1945-ci ilin iyulunda bir neçə Argentina qəzeti Hitler və onun arvadı Yeva Braunun sualtı qayıqla bu ölkəyə gəlməsi barəsində sensasiyalı məlumatlar dərc etmişdilər. Bu cür yazıların dərc olunmasının əsas səbəbi almanların “U-530” sualtı qayığının Argentina sahillərində görünməsi olmuşdu. Elə həmin günlərdə “Tribuno” qəzetində iki faşist sualtı qayığının Argentina sahillərində yaxalanması barəsində məlumat getmişdi. Argentina hökuməti “U-530” sualtı qayığını və onun ekipajını ABŞ və İngiltərəyə təhvil verməklə yanaşı, Hitlerin onların ölkəsində peyda ola biləcəyi haqqında məlumat aldıqlarını və bununla bağlı araşdırma aparacaqlarını da açıqlamışdı.

Həmin sirli sualtı qayıqla birlikdə öz ölkələrindən qaçan nasistlərin həqiqətən də Argentinada gizlənə biləcəklərini inkar etmək də olmaz. Ancaq maraqlıdır ki, görəsən, həqiqətənmi Hitlerin qaçmaq imkanı olub?

XX əsrin ən böyük müəmmalarından birinə çevrilən bu suala cavab verməyə cəhd göstərmək üçün fürerin 1945-ci ilin aprelindəki son günlərinə qayıtmaq gərəkdir.

20 aprel tarixində Reyxstaq dəftərxanasının bunkerində, 56 yaşı tamam olan Adolf Hitler öz ad gününü qeyd edirdi. 21 aprel tarixində isə fürer SS generalı Feliks Ştaynerə sovetlərin Berlindən geriyə atılması əmrini vermişdi. Ancaq hücum üçün lazımı güc yox idi. Sovet ordusu isə artıq Reyxin paytaxtına daxil olmuşdu. 22 apreldə fürer Keytel və Yodldan cəbhədəki əsl vəziyyət barəsində dəqiq məlumat alır. Həqiqəti eşidən Hitler, məhvin qaçılmaz olduğunu anlayır və bundan sonra onda güclü isteriya başlayır. Elə həmin zaman Hitler özünü öldürmək qərarına gəlir. O günün axşamı Hitler və Yeva Braun nigah mərasimi keçirirərək evləndiklərini elan edirlər. 30 apreldə isə gecə saat 2.30 radələrində Hitler öz yaxın ətrafı ilə vidalaşır. Sonra Yeva Braunla öz otaqlarına çəkilirlər. Adolf Hitler özünü güllələyir, arvadı isə zəhər içir. Onların cəsədləri bunkerin ehtiyyat çıxışından dəftərxananın arxasındakı bağa çıxarılır və üzərlərinə benzin tökülərək yandırılır. Reyxstaq dəftərxanasının bunkerindən sağ qurtulmuş şahidlərin dediklərinə görə,

Hitlerin son günləri barəsindəki qısa versiya bundan ibarətdir.

Ümumiyyətlə isə, Hitler və Yeva Braunun özlərini öldürmələri səhnəsi barəsində şahidlərin söylədiklərində xeyli ziddiyətlər mövcuddur. Hitlerin şəxsi pilotu bildirib ki, Hitler və Yeva Braun özlərini güllələyiblər. Bunun əksinə olaraq digərləri isə israr ediblər ki, Hitlerin arvadı zəhər qəbul edib. Hətta həmin günlərdə bunkerdə olan Hanna Rayç adlı təyyarəçı qadının sözlərinə görə isə, ümumiyyətlə Hitler və Yeva Braun arasında heç bir nigah mərasimi keçirilməyib. Hitlerin özünü necə öldürməsi səhnəsinin təsvir olunmasında da ziddiyyətlər var. Beləki, Hitlerin şəxsi sürücüsü Erix Kempka fürerin ağzından vurulduğunu, Hitlerin kamerdineri (otaq xidmətçisi) Heynis Lingenin isə onun gichahından vurulduğunu iddia edib. Hitlerin əvvəlcədən verdiyi tapşırığa əsasən, onun və Yevanın cəsədi yandırılmalı imiş. Cəsədləri bunkerdən Borman, Göbbels, Günşe və digər dörd nəfər çıxarıb və bir neçə metr kənardakı çalanın içinə ataraq yandırıblar. Lakin cəsədlərin necə məhv edilməsini görən şahidlərin verdikləri ifadələr xeyli dolaşıqdır. İlk soruşdurma zamanı Linqe, Yeva Braunun cəsədi barəsində nə isə deməyə xeyli çətinlik çəkib. Günşe isə dindirilmə zamanı bildirib ki, Yeva Braunun yalnız külü qalıb. Amma digər ifadələrdən məlum olur ki, cəsədlər tam olaraq yanmayıb.

Bu səhlənkarlığın, əhəmiyyətsizliyin nəticəsidirmi? Bəlkə başqa səbəblər var?

Məsələ ondan ibarətdir ki, cəsədin yoxluğu halında ölüm faktı təsdiq olunmur. Onu da yada salmaq lazımdır ki, həmin dövrdə bir çox nasistlər plastik əməliyyatlar aparıb, saxta sənədlər düzəldirdilər. Beləki, onların içərisində öz saxta ölüm hadisəsini təşkil edənlər və yalançı qəbir üzərində baş daşı ucaldanlar da olub. Əgər Hitlerin qaçmaq istəyi olubsa, deməli onun cəsədi tamamilə yanıb, külə çevrilməməli idi. Ona görə ki, həmin cəsədin Hitlerə aid olmasına inanmaq üçün bədənin müəyyən hissələri sağ qalmalıymış. Məsələn, diş protezləri vasitəsi ilə cəsədin Hitlerə aid olması fikrinə gəlinə bilərdi. Bəllidir ki, Hitlerin diş potezi və diş plombunun eynisini hazırlamaq heç də çətin iş deyildi. Amma burada sual yaranır; ğörəsən Hitlerin oxşarı vardımı?

Bunu dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Lakin Qustav Valer adında bir şəxsin fürerə çox bənzəməsi faktı məlumdur. O, 1944-cü ilədək Berlində yaşayıb. NKVD (Народный Комиссариат Внутренних Дел - Xalq Daxili İşlər Komissarlığı) onun izini tapa blməyib. Stalinə Hitlerin doğrudan da ölməsi barəsində təkzibolunmaz faktlar vacib idi. Ona görə də, NKVD tərəfindən Hitlerin özünü öldürməsi məsələsi çox ciddi və hərtərəfli şəkildə araşdırılıb.

Hitlerin, Yeva Braunun, Göbbelsin və onun arvadı Maqdanın yarıyanmış cəsədlərinin üzərində diqqətli təhqiqatlar aparılıb. Hitler və Yeva Braun tam yanmadıqları üçün onları dişlərindən tanımaq mümkün olub. Hitlerin diş həkimi Kette Hayzerman təsdiq edib ki, bu dişlər həqiqətən də Adolf Hitlerə və onun məşuqəsi Yeva Brauna aiddir. Onun bu ifadəsini Hitlerin digər bir diş həkimi Frits Extman da təsdiqləyib.

NKVD əməkdaşlarını Hitlerin kalium-sianid zəhəri qəbul etməməsi faktı da dolaşdırırdı. Beləki, həmin zəhərin ampulası əzilərək Hitlerin və Yeva Braunun cəsədinin çənəsi üzərinə səpələnmışdı. Buradakı müəmma ondan ibarətdir ki, əgər doğrudan da fürer “qəhrəmancasına” özünü güllələyibsə, onda belə bir imitasiya yaratmağa nə gərək vardı? Bundan başqa isə Hitlerin cəsədində sağ daban nahiyəsi və baldır sümüyünün aşağı hissəsi yoxmuş. Cəsədin bütövlüklə yanmaması halında isə həmin nahiyyələrin tam məhv olması mümkün deyildi.

Əgər Hitlerin əvəzinə onun oxşarını yandırıblarsa, deməli o adamın bədəninin bu nahiyələrində hansısa defektlər olub və elə ona görə də bədənin həmin hissələri məhv edilib. Əlavə olaraq Hitler və Yeva Braunun özlərini öldürdükləri divanın üzərindən götürülmüş qandan alınan nümunə göstərib ki, divandakı qan ilə cəsədlərin qan qrupları uyğun gəlmir.

Bəs Hitler necə ölüb? Nəyə görə onun yaxın ətrafı dolaşıq ifadələr veriblər? Belə bir ifadə var ki, fürer Linqedən onu öldürməsini xahiş edib. Ola bilər ki, özünü öldürməyə Hitlerin sadəcə cəsarəti çatmayıb və onu güllələyiblər. Sonradan isə “millətin rəhbərinin””qəhrəmancasına” özünü öldürməsi əfsanəsini uydurublar.

Beləliklə, üzərindən onilliklər keçməsinə baxmayaraq, Hitlerin ölümü ilə bağlı çoxlu sayda suallar bu gün də cavabsız qalmaqdadır.

Vaqif NƏSİBOV

AzPolitika.info