Fransanın baş naziri Manuel Valls, bu ölkənin Nazirlər Kabinetinin toplantısının ardından digər nazirlərin də iştirakıyla terrorla mübarizə tədbirləri ilə bağlı mətbuat konfransı keçirib.
Qərb mətbuatının yaydığı xəbərə görə, Yelisey Sarayında təşkil olunan konfransda çıxış edən M.Valls bildirib ki, qarşıda duran ilk vəzifə kəşfiyyatda çalışanların sayının artırılması olacaq.
Baş nazir qeyd edib ki, terrorla mübarizə üçün 3 il ərzində 2 min 680 yeni iş yeri açılacaq: “Qarşıdakı 3 il ərzində terrorla mübarizə üçün 425 milyon avro büdcə ayrılacaq. Hazırda Suriya və İraqdakı terror təşkilatları ilə əlaqəsi olan 1300 nəfəri izləyirik. Təqib olunanların sayında keçən ilin bu ayına nisbətən iki dəfədən çox artım var. Ümumilikdə 3 min adamı nəzarətdə saxlayacağıq”.
Qeyd edək ki, Fransa hökuməti məhz “Charlie Hebdo” jurnalına olan hücumdan sonra bu kimi tədbirlərə əl atır. Parisdə 7 yanvar tarixində “Charlie Hebdo” jurnalına hücumla başlayan və üç gün ərzində üç ayrı ünvanda törədilən terror hadisələrində 17 nəfər həyatını itirmiş, polisin əməliyyatlarında üç terrorçu ölü ələ keçirilmişdi.


Şərhlər