Menu

ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır

10.11.2026, 09:05
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır

ABŞ ordusu pilotsuz uçuş aparatlarının uçuş məsafəsini artırmağa imkan verən retranslyator dronlardan istifadə sahəsində Ukraynanın təcrübəsini öyrənir.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.

Ukrayna hərbçiləri döyüş tapşırığı yerinə yetirən pilotsuz uçuş aparatı ilə operator arasında əlaqəni təmin etmək üçün retranslyator dronlardan istifadə edirlər. Nəşrin yazdığına görə, bu qurğuların iş prinsipi Wi-Fi gücləndiricilərinə bənzəyir.

Adətən kiçik kvadrokopterlərdən ibarət olan belə dronlar yerüstü antenalardan daha yüksəyə qalxaraq siqnalı daha uzaq məsafəyə ötürür. Bunun sayəsində digər pilotsuz uçuş aparatları operatordan daha uzağa gedərək uçuş məsafəsini artıra bilir.

Bu təcrübənin öyrənilməsi məqsədilə 50-yə yaxın ukraynalı hərbçi ABŞ ordusunun mütəmadi keçirdiyi "Combined Resolve" təlimlərində iştirak edib. Bu dəfə genişmiqyaslı manevrlər Münhenin şimalında, Bavariyada yerləşən Birgə Çoxmillətli Hazırlıq Mərkəzində (Joint Multinational Readiness Center) keçirilib.

Müxtəlif iqlim şəraitinə malik poliqonlarda aparılan təlimlər zamanı hərbçilər müəyyən ediblər ki, yüksək temperatur, rütubət, külək, yağış, soyuq və digər hava amilləri pilotsuz uçuş aparatlarının fəaliyyətinə mənfi təsir göstərə bilər.

Briqada generalı Terri Tillisin sözlərinə görə, Ukraynanın "Combined Resolve" təlimlərinin müxtəlif mərhələlərində iştirakı ABŞ ordusuna pilotsuz uçuş aparatlarından istifadə taktikasını təkmilləşdirməyə kömək edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol