Partiyanın Gənclər Təşkilatındakı seçkiyə etiraz edən gənclər böhtançı adlandırıldılar
Dekabrın 2-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.
17 noyabr tarixində Müsavat Partiyası Gənclər Təşkilatında keçirilən seçkilərlə bağlı məsələ bir daha müzakirə edilib, seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etdikləri üçün Arif Hacılıya, Gülağa Aslanlıya, Razim Əmiraslanlıya təşəkkür elan edilib. Həmçinin bu mövzuda Divana daxil olmuş şikayətlər araşdırılıb və müvafiq qərarlar qəbul edilib, o cümlədən Müsavat Partiyasına, partiyanın rəhbər şəxslərinə qarşı böhtan xarakterli acıqlamalarına və Müsavat Partiyasının nüfuzuna xələl gətirdiklərinə görə Orxan Eyyubzadə və Samir Poladov partiya sıralarından xaric edilib.
Divanda Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun, REAL sədri İlqar Məmmədovun, başqan müşaviri Yadigar Sadıqlının, eləcə də NİDA-çı və AGT-çi gənclərin məhkəmə prosesləri zamanı yol verilən qanunazidd hərəkətlərə etiraz edilib və məhkəmələrin növbəti yığıncaqlarında da Müsavat Partiyası rəhbərliyinin və fəallarının iştirakının davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Divan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin növbəti dəfə şərlənərək 15 sutkalıq həbs cəzasına məruz qalmasını, FB-də “Yaltaqlara dur, deyək” səhifəsini yaradan Əbdül Əbilovun üzərinə narkotik maddə qoyularaq həbs edilməsini və onun haqqında cinayət işinin açılmasını, gənc müsavatçı Tural Sadıqlının siyasi əqidəsinə görə Milli Elmlər Akademiyasından işdən çıxarılmasını qeyri-qanuni hərəkət kimi qiymətləndirib.
Yığıncaqda 28-30 noyabr tarixlərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Əməkdaşlığı çərçivəsində Vilnüs şəhərində keçirilən sammitdə Azərbaycan hakimiyyətinin tarixi fürsəti əldən verdiyi, Avrointeqrasiya istiqamətində önəmli addımların atılmadığı qeyd edilib. Ukrayna xalqının avrointeqrasiya tələbi ilə fədakar mübarizəsi yüksək qiymətləndirilib, bu mübarizənin təkcə Yanukoviç hakimiyyəti üçün deyil, bütün avtoritar rejimlərə, o cümlədən Azərbaycan iqtidarına da xəbərdarlıq olduğu qeyd edilib.
Sonda cari məsələlərə baxılıb.


Şərhlər