"TRIPP ("Tramp marşrutu") layihəsinin icra edilməsi Azərbaycanın bölgə ilə nəqliyyat əlaqələrinin genişləndirilməsinə şərait yaradacaq və Ermənistanla münasibətlərin inkişafı üçün yeni imkanlar aça bilər".
"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen bildirib.
Amerikalı diplomat qeyd edib ki, layihə təkcə dəmir yolu əlaqələrinin deyil, həm də digər potensial nəqliyyat istiqamətlərinin inkişafını nəzərdə tutur:
"Onun icrasını həyata keçirəcək şirkətin yaradılması və marşrutun dəqiq parametrlərinin müəyyənləşdirilməsi ilə qeyri-hökumət təşkilatlarının prosesdə iştirakı üçün yeni şans yaranacaq. Bu, Azərbaycanın daha geniş regionla əlaqələrinin qurulması prosesinin bir hissəsidir. Ümid edirəm ki, sözügedən proses çərçivəsində Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafının da şahidi olacağıq. Zənnimcə, burada qeyri-hökumət təşkilatları mühüm rol oynaya bilər".
O, hər iki tərəfdən vətəndaş cəmiyyəti nümayəndələrini və ictimai fəalları bir araya gətirən "Peace Bridge" təşkilatının iştirakını xatırladıb. Diplomatın fikrincə, bu cür təşəbbüslər Azərbaycan və erməni cəmiyyətləri arasında təmasların inkişafına təkan verə bilər.
Qeyd olunub ki, TRIPP yalnız regional bağlantını gücləndirməyə yönəlmiş bir nəqliyyat layihəsi kimi deyil, eyni zamanda Ermənistanla Azərbaycan arasında dialoqun və əməkdaşlığın genişləndirilməsi üçün fürsət kimi dəyərləndirilir.


Şərhlər