Azərbaycan manatı dünyada ən sabit valyutalardan biridir və hətta xarici ölkələrin vətəndaşları da öz pullarını manatda saxlasalar uduzmazlar.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib: «Manatın məzənnəsi bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir».
Prezident xarici ölkə vətəndaşlarına da pullarını manatda saxlamağı tövsiyyə edib: «Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar».


Şərhlər