Türkiyə və Almaniya həmsədrlərin sayının artırılması məsələsinə münasibət bildirdi
Ermənistanın təxribatlarından əl çəkməməsi, cəbhədə vəziyyəti mütəmadi olaraq gərginləşdirməkdə davam etməsi, təbii olaraq Azərbaycanı adekvat addımlar atmağa vadar edir. 2014-cü ilin noyabrında Ağdam səmasında Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulmasından düşmən ölkənin bir nəticə çıxarmadığı da göz önündədir. Bu ilin yanvar ayından isə ermənilər hər gün atəşkəsi pozur, təxribatlar törədirlər. Ordumuz bu təxribatların qarşısını alarkən 20-dən çox erməni hərbçisini məhv edib, həmçinin bir neçə gün öncə düşmənin pilotsuz uçan hərbi aparatı məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri fevralın 3-də cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 68 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber, Vazaşen və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Novruzlu, Şıxlar, Kəngərli, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.
Ermənilərin günü-gündən azğınlaşması, sülh danışıqlarında maraqlı görünməmələri təbii ki, Azərbaycanın diqqətindən yayınmır. Milli Ordumuzun irimiqyaslı hərbi təlimlərə başlaması da həm Ermənistana, həm də dünyaya bir siqnal olmalıdır...

Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.
Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5.000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.
Əlbəttə, Azərbaycan tərəfi müharibəyə hər an hazır olduğunu ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Son vaxtlar isə ermənilərin cəbhədə yaratdığı gərginliyin fonunda həm yerli, həm də beynəlxalq ekspertlər Qarabağda müharibənin yenidən alovlana biləcəyini istisna etmirlər, bununla bağlı həyəcan təbili çalırlar.

Heç şübhəsiz ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun fevralın 3-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul etməsi də təsadüfi deyil.
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin də bəyanatı diqqətçəkəndir. Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib: “ATƏT-in Minsk Qrupunun həmsədrləri son həftələrdə Dağlıq Qarabağ regionunda baş verən gərginlikdən narahatdırlar”.
Son vaxtlar qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş zorakılıq hallarından, atəşkəsin intensiv şəkildə pozulmasından ciddi narahatlıq keçirdiklərini söyləyən amerikalıə həmsədr bildirib ki, son insidentlər və zorakılıq hallarının artması regionun bütün ölkələri üçün fəsad törədir: “Biz tez bir zamanda regiona səfər etmək, tərəflərlə, o cümlədən prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”.
Burada daha bir diqqətçəkən nüans var. ATƏT-in Minsk Qrupunun faəliyyətinin indiyədək heç bir fayda verməməsi səbəbindən Azərbaycan tərəfinin “5-lik Sədrlər Şurası” təklifi ilə çıxış etməsi, belə görünür ki, həmsədr ölkələri ya qıcıqlandırıb, ya da onları aktivləşməyə vadar edib.
Nəzərə çatdıraq ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev bir neçə gün öncə maraqlı açıqlama vermişdi. O bildirib ki, ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırır.
Burada söhbət ondan gedir ki, Türkiyə və Almaniyanın da vasitəçilər sırasına daxil edilməsi məqsədəmüvafiq hesab edilir. Türkiyə və Almaniya bu məsələdə artıq mövqelərini ifadə ediblər. Bir neçə gün öncə Türkiyə Böyük Millət Məclisinin üzvləri Atilla Kaya və Sinan Oğan bu təklifin reallaşmasının zəruri olduğunu qeyd ediblər. Onlar qeyd ediblər ki, slüh danışıqlarının nəticə verməsi üçün Türkiyənin həmsdərlər sırasında olması çox mühümdür.
Türkiyə Xarici İşlər Nazirliyi də fevralın 3-də Minsk Qrupunun həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” olması məsələsinə mövqeyini açıqlayıb.

Türkiyə XİN-dən qeyd olunub ki, bütün bunlarla yanaşı, istər Minsk Qrupu formatında, istərsə də digər formatlarda üçüncü ölkələrlə münasibətlərdə Türkiyə milli məsələsi olan Dağlıq Qarabağ problemini hər zaman gündəmə gətirir: “Qardaş Azərbaycanın bu önəmli probleminin beynəlxalq ictimaiyyətdə öz aktuallığını qoruması və problemin ən tez bir zamanda həlli üçün çalışmalarımızı davam etdirəcəyik. Azərbaycanın qaldırdığı Minsk Qrupu həmsədrlərinin sayının üçdən beşə çatdırılması (ABŞ, Rusiya, Fransa, Türkiyə və Almaniya) məsələsinə gəlincə isə, bu barədə hələki əlimizdə hər hansı bir məlumat yoxdur. Türkiyənin Dağlıq Qarabağ məsələsində siyasətinin qəti olduğunu, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olması üçün bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inandığımızı bir daha vurğulayırıq”.
“Almaniya 1994-cü il atəşkəs razılaşmasının son vaxtlar ardıcıl olaraq pozulmasından dərin narahatdır”. Bunu isə APA-nın sorğusuna cavab olaraq Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Sitat: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əməkdaşlığını növbəti il ATƏT-ə sədrliyi zamanı da davam etdirəcək. ATƏT-in Minsk Qrupunun üzvü kimi, Almaniya həmsədrlərin davamlı vasitəçilik səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ərazi bütövlüyü, mübahisələrin sülh yolu ilə həlli və öz müqəddəratını təyinetmə prinsiplərinə etibarımızı tamamilə saxlayırıq”, - deyə açıqlamada qeyd olunur.
Almaniya XİN bəyan edib ki, Berlin hazırda münaqişə tərəflərinin də dəstəklədiyi Minsk formatına alternativ görmür: “Eyni zamanda Minsk Qrupunun səylərinə dəstək vermək üçün biz Avropa İttifaqının da daha səmərəli şəkildə prosesə cəlb olunmasını istəyirik. Məsələn, Avropa İttifaqı etimad yaradacaq tədbirlər vasitəsilə nizamlanma prosesində iştirak edə bilər”.
Son zamanlar cəbhədəki gərginliyin artmasından narahatlıq ifadə edən Almaniya XİN əlavə edib: “Biz davamlı dialoqlar zamanı tərəfləri çağırırıq ki, monitorinq mexanizminin pozuntuları daha yaxşı araşdıracağı və qarşısını alacağı ilə razılaşsınlar. Minsk prosesinin irəliləməsi üçün əsas şərtlərdən biri də atəşkəs sazişinə hörmət etmək və dəstəkləməkdir”.(musavat.com)


Şərhlər