Moskvanın postsovet məkanında iki sadiq müttəfiqi – Belarus və Ermənistan Moskva ilə münasibətlərinə onun Qərblə qarşıdurması kontekstində yenidən baxa bilərlər. Musavat.com- xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi olan “Stratfor”un hazırladığı hesabatda deyilir.
Mərkəzin analitikləri bu xüsusda Belarus prezidenti Aleksandr Lukaşenkonun yanvarın 29-da “əldə olunan razılaşmalara əməl edilməyəcəyi təqdirdə ölkəsinin Moskvanın başçılıq elədiyi Avrasiya İqtisadi Birliyindən çıxa biləcəyini istisna eləməməsi” barədə açıqlamasını xatırladır.
“Ermənistan isə Rusiyanın həlledici rol oynadığı, Azərbaycanla Dağlıq Qarabağa görə ixtilaf səbəbindən getdikcə daha böyük çətinliklərlə üzləşməkdədir” – hesabatda bildirilir.
Ekspertlərin fikrincə, İrəvan və Minsk böyük ehtimalla, Rusiya ilə strateji oriyentasiyanı davam etdirəcək, ancaq Moskva ilə Qərb arasında mübarizənin gedişatından asılı olaraq daim öz mövqelərinə təzədən baxacaqlar.
Analitiklər Ukrayna böhranının Qarabağ münaqişənə də təsir göstərdiyini qeyd ediblər: “Bütün təmas xətti boyu gərginlik artıb. 2014-cü ilin noyabrında isə erməni hərbi vertolyotu Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub... Lakin Rusiya indi daha çox Ukrayna ilə məşğuldur. Üstəlik, erməni vertolyotunun vurulmasına Moskva zəif reaksiya verib. Bu və digər amillər İrəvana imkan verir ki, özünə sual eləsin: Rusiya nə dərəcədə onun təhlükəsizlik qarantı olmağa sadiqdir?”
Hesabatda Ermənistanla bağlı gəlinən qənaət belədir ki, “Ermənistan Rusiya ilə münasibətlərinə yenidən baxa bilər ki, bundan da Qərbin və Türkiyənin istifadə edəcəyi istisna deyil”.
Bununla belə, sənəd müəlliflərinə görə, İrəvan hələ ki, Moskva il münasibətlərdə ehtiyatlı olacaq ki, Rusiyadan çox uzaq da düşməsin.


Şərhlər