Dövlət Neft Fondunun büdcəsi nəhayət ki, təsdiqlənib. Prezident İlham Əliyev bir neçə gün əvvəl “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Ekspertlərin təsdiqlənmiş büdcə ilə bağlı rəyləri müxtəlifdir. İqtisadçı alim Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Neft Fondunun büdcəsində neftin qiymətinin bir barrel üçün 90 dollardan hesablanması həddindən çox optimist yanaşmadır: “İndiyə qədər həm büdcə rus analitiklərinin verdiyi

proqnozlara görə, Neft Fondunun əməkdaşlıq etdiyi təşkilatların, Dünya Bankının, Beynəlxalq Valyuta Fondu ekspertlərinin proqnozlarına görə, 2015-ci il üçün brend neftinin orta qiyməti ən yaxşı halda, 55 dollar ətrafında olacaq. Amma Neft Fondunun bu rəqəmləri 90 dollardan götürməsi onu göstərir ki, təsdiq olunmuş büdcəyə il ərzində bir neçə dəfə yenidən baxıla bilər. Neft Fondunun büdcə xərcləmələrində ən böyük paya malik olan məsələlərdən biri dövlət büdcəsinə olan transferdir ki, bununla da Fondun büdcəsində bu il kəskin kəsir yarana bilər. Mən arzulayardım ki, daha real büdcə olsun. Büdcə real olanda, xərcləri də real proqnozlaşdırmaq olur. Amma məsələ ondan ibarətdir ki, Neft Fondundan dövlət büdcəsinə transferləri tətbiq edəndə dünya bazarında neftin qiyməti bu qədər ucuz deyildi. Bu, bir daha onu göstərir ki, Azərbaycanda uzunmüddətli dövrdə proqnozlaşdırma yoxdur. Yəni ortamüddətli dövr üçün proqnozlaşdırma işləmir. Əvvəldən xərcləri proqnozlaşdıranda gəlirlər barəsində də araşdırma aparılmalı idi. İndiki halda, büdcənin tezliklə dəyişəcəyini proqnozlaşdırıram. Bu büdcə real, gerçək və sabit büdcə deyil. Hesab edirəm ki, həddindən çox optimist yanaşmadır. Əgər dəyişməsə, çox ciddi, böyük məbləğlərlə, milyardlarla ifadə olunan kəsrə gətirib, çıxaracaq”.

Ekspert Natiq Cəfərli isə Neft Fondunun büdcəsinin təsdiqlənməsi fonunda iki məsələyə diqqət çəkib: “Neft Fondunun büdcəsi neftin qiymətinin hər barrel üçün 90 dollardan hesablanmasına baxmayaraq, 1 milyard 567 milyon manat kəsirlə təsdiqləndi. Yəni Fondun xərcləri gəlirlərindən artıq olacaq. Həmçinin 2015-ci ildə Neft Fondunun xam neft satışından əldə etdiyi vəsait (hər barrel 90 dollara hesablanıb) 9,741 milyard manat olacaq. Fondun 2015-ci ildə yalnız dövlət büdcəsinə transferti isə 10,388 milyard manat olacaq. Yəni büdcəyə transfert satdığımız neftin dəyərindən 647 milyon manat çox olacaq. Bu iki önəmli faktor bağıraraq, deyir ki, “Hökumət gələcək nəsillərin payını da “yeyir”, ölkəmizin neftdən asılılığı fəlakət səviyyəsindədir”. Bu hayqırtını hökumət duymaq, eşitmək istəmir. Hələlik yeganə ümidləri yaxın aylarda neftin qiymətinin qalxmasınadır”.

Ekspert Rövşən Ağayev isə məsələ ətrafında təhlil apararaq, qeyd edib ki, hökumət Fondun büdcəsinin gəlirlərini hesablayarkən, xam neftin qiymətini 90 dollardan götürüb. Və gəlirlərin 9 milyard 741,1 milyon manatı neft-qaz müqavilələrindən Azərbaycan hökumətinə düşən mənfəət təşkil etməlidir: “Lakin qiymətləndirmələr göstərir ki, neft-qaz hasilatı indiki səviyyədə qaldığı tədqirdə, neftin orta illik qiyməti 50-55 dollar intervalında dəyişsə, Fondun gəlirləri 5,5-6 milyard manat, 70 dollar ərafında olsa 7,5- 8 milyard manat ətrafında olacaq. Belə görünür ki, hökumət qiymətin aşağı olması riskini nəzərə almayıb. Ola bilsin ki, neftin bahalaşacağına ümidlər qalır. Ya da ilin 2-ci yarısında bu məsələyə baxmağı planlaşdırırlar. O da ola bilər ki, hökumət cari gəlirlər nə qədər az olursa-olsun, daxil olmayan məbləğin hamısını ehtiyatlardan da olsa, götürüb, 2015-ci ilin büdcəsini istənilən halda tam icra etməyi düşünür”.

R.Ağayev həmçinin bildirib ki, Fondun büdcəsi 1 milyard 567,3 milyon manat kəsirlə təsdiqlənib. Lakin büdcənin təsdiqi haqda fərmanda nə bu məbləğ kəsir kimi göstərilir, nə də onun hansı mənbə və maliyyə aləti vasitəsilə qapadılacağı göstərilmir: “Bundan əlavə, qüvvədə olan qanunvericilikdə də Fondun büdcəsində kəsirin yaranmasının mümkünlüyü, kəsirin tənzimlənməsi mexanizmləri ümumiyyətlə, yoxdur. Məsələn, Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarının 5.1.6-cı maddəsində qeyd edilir ki, Fondun büdcəsinin icrası zamanı proqnozdan artıq gəlir əldə edildikdə, yaxud xərclərin ixtisarı ilə bağlı gəlir artıqlığı yarandıqda, əlavə büdcədə yaranan profisit ehtiyat aktivlərə (investisiya portfelinə) yönəldilir. Amma nə Fondun Əsasnaməsi, nə də bu Qaydalar xərclərin gəlirləri üstələdiyi vəziyyətə hüquqi aydınlıq gətirmir. Ümumiyyətlə, yarandığı dövrdən indiyədək Fondun büdcəsində heç vaxt kəsir olmayıb”.

Ekspertin fikrincə, Fondun 2015-ci il büdcəsindən dövlət büdcəsinə ayrılacaq 10 milyard 388 milyon manat nəzərə alınmazsa, yerdə qalan ən böyük xərc maddələri aşağıdakılardır: “Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 997 milyon manat ayrılacaq. Məlumat üçün deyim ki, bu layihələrə 2015-ci il dövlət büdcəsindən də 650 milyon manat ayrılıb. Yəni Cənub Qaz layihələrinə 2015-ci ildə icmal büdcədən 1 milyard 643 milyon manat xərclənəcək.

İkincisi, Bakı-Tiflis-Qars dəmir yoluna 111,5 milyon manat ayrılacaq. 2007-2014-cü illərdə 499,4 milyon manat artıq xərclənib.

Üçüncüsü, qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması ilə bağlı xərclərə 150 milyon manat ayrılacaq. 2002-2014-cü illərdə həmin məqsədə 1 milyad 756,8 milyon manat ayrılıb. Son 4 ildə ilk dəfədir ki, bu xərclər iki dəfəyə qədər azaldılır.

Dördüncüsü, Samur-Abşeron kanalının yenidən qurulmasına 90 milyon manat sərf olunacaq. 2006-2014-cü illərdə artıq bu layihəyə 1 milyard 150 milyon manat xərclənib.

Beşinci məqam isə odur ki, xaricdə təhsilə 44,1 milyon manat ayrılır. 2008-2014-cü illərdə bu layihəyə artıq 121,4 milyon manat xərclənib”.

R.Ağayev sonda onu da vurğuladı ki, Dövlət Neft Fondu hökumətin əsas maliyyə fondu olan büdcədən daha böyükdür: “2015-ci ilin dövlət büdcəsinə Fondun transfertləri nəzərə alınmasa, gəlirlər baxımından dövlət büdcəsi Dövlət Neft Fondundan 1,1 milyard manat (11 faiz) azdır. 2014-cü ildə hökumət ölkəni ayrı-ayrılıqda hər birinin məbləği 10 milyard manat olan və paralel istifadə elədiyi 2 maliyyə fondu vasitəsilə rahatlıqla idarə elədi. Görək, 2015-c ildə bu fondları belə rahatlıqla xərcləmək mümkün olacaqmı?”