Ağdaş rayonunda ağır yol qəzası baş verib.
“AzPolitika” xəbər verir ki, Pirəyir kəndi ərazisində Emil Məmmədzadə “Opel” markalı avtomobillə eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi Vasif Həbilovu vurub.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, işıqlandırma cihazı olmayan velosipedlə sutkanın qaranlıq vaxtı, işıqlandırılmayan yolda hərəkət edən V.Həbilov zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb və arxadan gələn “Mercedes” markalı avtomobil onun üzərindən keçib. Velosipedçi hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, 62 yaşlı V.Həbilovun velosiped idarə etmək üzrə vərdişləri olmayıb, lakin o həmin gün ilk dəfə işə çıxdığı müəssisədən evə qayıtmaq üçün velosiped götürüb.
Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini sözügedən faciəli hadisədən düzgün nəticə çıxarmağa, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində hərəkət edərkən işıq cihazlarını işlək vəziyyətdə saxlamağa, işıqqaytarıcı elementlərin yerində olmasına və təmizliyinə nəzarət etməyə, yolun sağ kənar zolağı ilə getməyə, sürmə vərdişləri olmadığı halda yaşayış zonalarından kənara çıxmamağa çağırıb.


Şərhlər