Bir qədər sonra UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq “Sabah” Bakıda Almaniyanın “Borussiya Dortmund” klubunu qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçın baş hakimi ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas olacaq.
Qeyd edək ki, “Sabah” hazırda Liqa mərhələsində 3 xalla 22-ci, eyni xala malik qonaqlar 18-ci pillədə qərarlaşıb. Təcrübə və heyət baxımından daha üstün görünən almaniyalılarla görüşdə təmsilçimizin şansları, oyunun mümkün ssenarisi və komandanın hansı taktika ilə çıxış etməli olduğu maraq doğurur.
Bu barədə idman mütəxəssisi Aslan Kərimov “AzPolitika”ya şərhində “Borussiya Dortmund”un təcrübə, heyət, maliyyə imkanları və çıxış etdiyi çempionat baxımından “Sabah”dan üstün olduğunu bildirib. Bununla belə, o, təmsilçimizin də rəqibə qarşı qol imkanları yaratmaq və müsbət nəticə qazanmaq potensialına malik olduğunu vurğulayıb.

A. Kərimovun sözlərinə görə, Çempionlar Liqasının bu mərhələsində artıq zəif rəqib amilindən danışmaq çətindir. Onun fikrincə, “Borussiya Dortmund” bütün əsas göstəricilər üzrə daha təcrübəli komanda olsa da, bu, “Sabah”ın şanslarının olmadığı anlamına gəlmir: “Düzünü desəm, şansların nə qədər olduğunu demək çətindir. Təbii ki, “Slaviya” ilə müqayisədə “Borussiya Dortmund” daha ciddi rəqibdir. Təcrübə, komandanın heyəti, maliyyə imkanları və çıxış etdiyi çempionat baxımından rəqibimiz bizdən üstündür. Buna görə də oyunun favoriti olmağa daha yaxındırlar”.
A. Kərimov hesab edir ki, “Sabah”ın əvvəlki oyunlardakı çıxışı komandanın güclü rəqiblərə qarşı da hücum imkanları yaratmaq qabiliyyətini göstərir. O, xüsusilə “Mançester Yunayted”lə qarşılaşmanı nümunə gətirərək təmsilçimizin yalnız müdafiəyə çəkilən komanda olmadığını bildirib.
“Çempionlar Liqasının bu mərhələsində zəif rəqib yoxdur. Bununla belə, “Sabah”ın da şansları var. “Mançester Yunayted”lə oyun göstərdi ki, komandamız bütün qüvvəsi ilə müdafiəyə çəkilən, qapalı futbol oynayan kollektiv deyil. Heyətdə elə hücumçular var ki, istənilən rəqibə qarşı qol imkanları yarada və bu fürsətləri reallaşdıra bilərlər”, – deyə ekspert vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, “Mançester Yunayted” üzərində qazanılan 2:0 hesablı qələbə asan əldə olunmayıb. Onun fikrincə, həmin qarşılaşmada tərəflər arasında gərgin mübarizə gedib, hər iki komanda topa nəzarət etməyə çalışıb. Lakin “Sabah” hücum və müdafiə arasındakı tarazlığı daha düzgün quraraq daha effektiv çıxış edib: “Əslində, təcrübəsi bizə yaxın, hətta müəyyən qədər üstün olan komandaya qarşı qalib gəlməyi bacardıq. Ancaq oyun heç də 2:0 hesablı qələbəmiz qədər rahat keçmədi. Rəqib də üzərimizə gəlirdi, topa sahib olurdu. Gərgin və nisbətən bərabər səviyyəli mübarizə izlədik. Həmin oyunda “Sabah” daha effektiv, daha diqqətli və balanslı çıxış etdi. Müdafiə ilə hücum arasındakı tarazlığı düzgün quraraq qalib gəlməyi bacardı”.
A. Kərimov düşünür ki, “Borussiya Dortmund”la görüşdə də “Sabah” üçün əsas məsələlərdən biri müdafiədə kompaktlığı qorumaq olacaq. Bununla yanaşı, komanda hücum imkanları yarandıqda irəli çıxmaqdan çəkinməməlidir. Mütəxəssis hesab edir ki, təmsilçimizin qol şansları olacaq və əsas məsələ həmin fürsətlərdən maksimum yararlanmaqdır.
“Bu dəfə daha ciddi rəqiblə qarşılaşacağıq. Düşünürəm ki, “Mançester Yunayted”lə oyunda olduğu kimi, müdafiədə kompaktlığımızı qorumaq vacibdir. Eyni zamanda, imkan yarandıqda hücuma keçməli və irəlidə daha fəal olmalıyıq. Qol imkanlarımızın olacağını düşünürəm. Əsas məsələ həmin şansları reallaşdırmaqdır”, – deyə idman mütəxəssisi qeyd edib.
A. Kərimov “Sabah”ın “Slaviya”nın öhdəsindən gəlməyi bacardığını xatırladaraq, “Borussiya Dortmund”la görüşdə də eyni yanaşmanın uğurlu olub-olmayacağının meydanda bəlli olacağını bildirib. Bununla belə, o, qarşılaşmaya nikbin yanaşdığını və təmsilçimizin xal qazanmaq şansını yüksək qiymətləndirdiyini deyib: “Bu oyunla bağlı nikbinəm. Hesab edirəm ki, ən azı xal qazanmaq şansımız yüksəkdir. Ancaq “Slaviya” ilə oyunda göstərdiyimiz performansı “Borussiya Dortmund”a qarşı da nümayiş etdirə biləcəyimizi artıq meydan göstərəcək”.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər