Menu

Bayılda uçqun oldu, ancaq təhlükə yenə də qalır

09.01.2015, 20:09
Bayılda uçqun oldu, ancaq təhlükə yenə də qalır

Dünən Bakı və Abşeron yarımadasına yağan qarın əriməsi nəticəsində Bayıl qəsəbəsi, Buxta küçəsi, 212 ünvanındakı iri ölçülü istinad divarının beton bloklarında qabarma və çatlar əmələ gəlib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.

S.Əmiraslanov bildirib ki, baş vermiş hadisə uçqun prosesinin ilkin mərhələsidir: “Buxta küçəsində hündürlüyü 7 metrə yaxın istinad divarı uçqun prosesinə məruz qalsa, ondan 3 metr aralıdakı fərdi yaşayış evi üçün ciddi təhlükə yarada bilər. Həmin ərazidə məcburi köçkünlər məskunlaşıb. Səhv etmirəmsə, orada 6 ailə yaşayır".

S.Əmiraslanov ötən illər ərzində adıçəkilən ərazidə bir neçə dəfə uçqunun baş verdiyini qeyd edib: “Buxta küçəsi yüksək maililiyə malik yamacda yerləşir. Pilləvari küçələrdən ibarət olan ərazidə terraslaşma işləri həyata keçirilib, həmin terraslaşma işlərindən sonra istinad divarlarının və bir-birinə yaxın fərdi yaşayış evlərinin inşası həyata keçirilib. Ötən illər ərzində həmin ərazidə uçqun hadisələri baş verib. Dediyim kimi, fərdi yaşayış evləri uçqun sahəsindən bir neçə metr kənarda aralıda yerləşir ki, bu da çox təhlükəlidir”.

Qeyd edək ki, bu gün Bayılda torpaq sürüşməsi olub. Hadisə Bayıl qəsəbəsi, Buxta küçəsi, 212 ünvanında baş verib. Xəsarət alan olmasa da ərazidəki binaya ciddi ziyan dəyib.

Sakinlərin ANS-ə dediyinə görə, həmin bina Dövlət Neft Şirkətinə məxsusdur. "Əvvəllər orada idarə olub. İndi isə həmin binada 6 qaçqın ailəsi yaşayır".

Sakinlərin sözlərinə görə, həmin ərazidə keçən il də sürüşmə olub: "O zaman da binaya ciddi ziyan dəymişdi. Aidiyyəti orqanlardan gəlib baxdılar. Heç nə etmədilər ki, guya həmin ailələri köçürəcəklər. İndi də yağışlar başlayıb. Burada yaşamaq artıq çox təhlükəlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol