Onun azad edilməsini tələb etmədən...
Yulia Timoshenko Avropa Birliyi liderlərini onun azad edilməsini tələb etmədən Ukrayna ilə assosiasiya sazişi bağlamağa çağırıb.
7 il azadlıqdan məhrum edilmiş Ukraynanın keçmiş baş naziri Yulia Timoshenko vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Azadlıq Radiosunun məlumatına görə, Avropa Birliyi bildirir ki, Timoshenkonun həbsi siyasidir və onun azad olunması sazişin imzalanmasının əsas şərtlərindən biri idi.
Kiyevdə və Ukraynanın digər şəhərlərində Avropa Birliyi tərəfdarlarının etiraz aksiyaları davam edir. Dünən iki aksiya iştirakçıları Kiyevin əsas meydanında birləşib. Onlara çoxlu sayda tələbə də qoşulub. Aksiya iştirakçıları Ukrayna prezidentinə məktub yazıb. Ondan Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişini imzalamağı tələb edib.
Noyabrın 21-də Avropa Birliyinin Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı sammitinin keçirilməsinə bir həftə qalmış Ukrayna hakimiyyəti prosesin dondurulması barədə qərar qəbul edib. Ukrayna hökuməti qərarını daha çox bu sənədin imzalanmasından sonra Rusiya ilə ticarətdə ölkə iqtisadiyyatının mümkün itkilərini öyrəndiyini bildirib.
Noyabrın 28-də Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Vilnüsdə sammiti başlayır.


Şərhlər