"Cəsur Sümərinli Yaşar Cəfərli ilə bir yerdə həmin sifarişçilərin diktəsi altında işləyir"
Hazırda məzuniyyətdə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Cəsur Sümərinlinin onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.
Polkovnik E.Sabiroğlu Publika.Az –a açıqlamasında deyib: “Əslində, ona deyiləcək heç bir sözüm yoxdur. Çünki uzaqdan-uzağa belə o adamın ağılına yaxşı bələdəm. İndi də onun gəldiyi nəticə kökündən yalnışdır. Cəsur Sümərinli bilərəkdən bu adları gündəmə gətirməklə çalışır ki, intriqa yaratsın, lakin bacara bilməyib. Ona sual edirəm. Cəsur Sümərinli nədən bildi ki, mən müsahibədə məhz onun dediyi şəxsləri nəzərdə tutmuşam? Əgər belə qabiliyyət sahibidirsə, hərbi araşdırmalar və ekspert, fala baxan vəzifələrini təsis edib və bunu da üzərinə götürə bilər. Mən o qədər də sadəlöv deyiləm ki, subordinasiyanın nə demək olduğunu anlamayım və olmayan məsələ barədə hər hansı fikir irəli sürüm. Birmənalı bildirirəm ki, müsahibəmdə mən onun nəzərdə tutduğu şəxslər barədə heç düşünməmişəm və buna hər hansı əsasım da yoxdur. Ancaq Cəsur Sümərinli həmin adları çəkməklə əsl ünvanı və mənim həqiqətən kimləri nəzərdə tutduqlarımı hədəfdən yayındırır. O, özü bunu çox gözəl bilir. İndi Cəsur Sümərinli Yaşar Cəfərli ilə bir yerdə həmin sifarişçilərin diktəsi altında işləyir. Onların öz mövqeləri yoxdur və kimlərdənsə asılıdırlar. Digər tərəfdən isə bu cür yalanları uyduran adamların psixoloji durumuna da şübhə ilə yanaşıram”.
Xatırladaq ki, hazırda məzuniyyətdə olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Publika.Az –a geniş müsahibə verib. O müsahibəsi zamanı sabiq müdafiə naziri Səfər Əbiyevin ünvanına kifayət qədər müsbət fikirlər səsləndirməklə yanaşı onu tənqid edənləri kəskin qınayıb.
Həmin müsahibədəki fikirlərə münasibət bildirən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli isə qeyd edib ki, Eldar Sabiroğlu, Səfər Əbiyevin Azərbaycan ordusuna vurduğu ziyanın miqyasını anlamaqda çətinlik çəkir. Onun fikrincə, bu müsahibə Müdafiə Nazirliyinin yeni rəhbərliyi ilə razılaşdırılmayıb:” Hüquq-mühafizə orqanlarının Müdafiə Nazirliyinin keçmiş rəhbərliyi ilə bağlı araşdırmalara başladığı və yaxud yaxın günlərdə başlayacağı mümkün görünür. Əbiyevi və nazirlikdə yüksək vəzifə tutmuş bir neçə şəxsi, o cümlədən Sabiroğlunun özünü məsuliyyətə cəlb edə bilərlər. Bu baxımdan Eldar Sabiroğlunun müsahibəsi fırtınadan əvvəlki sakitliyi xatırladır. Və guya Sabiroğlu bu açıqlamanı verməklə Əbiyevi qorumağa çalışır.
Səfər Əbiyev prezidentin hərbi müşaviri Vahid Əliyev, SQ Baş Qərargah rəisi Nəcməddin Sadıqovun və hərbi birləşmə komandiri Rövşən Əkbərovun da onun taleyini yaşamasını, vəzifələrindən çıxarılmasını istəyir və Eldar Sabiroğlu "Yaşar Cəfərliyə məlumatı ötürən şəxslər" dedikdə çox güman ki onları nəzərdə tutur”.


Şərhlər