Ölkədə hər kəs qiymət artımından danışır. Tarif Şurasının birdən-birə bu qeyri-populyar addımı atması ictimaiyyəti xeyli silkələyib. Əslindəsə artım gözlənilməz deyildi. Bir müddət əvvəl bu yöndə müəyyən informasiyalar sızdırılaraq ictimai rəy baş verəcəklərə hazırlanmışdı. Görünən budur ki, həmin xəbərlərə kimsə inanmamış, hər kəs ümidini yumurta qiymətiylə özünə dost tutanların insafına bağlamışdı. Gözlənilən isə olmadı.

İnsaf naminə qeyd edək ki, qiymət artımının iqtisadi səbəbləri var və hakimiyyət buna heç də millətə əziyyət çəkdirmək üçün getmir. Başlıca səbəb isə ölkənin neft ehtiyatının proqnozlardan tez tükənmə həddinə yaxınlaşması, ölkəyə axan xarici kapitalın azalmasıdır. Bu zamana qədər böyük ölçüdə neft gəlirləri hesabına formalaşan ölkə büdcəsi birdən-birə öyrəşmədiyi durumla qarşılaşdı. Artıq əvvəlki kimi büdcədən qidalanan məmur ordusunu maaşla təmin etmək mümkün olmayacaq. Büdcədə azalan neft gəlirlərinin yol açdığı boşluğu doldurmaq, digər qaynaqlar hesabına itkiləri kompensasiya etmək tələb olunur. Görünür, neft məhsullarının qiymətinin artırılması da bu reallıqdan doğur.

Fəqət daxili potensial hesabına bu boşluğu doldurmaq isə qeyri-mümkündür. İqtisadçıların ilkin hesablamasına görə, yeni tariflərin büdcəyə sadəcə 300 milyon dollar həcmində əlavə gəlir gətirmək imkanları var. Neft gəlirlərimizin nə qədər azalacağını hesablamaq isə hələlik mümkün deyil. Dünyanın əsas neft hasilatçılarından olan İranla ABŞ arasındakı ziddiyyətlərin getdikcə səngiməsi və ABŞ rəsmilərinin rəsmi Tehrana tətbiq edilən emqarqonu aradan qaldırılması yönündəki çıxışları, hətta ondan neft istehsalını xeyli yüksəltməyi xahiş etməsi barədə yayılan informasiyalar ölkəmizin gələcəyi haqqında nikbin düşünməyə əsas vermir. Əgər informasiyalar doğrudursa, iqtisadi böhran həyatı yaşayan İran üçün bu yaxşı fürsət olacaq və rəsmi Tehran vəziyyətdən maksimum yararlanmağa çalışacaq. Bu isə öz növbəsində dünya bazarında neftin qiymətinin azalmasıyla nəticələnəcək.

Bütün dünya üçün xoş xəbər mahiyyəti daşıyan bu tendensiya Azərbaycan rəsmilərini qorxudur. Ölkədə mövcud olan iqtisadi sistem bu qorxunun təməlini təşkil edir. Xaricdən kapital gətirəcək digər sənaye infrastrukturumuzun olmaması, hər sahədə baş alıb gedən korrupsiya və rüşvətxorluq halları dünya səviyyəsində rəqabət aparacaq şirkətlərin formalaşmasının qarşısını alıb, bir çox xarici investorları Azərbaycandan qaçmağa vadar edib. Bundan sonra onları yenidən qaytarmaq və dağılan qeyri-neft sektorunu təcili bərpa etmək mümkün deyil. Üstəlik, bu tədbirlər ciddi iqtisadi islahatların aparılmasını tələb edir ki, bu da iri məmurların iqtisadi mənafelərinə zidddir. Deməli, büdcəni artırmaq üçün yeganə yol qalır- yaranan boşluğu xalqın cibindən çıxarılan qəpik-quruşla doldurmaq.

Tarif Şurasının enerji məhsullarının qiymətini yüksəltməsinin ölkə iqtisadiyyatına ciddi təsir etmək ehtimalı var. Bu addım istər-istəməz digər gündəlik tələbat mallarının bahalaşmasına səbəb ola bilər. Zira bütün sənayenin canı, məhsulların ticarət obyektlərinə daşınması enerji məhsullarından bir başa asılıdır. Deməli bu sahədəki qiymət artımı bütün malların maliyyətini artıracaq. Bu da öz növbəsində qiymətlərə təsir edəcək və inflaysiya baş verəcək.

Maraqlıdır ki, neft məhsullarının qiyməti hardasa 30-40% artırılıb. Digər məhsullarda da buna müvafiq qiymət artımı olsa (ki, bu zəruridir) gələn il ölkədə inflyasiyanın həcmi son illərin ən yüksək həddinə yüksələcək. Qarşıdakı illərdə isə bu vəziyyətin daha da kəskinləşməsi gözlənilir. Belə ki, Azərbaycanda neft hasilatının getdikcə azalacağı heç kimə sirr deyil.

Problem yalnız bununla da bitmir. İndiyə qədər kütləvi narazılıqdan qaçmaq üçün iqtidar vətəndaşları lüzumsuz idarələrdə işlə təmin etmək yoluna gedir, hakimiyyəti qorumaq üçün polislərin sayını artırır, büdcədən qidalanan hərbi-polis sistemi, hansısa iri məmura bağlı silahlı qruplar formalaşdırırdı. Azalan neft gəlirləri nəticəsində büdcəni bu yükdən azad etmək ehtiyacı yaranacaq ki, bunun ilk siqnalları artıq verilib. Məlumatlara görə, SOCAR kimi ən rentabelli dövlət şirkətində, AMEA-da ciddi ixtisarlar gözlənilir. Eyni zamanda sosial təminat idarələrində “saxta təqaüdçüləri” müəyyənləşdirmək üçün araşdırmalar aparılacağı haqqında məlumatlar yayılır. Yəqin ki, büdcədən qidalanan digər sahələrdə də bu cür ixtisarlar aparılacaq. Bu isə sosial narazılığı artıran ciddi amilə çevrilə bilər.

Azərbaycan iqtisadiyatına mənfi təsir göstərən başlıca amillərdən biri də Rusiya ilə əlaqələrimizdə yaşanan gərginliklərdir. Sirr deyil ki, ölkəmizin müəyyən hissəsi Rusiyada iş quran yaxınlarının hesabına dolanırdı. İndi orada da üzümüzə yaxşı baxmırlar. Şimal qonşumuzun bizə vurduğu şillə təbii ki, əhalimizin sosial-rifah halının pisləşməsinə yol açır. Qısası, ölkə getdikcə iqtisadi böhrana doğru sürüklənir.

Mümkündür ki, hakimiyyət bir sıra iri məmurları işdən uzqlaşdırıraq böhran nəticəsində yaranan ictimai narazılığı qismən sakitləşdirmə yoluna getsin. Ancaq böhran rejimin mahiyyətindən irəli gəldiyindən bu kimi tədbirlər sadəcə kosmetik xarakter daşıya bilər və divardakı çatları malalamaqla qəzalı evin yıxılmasının qarşını almaq mümkün deyil.