Yaşadığı evin yaxınlığında açılan güllə atəşi isə onu qətiyyən narahat etmir
ABŞ-ın vitse-prezidenti Co Bayden “Bloomberg”ə açıqlamasında bir sıra önəmli mesajlar verib. O, 2016-cı ildə Ağ Evə sahib olmaq uğrunda mübarizəyə qoşulacağını istisna etməyib. Baxmayaraq ki, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Demokratlar Partiyasından seçkilərə qatılacağı birmənalı hesab oluna bilər.
“Bəli, mənim şansım var. Ancaq mən hələ qəti qərar verməmişəm. Son qərara gəlmək üçün yetərincə vaxt var”, - deyə C.Bayden vurğulayıb. O, Hillari Klinton haqqında da xoş sözlər söyləyib: “O, əsl mübarizdir, bacarıqlı şəxsiyyətdir və dostdur”.
Qeyd olunur ki, indi 72 yaşı olan Co Bayden 1988-ci və 2008-ci illərdə Demokratlar Partiyası adından prezident seçkilərinə qatılmağa cəhd edib. Ancaq onun hər iki cəhdi uğursuzluqla üzləşib. 2012-ci ildə isə ikinci dəfə prezident seçkilərinə qatılan Barak Obama vitse-prezident kimi Co Baydenlə birlikdə seçkidən qalib çıxıb.
“NBC”in “Today” proqramında çıxış edən vitse-prezident Co Bayden yaşadığı mənzilin yaxınlığında qeydə alınmış güllə atəşləri haqqında da öz fikirlərini açıqlayıb.
O, bildirib ki, bu insidenti təsadüfi bir hal kimi dəyərləndirir: “Mən özümü öz evimdə son dərəcə rahat hiss edirəm. Qətiyyən narahat deyiləm. Ona da əminəm ki, mənim evimin qorunması əla təşkil olunub”.
Bu məsələ ilə bağlı qeyd olunur ki, vitse-prezidentin evi diqqətlə nəzərdən keçirilsə də, heç bir yerdə güllə yeri aşkarlanmayıb. /musavat.com


Şərhlər