Menu

İcra hakimiyyətləri ilə bağlı gözlənilməz təklif – Nələr dəyişəcək?

22.10.2026, 19:24

Azərbaycanda icra hakimiyyətlərinin ləğvi və regionlarda yeni idarəetmə modelinə keçid məsələsi yenidən müzakirə mövzusuna çevrilir. Bəzi mütəxəssislərə görə, mövcud sistemin dəyişdirilməsi bürokratik əngəllərin azalmasına, qərarların daha operativ qəbuluna və idarəetmədə şəffaflığın artmasına şərait yarada bilər. 

Bəs icra hakimiyyətlərinin ləğvi realdırmı? Belə bir addım atılarsa, regionların idarəçiliyində hansı dəyişikliklər baş verə bilər?

Mövzunu "Azpolitika"ya şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, icra hakimiyyətlərinin ləğvindənsə, onların səlahiyyətlərinin artırılması məsələsinə yenidən baxılmalı və bu istiqamətdə yeni mexanizmlər hazırlanmalıdır:

"Ölkədə həm icra hakimiyyətləri, həm də xüsusi nümayəndələr fəaliyyət göstərir. Hər iki qurumun səmərəli işləməsi üçün onların səlahiyyətləri dəqiq müəyyənləşdirilməli, müvafiq imkanlar yaradılmalıdır. Çünki bələdiyyə institutu bizdə zəifdir və yerli özünüidarəetmənin effektiv həyata keçirilməsi mümkün olmur. Odur ki, icra Hakimiyyətlərinə daha geniş səlahiyyətlər verilərsə, bölgələrdə və ayrı-ayrı yaşayış məntəqələrində mövcud problemlərin həlli də asanlaşar. Bu qurumlar yerli əhalinin ehtiyaclarını daha yaxından bildikləri üçün problemlərin müəyyənləşdirilməsində və həllində daha fəal rol oynaya bilərlər. Məncə, ilk növbədə, icra hakimiyyətlərinin əvvəlki səlahiyyətlərinin müəyyən hissəsinin bərpası və fəaliyyət imkanlarının genişləndirilməsi məsələsi nəzərdən keçirilməlidir. Bununla yanaşı, verilən səlahiyyətlərin kağız üzərində qalmaması üçün konkret fəaliyyət mexanizmləri də hazırlanmalıdır".

Millət vəkilinin sözlərinə görə, bu məsələyə kompleks yanaşmaq vacibdir: 

"Sadəcə yeni qurumlar yaratmaq və ya mövcud strukturlarda dəyişikliklər etmək kifayət deyil. Əsas məqsəd yerli idarəetmənin səmərəliliyini artırmaq, icra hakimiyyətlərinin real problemlərin həllində iştirakını gücləndirmək və onların fəaliyyətindən daha müsbət nəticələr əldə etmək olmalıdır".

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol