Menu

Avro “ölür”, avtomobillər ucuzlaşa bilər

21.01.2015, 09:24
Avro “ölür”, avtomobillər ucuzlaşa bilər

Beynəlxalq bazarlarda avronun dollar qarşısında 11 ilin ən aşağı səviyyəsinə düşərək ucuzlaşması, Avropanın ortaq pul vahidinin manat qarşısında da dəyərdən düşməsinə səbəb olur.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2014-cü ilin İyun ayında 1 avro 1,07 manat olduğu halda 19 yanvar 2015-ci il tarixində 90 qəpiyə düşüb. Yəni, təxminən 15% ucuzlaşıb.

Avronun ucuzlaşması ölkəmizə bu valyuta ilə idxal olanan malların ucuzlaşaması, ixrac olunan malların isə bahalaşması deməkdir.

Azərbaycana avro ilə idxal olunan ən bahalı məhsullardan biri avtomobillərdir. Avronun ucuzlaşması ölkəmizə Avropadan gətirilən avtomobillərin qiymətlərinin dərhal aşağı düşməsinə səbəb olmasa da, qarşıdakı aylarda təsir göstərə bilər. Çünki, avtomobil dilerlərinin hazırda aldıqları avtomobillər bir neçə ay əvvəl sifariş verilib. Bu gün verilən sifarişlər üzrə qarşıdakı aylarda idxal olunacaq avtomobillərdə isə ucuzlaşma ola bilər.

Məsələn, ölkəmizə ötən ilin yayında dəyəri 20 min Avro olan avtomobili idxal etmək üçün 21400 manat tələb olunurdusa, indi cəmi 18120 manata 20 min avronu almaq mümkündür. Düz 3280 manata qənəat olunur. Belə bir vəziyyət ilin əvvəlindən aksiz vergisinin dərəcəsinin artırılması ilə avtomobil qiymətlərində gözlənilən qiymət artımının qarşısını ala bilər.

Analitiklər Avronun daha da ucuzlaşacağını gözləyirlər. Avro bölgəsində inflyasiyanın yüksəldilməsi üçün Avropa Mərkəzi Bankı dövriyyəyə daha çox avro buraxmaq niyyətindədir. Bu halda Avronun Manat qarşısında daha da dəyərdən düşməsinin şahidi ola bilərik.

Avtomobil istehsalçısının Avropada yerləşməsi Azərbaycana həmin istehsalçının avtomobilinin Avropadan gətirilməsi demək deyil. İstehsalçıların çoxunun Avropadan kənarda zavodları da mövcuddur ki, Azərbaycana da avtomobillər həmin zavodlardan göndərilə bilər. Bu zaman hesablaşmanın Avro ilə deyil Dollar ilə aparılması mümkündür.

Avronun ucuzlaşmasının Azərbaycanın ixracına mənfi təsirinə gəlincə isə, bunun ciddi hiss olunmayacağı gözlənilir. Azərbaycan əsas ixrac məhsulları olan neft və neft məhsulları dollar ilə ixrac edildiyindən ixracın ciddi azalacağı gözlənilmir. /marja.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol