu iddia edib.
“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam etdirdiyi halda Putinin niyə güzəştə hazır olduğuna dair sualını cavablandıran Ağ Ev rəhbəri belə deyib: "Hesab edirəm ki, onlar bir saziş bağlayacaqlar. Doğrudan da düşünürəm ki, Putin Zelenskidən daha çox razılaşma əldə etmək istəyir".
Elan etdiyi "enerji atəşkəsi"nin pozulmasına toxunan ABŞ Prezidenti hər iki tərəfin qaydaları pozduğunu vurğulayıb. O, Putinin sülh sazişinə varmaqda maraqlı olduğunu, lakin Volodimir Zelenskinin inandırılmalı olduğunu bildirib.
Buna cavab olaraq Ukrayna Prezidenti Kiyevin enerji infrastrukturuna qarşı hücumların dayandırılması təklifini dəstəklədiyini, lakin Rusiyanın bu şərtə əməl etmədiyini açıqlayıb. Zelenski Trampın açıqlamasından dərhal sonra Rusiya qüvvələrinin Xarkov istilik elektrik stansiyasını hədəf aldığını xatırladıb.
Ukrayna lideri atəşkəsin əldə olunmasının və davamlılığının əsasən ABŞ-nin mövqeyindən asılı olduğunu vurğulayaraq, Vaşinqtonu Moskvaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər