Menu

İnfantino təzyiqlərə dözmədi: UEFA nə planlaşdırır?

07.11.2026, 15:51
İnfantino təzyiqlərə dözmədi: UEFA nə planlaşdırır?

FIFA prezidenti Canni İnfantino dünya çempionatlarının iştirakçı sayının artırılması planından geri çəkilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İnfantino turnirlərin keçirilmə hüquqlarının bir hissəsinin satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq məqsədilə bu qərarı verib. Bildirilir ki, o, 2027-ci ildə yenidən FIFA prezidenti seçiləcəyi təqdirdə həm milli komandalar, həm də klublar arasında keçirilən dünya çempionatlarının genişləndirilməsində israr etməyəcək.

Qeyd edək ki, “The Times” avqust ayında İnfantinonun Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) 2030-cu il dünya çempionatında iştirakçı sayının 64-ə çatdırılması təklifini dəstəklədiyini yazmışdı. İddialara görə, FIFA rəhbəri bu addımla daha çox ölkənin dəstəyini qazanmağı və qarşıdakı seçkilərdə mövqeyini möhkəmləndirməyi hədəfləyirdi.

2026-cı il dünya çempionatından sonra İnfantinonun FIFA-nın əsas kişi və qadın turnirlərinin idarə edilməsinə nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi barədə də məlumat yayılmışdı. “FIFA Forward Enterprise” adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi bildirilirdi. FIFA təşəbbüsün 4,2 milyard dollar gəlir gətirə biləcəyini açıqlamışdı.

Lakin bu təklif bir sıra nüfuzlu futbol qurumlarının etirazına səbəb olub. UEFA, CONCACAF, Asiya Futbol Konfederasiyası (AFC) və CONMEBOL layihəyə qarşı çıxıblar. UEFA hətta FIFA-nın təşkil etdiyi turnirləri boykot edə biləcəyini bəyan edib.

İnfantinonun layihədən geri çəkilməsinə baxmayaraq, UEFA FIFA prezidentinə etimadın azaldığını bildirib. Məlumata görə, İnfantino könüllü şəkildə vəzifəsindən getməsə, Avropa futbol qurumu ona etimadsızlıq göstərilməsi məsələsini gündəmə gətirə bilər.

Növbəti FIFA prezident seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralında FIFA-nın növbədənkənar konqresində prezident seçilib. Daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol