Menu

Ədalət Partiyası qiymət artımını pislədi - "Hakimiyyətin korrupsioner mahiyyəti..."

03.12.2013, 17:54
Ədalət Partiyası qiymət artımını pislədi - "Hakimiyyətin korrupsioner mahiyyəti..."

“Neft məhsullarının qiymətinin artırılması sosial siyasət prinsiplərinə ziddir və ölkə əhalisinin sosial-rifah halının pisləşməsinə səbəb ola bilər. Hakimiyyət neft hasilatının azalması nəticəsində büdcədə yaranan boşluğu onsuz da kasıb vəziyyətdə yaşayan sadə vətəndaşların iqtisadi imkanları hesabına doldurulmamalıdır”.

Ədalət Partiyasının qiymət artımı ilə bağlı bu gün verdiyi bəyanatda belə deyilir. Partiya hesab edir ki, büdcədə yaranan boşluğu başqa vasitələrlə kompensasiya etmək mümkündür: “Məsələn, bunlardan biri rəsmi sənədlərdən yayındırılan kölgə iqtisadiyyatının rəsmi qeydiyyata alınması və vergiyə cəlb olunmasıdır. Digər bir yol istehsalat müəssisələrinin yaradılması və bir-biriylə azad rəqbətə təşviq olunmasıdır.”

Ədalət Partiyasının fikrincə, ölkəni getdikcə iqtisadi böhrana sürükləyən əsas amillərdən biri də korrupsiyadır. Hakimiyyətin korrupsioner mahiyyəti ölkədə real iqtisadiyyatın formalaşmasının qarşısını alır və iri sənayə müəssisələrinin inkişafına əngəllər yaradır: “Hakimiyyət bütün sosial və iqtisadi problemlərimizin əsas səbəbkarı olan korrupsiyaya qarşı mübarizə tədbirlərini gücləndirsə, bu öz bəhrəsini iqtisadi infrastrukturun yaranmasında da verə bilər. O zaman həm ölkə əhalisini yeni iş yerlərində işləmək imkanları artar və xaqın rifahı yüksələr, həm də şirkətlərdən alınan vergilər dövlət büdcəsinin böyüməsinə səbəb olar”.

Bütün bu imkanlar olduğu halda hakimiyyətin ən asan yolu seçib sadə vətəndaşların iqtisadi gücü hesabına büdcəni doldurmaq siyasətinin ölkəni içindən çıxılması mümkün olmayan böhranlara apardığını düşünən partiya hakmiyyəti son addımına yenidən nəzər salamağa çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol