Menu

Parlament sabiq nazirlərlə bağlı qərar verdi

21.01.2015, 10:17
Parlament sabiq nazirlərlə bağlı qərar verdi

Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatları çərçivəsində tutduqları vəzifədən istefa verən sabiq nazirlər Çağlayan, Bayraktar, Güler və Bağışın Ali Məhkəməyə göndərilməsi təklifi Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gecə keçirilən plenar iclasında qəbul edilməyib.

ANS PRESS-in məlumatına görə, gecə TBMM-də Zəfər Çağlayan, Erdoğan Bayraktar, Muammer Güler və Egemen Bağış barədə istintaq komissiyasının hesabatı müzakirə olunub. Sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan, sabiq ekologiya və şəhərsalma naziri Erdoğan Bayraktar, sabiq daxili işlər naziri Mummer Güler və sabiq Avropa birliyi naziri Egemen Bağış barədəki işin Ali Məhkəməyə göndərilib – göndərilməməsi barədə TBMM-də səsvermə keçirilib.

Egemen Bağış barədə keçirilən səsvermədə 517 millət vəkili iştirak edib. Səsvermədə 245 nəfər lehinə, 255 əleyhinə səs verib, 7 nəfər bitərəf qalıb və 4 səs etibarsız olub. Bu nəticəyə görə, Egemen Bağış Ali Məhkəməyə göndərilməyəcək.

Muammer Güler barədə səsvermədə 513 millət vəkili iştirak edib. Səsvermədə 241 nəfər lehinə, 258 əleyhinə səs verib, 4 nəfər səs verməyib və 4 səs etibarsız sayılıb. Güler də həmkarı kimi Ali Məhkəmədən canını qurtara bilib.

Zəfər Çağlayan barədə keçirilən gizli səsvermədə 517 millət vəkili iştirak edib. Sabiq nazirin Ali Məhkəməyə göndərilməsinin lehinə 242, əleyhinə 264 səs verilib. 7 millət vəkili bitərəf qalıb, 1 nəfər səs verməyib, 3 səs isə etibarsız sayılıb və nəticə Çağlayanın xeyrinə olub...

Beləliklə sabiq nazirlər barədə TBMM-də keçirilən gizli səsvermə başa çatıb və AKP millət vəkilləri onları Ali Məhkəməyə göndərilməkdən xilas edib.

Xatırladaq ki, Türkiyədə 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra adları rüşvət qalmaqalında hallanan daxili işlər naziri Muammer Güler, iqtisadiyyat naziri Zəfər Çağlayan, Avropa Birliyi naziri Egemen Bağış və şəhərsalma naziri Erdoğan Bayraktar tutduqları vəzifədən istefa vermişdilər və onlar barəsində istintaq başladılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol