Menu

VARDANYANA GÖRƏ BAKIYA GƏLİRLƏR – Azərbaycanın cavabı necə olmalıdır ?

07.11.2026, 13:38
VARDANYANA GÖRƏ BAKIYA GƏLİRLƏR – Azərbaycanın cavabı necə olmalıdır ?

Bakıda həbsdə saxlanılan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək niyyətində olduğunu açıqlayıb. Bu təşəbbüs mümkün səfərin məqsədi, görüşlərin hansı hüquqi və humanitar çərçivədə keçirilməsi, eləcə də prosesin siyasi müstəviyə daşınması ehtimalları ilə bağlı müzakirələrə yol açıb. 

Bəs belə bir səfər reallaşarsa, Azərbaycan hansı şərtləri irəli sürməli, beynəlxalq ictimaiyyətə öz mövqeyini çatdırmaq üçün hansı diplomatik addımları atmalıdır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Ruben Vardanyan Azərbaycana qarşı bir sıra cinayətlərin birbaşa iştirakçısıdır. İstər vaxtilə işğal altında olan Qarabağ ərazilərində Azərbaycanın sərvətlərinin talan edilməsində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı dinc əhalinin bombalanmasında onun təmsil olunduğu qondarma rejimin məsuliyyəti danılmazdır. 

 Taleh Əliyev qeyd edir ki, Ruben Vardanyan da həmin rejimin rəhbərliyində təmsil olunan şəxs kimi daha ağır cinayət məsuliyyəti daşıyan şəxslərdən biridir: "Hesab edirəm ki, Azərbaycan tərəfi beynəlxalq qadın nümayəndə heyətinin ölkəmizə səfərinə şərait yaratmalı, bu prosesi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil etməlidir. Eyni zamanda, Ombudsman Aparatı, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyası və digər aidiyyəti qurumlar nümayəndə heyəti ilə görüşlər keçirməlidir.

Bu görüşlər zamanı qonaqlara Ruben Vardanyanın Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlər, onun barəsində aparılan məhkəmə prosesi, eləcə də saxlanma şəraiti haqqında ətraflı məlumat verilməlidir. Əminəm ki, Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin diqqətində olan şəxslərin saxlanma şəraiti ilə bağlı narahatlıq doğuracaq hər hansı bir məqamı yoxdur.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının bu prosesdə iştirakını vacib hesab etməyimin digər səbəbi isə beynəlxalq nümayəndə heyətinin diqqətini azərbaycanlı əsir və itkinlərin taleyinə yönəltməkdir. Nümayəndə heyətindən analoji səfərlərin Ermənistanda da təşkil olunmasını tələb etmək lazımdır. Onlardan Ermənistanda və digər ünvanlarda taleyi hələ də məlum olmayan azərbaycanlı əsir və itkinlər barədə məlumatların toplanmasına, bu informasiyaların ailələrinə çatdırılmasına dəstək göstərilməsi istənilməlidir. Eyni zamanda, Bakıda saxlanılan keçmiş qondarma rejim rəhbərlərinin, eləcə də Nikol Paşinyan, Robert Köçəryan və Serj Sərkisyanın məsuliyyəti məsələsi də diqqətə çatdırılmalıdır".

Politoloqun sözlərinə görə, Azərbaycan bu təşəbbüsün qarşısını almaq əvəzinə, ondan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün istifadə etməlidir: "Çünki nümayəndə heyətinə təkcə azərbaycanlı əsir və itkinlərin taleyi deyil, həm də Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasəti, həmin dövrdə ölkəmizin təbii sərvətlərinin talan olunması, Azərbaycan vətəndaşlarının, xüsusilə məcburi köçkünlərin, eləcə də Ermənistandan qaçqın düşən soydaşlarımızın hüquqlarının pozulması barədə hərtərəfli məlumat verilməlidir. Bir sözlə, Ermənistan tərəfinin bu təşəbbüsdən rəsmi Bakıya qarşı informasiya vasitəsi kimi istifadə etməsinə imkan verməkdənsə, Azərbaycan diplomatik və informasiya müstəvisində əks-həmlə həyata keçirməlidir. Necə ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücumla cavab verildi, bu dəfə də beynəlxalq müstəvidə fəal mövqe nümayiş etdirilməli, həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Hesab edirəm ki, bu yanaşma Ermənistanın informasiya cəbhəsindəki iddialarına tutarlı cavab ola bilər".

Müşviq Tofiqoğlu

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol