Menu

Şəhid ailələrinə yeni güzəşt: Ev alarkən nə qədər qənaət edəcəklər?

07.11.2026, 14:06
Şəhid ailələrinə yeni güzəşt: Ev alarkən nə qədər qənaət edəcəklər?

Şəhid ailələrinin mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı, eləcə də dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə dövlət rüsumundan azad edilməsi təklif olunur. Dəyişiklik qəbul edilərsə, bu kateqoriyadan olan vətəndaşlar daşınmaz əmlak əməliyyatları zamanı müəyyən maliyyə güzəşti əldə edəcəklər. Bəs bu güzəşt şəhid ailələrinə konkret olaraq nə qədər qənaət imkanı yaradacaq? Azadolma hansı mexanizmlə tətbiq olunacaq və bütün alqı-satqı əməliyyatlarını əhatə edəcəkmi?

Mövzunu "Azpolitika"ya şərh edən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, şəhid ailələrinin mənzil və fərdi yaşayış evlərinin alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə dövlət rüsumundan azad edilməsi təklifini sosial müdafiə mexanizmlərinin genişləndirilməsi baxımından müsbət qiymətləndirir: 

"Bu dəyişiklik qəbul olunarsa, şəhid ailələrinin daşınmaz əmlak əldə edərkən qarşılaşdıqları əlavə rəsmiləşdirmə xərcləri azalacaq. Güzəştin maliyyə ifadəsinə gəldikdə, hazırda daşınmaz əmlakın alqı-satqısı üzrə notariat rüsumları əmlakın yerləşdiyi əraziyə görə fərqlənir. Bakı şəhərində dövlət rüsumu 280, notariat xidməti haqqı isə 42 manat təşkil edir. Beləliklə, ümumi ödəniş 322 manatdır. Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda bu məbləğ 225 manat 40 qəpik, digər şəhər və rayonlarda isə 161 manatdır. Təklif qüvvəyə mindikdən sonra şəhid ailəsi üzvü Bakı şəhərində mənzil alarkən təxminən 322, Sumqayıt, Gəncə və Abşeronda 225, digər rayonlarda isə 161 manat vəsaitə qənaət edə biləcək. Bu hesablamalar mövcud tariflər əsasında aparılıb. Yaxın qohumlar arasında daşınmaz əmlakın alqı-satqısı üçün ayrıca, daha aşağı tarif tətbiq edildiyindən həmin hallarda güzəştin məbləği də fərqli olacaq. Burada hüquqi baxımdan vacib bir məqam var. “Notariat haqqında” Qanunun 29-cu maddəsinə əsasən, notariat hərəkətlərinə görə dövlət rüsumundan azadolma tətbiq edilən hallarda həmin hərəkətlərlə əlaqədar xidmət haqqı da tutulmur. Buna görə də şəhid ailələrinə təklif edilən güzəşt həm dövlət rüsumunu, həm də müvafiq notariat xidmət haqqını əhatə edəcək".

 

Ekspertin sözlərinə görə, mexanizm kifayət qədər sadə işləyə bilər:

"Şəhid ailəsinin üzvü mənzil və ya fərdi yaşayış evinin alqı-satqısı, yaxud dəyişdirilməsi üçün notariusa müraciət edir. Şəhid ailəsi statusu müvafiq elektron informasiya sistemləri vasitəsilə yoxlanılır və təsdiqləndikdən sonra notariat əməliyyatı üzrə güzəşt tətbiq edilir. Beləliklə, vətəndaşın dövlət rüsumu və həmin notariat hərəkəti ilə bağlı xidmət haqqı ödəməsinə ehtiyac qalmır. Təbii ki, bu güzəşt daşınmaz əmlakın alınması ilə bağlı bütün xərclərin aradan qaldırılması demək deyil. Əmlakın dövlət qeydiyyatı, çıxarışın alınması, ipoteka və digər əlavə əməliyyatlar üzrə qanunvericilikdə nəzərdə tutulan ödənişlər ayrıca qiymətləndirilməlidir.Hesab edirəm ki, bu təşəbbüsün sosial əhəmiyyəti onun nominal məbləğindən daha genişdir. Şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, daşınmaz əmlak əldə etmək imkanlarının genişləndirilməsi və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı inzibati və maliyyə maneələrinin azaldılması dövlətin sosial siyasətində mühüm istiqamətlərdən biri olmalıdır. Güzəştin tətbiqində elektron mexanizmlərə üstünlük verilməsi də vacibdir. Şəhid ailəsi statusunun dövlət informasiya bazalarından avtomatik müəyyənləşdirilməsi vətəndaşların əlavə arayış toplamaq zərurətini aradan qaldırar, notariat əməliyyatlarının daha operativ həyata keçirilməsini təmin edər".

Müşviq tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol