Menu

YAP Ziyad Səmədzadə ilə Zahid Qaralovun davasına qarışmaq istəmir

28.11.2013, 09:27
YAP Ziyad Səmədzadə ilə Zahid Qaralovun davasına qarışmaq istəmir

Siyavuş Novruzov: “Burada üçüncü, dördüncü, ya beşinci şəxsin müdaxiləsinə ehtiyac yoxdur”

1991-93-cü illərdə bir müddət birinci vitse-spiker və vitse-premyer vəzifələrində işləmiş, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Zəmədzadə ilə “91-lər”-in nümayəndəsi, YAP-ın Səbayel təşkilatının sədri, professor Zahid Qaralov arasında gedən mətbuat mübahisələri barədə geniş bəhs etmişdik.

Xatırladaq ki, hər şey Z.Qaralovun Z.Səmədzadəyə yönəlik sərt tənqidi fikirlər və ittihamlarından sonra başlayıb. Belə ki, sabiq deputat hazırki komitə sədrini mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinə mane olmaqda günahlandırmışdı.

“...Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər. Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir” - deyən Z.Qaralov mətbuata məlum açıqlamasında sözlərinə onu da əlavə edib ki, Z.Səmədzadə o dövrdə onlara yalandan deyibmiş ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir. “Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb...” - deyə, Z.Qaralov daha sonra bildirib.

Z.Səmədzadə isə Z.Qaralovun ittihamlarının əsassız olduğunu qeyd edərək, əslində adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını söyləyib. “1992-ci ilin mayında Ali Sovet sədrinin birinci müavini vəzifəsində işləyərkən parlamentin sədri vəzifəsinə təklif olunan mərhum Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq üçün mənim kabinetimdə millət vəkillərindən Eldar İbrahimov, Arif Rəhimzadə, Samur Novruzov, həmçinin Arif Hacılı, Pənah Hüseyn olublar. Mən az qala o zaman Arif Hacılı və Pənah Hüseynlə də əlbəyaxa olacaqdım, çünki onlar heç cür imkan vermək istəmirdilər ki, Heydər Əliyevlə əlaqə yaradılsın və sair. Yəni həmin adamlar da, digərləri də məsələnin mahiyyətindən xəbərdardırlar. Odur ki, bu məsələnin üstündən düz 21 il keçəndən sonra indi onun ahıl yaşlı bir adam tərəfindən əsassız şəkildə gündəmə gətirilməsini mən təəssüf və təəccüblə qarşılayıram”-deyə, Z.Səmədzadə bildirib.

YAP icra katibinin müavini Siyavuş Novruzovun dediklərindən belə məlum oldu ki, hakim partiya iki ağsaqqalın qarşıdurmasına müdaxilə etmək fikrində deyil: “Orda hər iki tərəf mətbuatda çıxış edib fikirlərini söyləyiblər və qarşılıqlı şəkildə bir-birinə cavab veriblər. Burada üçüncü, dördüncü, ya beşinci şəxsin müdaxiləsinə ehtiyac yoxdur”. Mübahisənin mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinə əngəl yaradılması ilə bağlı ittihamdan qaynaqlandığını və bunun YAP üçün də sadə məsələ olmadığını xatırlatdıqda, S.Novruzov əlavə şərh vermək niyyətində olmadığını bildirdi: “Yeni deyirəm, onlar hər ikisi öz fikrini səsləndirib və qarşılıqlı şəkildə bir-birinə cavab veriblər. Hərənin öz mövqeyi var. Həmçinin tərəflərin hər biri öz şahidlərini sadalayır. Məsələyə şahidlər münasibət bildirsə, daha yaxşı olar. Kimin kimə nə iradı varsa, öz aralarında aydınlaşdırsın. Mənim kiməsə iradım olanda şəxsən özüm deyirəm”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol