Menu

İcazəsiz ev tikənlərin aqibəti: Həbs, cərimə, yoxsa söküntü?

07.11.2026, 14:25
İcazəsiz ev tikənlərin aqibəti: Həbs, cərimə, yoxsa söküntü?

Azərbaycanda müvafiq icazələr və qanuni əsaslar olmadan tikinti aparılması qanunvericiliyin tələblərinin pozulması hesab olunur. Bəs özbaşına tikinti aparan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir? Belə hallarda vətəndaşın həbs edilməsi mümkündür, yoxsa qanun yalnız cərimə və tikilinin sökülməsini nəzərdə tutur?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, qanunvericilikdə icazəsiz tikinti aparılmasına görə konkret məsuliyyət müəyyənləşdirilib:

“İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən, tikintisinə icazə tələb edilən obyektlərin müvafiq icazə olmadan inşasına görə fiziki şəxslər 800 manatdan 1000 manatadək cərimələnə bilərlər. Bununla yanaşı, qanunsuz tikilinin sökülməsinin də gündəmə gəlməsi mümkündür. Məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı da ayrıca məsuliyyət nəzərdə tutulur. Belə hallarda fiziki şəxslər 300 manatdan 500 manatadək cərimə edilə bilərlər. Vəzifəli şəxsləri isə 1500-2500 manat cərimə gözləyir. Əgər qanunsuz tikilinin ərsəyə gətirilməsi nəticəsində müəyyən bir şəxsə zərər dəyə və ya xəsarət yetirilərsə, bu zaman məsələyə artıq məhkəmə tərəfindən baxılır. Yəni digər maddələrin bura aid olub-olmaması araşdırılır".

 

Ekspertin sözlərinə görə, 2023-cü ilin noyabr ayından qanunda edilən dəyişikliklərə əsasən, əgər hər hansı bir torpaq sahəsinin müvafiq sənədləri yoxdursa, orada aidiyyatı dövlət qurumları tərəfindən kommunikasiya xətlərinin qoşulmasına icazə verilmir:

"Bura həm qaz, həm su, həm də elektrik enerjisi təminatı aiddir. Beləliklə, hökumət müvafiq addımlar atır və qanunsuz torpaqlarda tikintinin həyata keçirilməsini məhdudlaşdırır. Qeyd edək ki, qanunsuz tikintinin nəticələri yalnız inzibati cərimə ilə məhdudlaşmır. Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, qanunsuz inşa edilmiş obyektin sökülməsi məsələsi də qaldırıla bilər. Tikilinin hüquqi statusu, tikinti üçün tələb edilən icazələrin olub-olmaması və digər hallar bu prosesdə nəzərə alınır".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol