Menu

Kuaşi qardaşlarının evində “silah anbarı” vardı – Qonşu qadın danışdı

10.01.2015, 23:56
Kuaşi qardaşlarının evində “silah anbarı” vardı – Qonşu qadın danışdı

“Onlar rep ulduzu olmaq arzu ilə yaşayırdılar”

“The Globe and Mail” qəzeti Fransada terror aktı həyata keçirmiş qardaşlar haqqında araşdırma yazı hazırlayıb. Məqalədəki diqqətçəkən məqamlar çoxdur. Qəzet yazır ki, Səid və Şərif Kuaşi qardaşları Parisdə ibadət etmək üçün ziyarət etdikləri məsciddə imamla mübahisə ediblər. Bu barədə yerli müsəlmanlar məlumat veriblər.

İmamla qardaşlar arasında mübahisə seçki ilə bağlı olub. İmam müsəlmanları seçkidə iştirak etməyə çağırıb. Bu isə qardaşların etirazına səbəb olub. Onlar deyiblər ki, müsəlmanların seçkiyə qatılıb-qatılmaması imamın səlahiyyətində olan məsələ deyil.

Böyük qardaş 34 yaşlı Səid dedi ki, müsəlmanlar seçkidə iştirak etməməlidir, əksinə Fransada seçkiləri boykot etmək gərəkdir. Demokratik prosesin, Fransa dövlətinin və cəmiyyətinin əleyhinə radikal fikirlər səsləndirirdi.

Qardaşlara qonşu olmuş Tunisdən olan qadın isə onlar haqqında daha maraqlı şeylər danışıb. Adı açıqlanmayan qadın deyib ki, Kuaşilərin davranışı onların xoşuna gəlmirmiş. Onlar bütün günü evdə yüksək səslə Quran oxuyurdular. Qadın deyir ki, ərim onlardan şübhələnmişdi. Bir gün qardaşlar bazara gedəndə onların yaşadığı mənzilə daxil oldu. Dostu da onunla birlikdə idi. Onlar Kuaşi qardaşlarının mənzilində “silah anbarı” aşkar etdilər.

Ancaq qardaşlar nəzərdə tutulduğundan daha tez geri döndülər və ərimlə dostunu öz mənzillərində yaxaladılar. Qardaşlar ərimi qorxutdular ki, əgər polisə nə isə desəniz sizi öldürərik. Bu hadisə 2 ay öncə olub.

Terror aktından əvvəl qardaşlar 4 mərtəbəli binada mənzillərin birində kirayədə qalırdılar. Onların Parisdə yaşadığı ərazi Gennevilliers adlanır. Orada əsasən ərəblər və müsəlmanlar yaşayır. Topluluğun sayı haradasa, 40 min nəfər olar. Onların məscidində bir dəfəyə 2.500 nəfər namaz qıla bilər.

Qonşular bildiriblər ki, qardaşlarla yanaşı həmin mənzildə Məhəmməd də yaşayırdı. Çox güman ki, o, onların bacısının əri idi. Onlardan başqa həmişə çadrada olan bir qadın da həmin mənzildə yaşayırdı.

Şahidlər deyiblər ki, Fransa polisi terror aktından bir neçə saat sonra həmin mənzildə axtarış aparıb. Bir qadın həbs olunub. Həmin qadının Səidin həyat yoldaşı olduğu ehtimal olunur. O, hamiləliyin son aylarını yaşayırmış… Başqa 8 nəfər də polislə getməli olub.

“Mən qorxuram ki, onlar geriyə dönüb məni və ərimi öldürərlər. Sizinlə danışdığıma görə məni cəzalandırarlar”, ortayaşlı qadın jurnalistə deyib. O, Kuaşi qardaşlarının qonşusu olan qadındır.

“Divarın o biri üzündə onların necə ibadət etdiklərini aydın şəkildə eşidirdik. Onlar dayanmadan “Allahu Əkbər” deyirdilər. Mənim ərim və onun dostu qardaşların qapısını güclə açıb içəri daxil oldular. Onlar bilirdilər ki, içəridə silah var .”

Tunisdən olan qadın ancaq ərəb dilində danışa bilir: “Bizim silahdan başımız çıxmır. Bilmirik ki, onların silahları hansı növdən idi. Mənim ərim bu barədə polisə xəbər vermədi. Qardaşlar ərimə hücum etdilər, onu soyuducuya tərəf sıxıb dedilər ki, sən bizi satmaq istəyirsən? Ərim dedi ki, “yox” onları satmayacaq".

“Bu qardaşlar mənim nəzərimdə müsəlman deyildilər. Quranda yazılıb ki, bir insanı öldürmək bəşəriyyəti öldürmək qədər böyük günahdır”, 20 yaşlı Sara Alan göz yaşları içində deyir. Onun qardaşı Kuaşi qardaşlarının qonşusu olub.

Qəzet yazır ki, ancaq həmin məhəllədə hər kəs belə düşünmür. Məsələn, gənc afrikalı jurnalistə yaxınlaşaraq deyib: “Siz yanlış suallar verirsiz. Siz gərək birinci özünüzdən soruşasınız ki, axı niyə kimsə bunu etməyə qərar verir. Nədən onlar 20 il həbsdə qalmağı göz altına alıb belə işlər görürlər. Bu sualların cavabını Fransa cəmiyyətindəki kəskin fərqlərdə axtarmaq lazımdır, ədalətsizlikdə axtarmaq lazımdır”.

Qəzet bildirir ki, Əlcəzair əsilli qardaşlar erkən valideynlərini itiriblər. Ona görə də Fransada yetimlər evində böyüyüblər. Onlar 2005-ci ildə həbs olunana qədər rep ulduzu olmaq arzusu ilə yaşayırdılar.

Fransanın tanınmış müsəlmanlarından olan cənab Əli deyir ki, Fransa cəmiyyətində müsəlmanlarla yerli insanlar arasında əsas fərq iqtisadi yox, daha çox mədəni xarakter daşıyır. Xüsusən gənc müsəlmanlar özlərini yerli qanunlar çərçivəsində alçalmış hiss edirlər. Fransada millətçilərin yüksəlişi də onların xoşuna gəlmir.

“Özünü təhqir olunmuş sayan gənclər asanlıqla radikal qruplara qoşulurlar. Bundan başqa Fransada müəyyən bir islamçı kəsim var ki, onlar yerli cəmiyyətə inteqrasiya olunmaq istəmirlər”.

Fransada baş verən son terror aktlarını pisləyən cənab Əli onu da deyib ki, bu hadisədən sonra məscidə tez-tez gedir: “İbadət etməyə daha çox ehtiyac duyuram”. (musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol