Menu

Koronavirus, adenovirus, qrip: Hansı daha təhlükəlidir?

12.11.2026, 15:54
Koronavirus, adenovirus, qrip: Hansı daha təhlükəlidir?

Payızın gəlişi ilə respirator infeksiyaların yayılması yenidən aktuallaşıb. Koronavirus, adenovirus və mövsümi qrip kimi virusların eyni dövrdə yayılması əhali, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən risklər yaradır. Bu infeksiyaların əlamətləri bir-birinə bənzədiyindən onların fərqləndirilməsi və düzgün müalicə üsulunun seçilməsi də çətinləşir. Bəs hazırda bu virusların yaratdığı əsas təhlükələr nələrdir? Yoluxmadan qorunmaq və mümkün ağırlaşmaların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, payız aylarında ümumiyyətlə infeksion xəstəliklərlə bağlı vəziyyət bir qədər qarışıq olur. Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası başa çatsa da, virusun yayılması hələ də davam edir və ayrı-ayrı ölkələrdə yoluxma halları qeydə alınır:

"Bildiyiniz kimi, İranda, eləcə də Avropa ölkələrində və Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları müşahidə olunur. Bununla yanaşı, bəzi ölkələrdə adenovirusun yayılması da diqqət çəkir. Həm uşaqlar, həm də böyüklər arasında bu virusa yoluxma halları var. Belə qarışıq epidemioloji vəziyyətdə əsas məsələlərdən biri infeksiyaların dəqiq müəyyənləşdirilməsi və bununla bağlı məlumatların ictimaiyyətə açıqlanmasıdır. Təəssüf ki, bizdə laborator müayinələrin nəticələri və hansı infeksiyanın yayıldığı barədə məlumatlar hər zaman ictimaiyyətə təqdim olunmur. Halbuki, bu cür məlumatlandırma əhalinin maarifləndirilməsi, eləcə də insanların hansı qabaqlayıcı tədbirləri görməli olduqlarını bilməsi baxımından olduqca vacibdir".


Professorun sözlərinə görə, insanlar mövsümi respirator infeksiyalar zamanı öz sağlamlıqlarına daha diqqətlə yanaşmalı, mümkün qədər yoluxmadan qorunmalı və ətrafdakıların səhhətini də nəzərə almalıdırlar:

"Xüsusilə, soyuqdəymə əlamətləri hiss olunduqda maskadan istifadə etmək məsləhət görülür. Əgər xəstələnmə əlamətləri müşahidə edilirsə, yaxşı olar ki, insanlar bir neçə gün evdə qalsın, istirahət etsin, yataq rejiminə uyğunlaşsın və bol maye içsinlər. Vəziyyət yaxşılaşmadığı təqdirdə isə həkimə müraciət etmək lazımdır. Əksər hallarda yüngül respirator infeksiyalar ev şəraitində istirahət və müvafiq qaydalara əməl etməklə sağala bilər. Lakin xəstə vəziyyətdə işə getmək, ictimai yerlərdə olmaq, eləcə də soyuq havada uzun müddət qalmaq həm xəstəliyin ağırlaşmasına, həm də infeksiyanın başqalarına yoluxmasına səbəb ola bilər. Buna görə də insanlar bu məqamlara xüsusi diqqət yetirməlidirlər".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol