Menu

Rauf Arifoğlu cəbhəçini polisə verib

04.12.2013, 20:58
Rauf Arifoğlu cəbhəçini polisə verib

Baş redaktor təhqir edildiyi üçün buna məcbur olduğunu deyir

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan şikayət edib. Bu barədə “Azadlıq” qəzetinə Vüqar Qədirov məlumat verib. Onun sözlərinə görə, dekabrın 4-də rayon polis şöbəsinə çağırılıb:

“Getdim və məni rəisin otağına apardılar. İçəridə beş nəfər vardı. Polis rəisi, müavini, MTN-nin İmişli rayon şöbəsinin rəhbəri, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Rüstəm adlı rəis müavini idi. Öncə ölkədə və rayonda inkişafdan danışdılar. Sonra mətləbə keçdilər. Dedilər ki, məni Rauf Arifoğlunun şikayəti əsasında çağırıblar. Məlum oldu ki, “Yeni Müsavat”ın baş redaktoru “Facebook”da ona yazdıqlarımı daxili işlər naziri Ramil Usubova göndərib. Ancaq məktubda özünün mənə yazdıqlarını göndərməyib. Şikayət məktubunun araşdırılması üçün Ramil Usubovun imzasının olduğunu gördüm. Yəni, bu iş birbaşa onun nəzarəti altındadır”.

Vüqar Qədirov deyir ki, məsələ Rauf Arifoğlunun ölkə başçısı İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatını aldığı mərasimdə iştirak etməsindən sonra başlayıb: “Bu iştirakdan sonra mən “Facebook” səhifəmdə Rauf Arifoğlunu tənqid etdim. O, mənə cavab yazdı. Ancaq yazdığım statusun altında yox, mesaj qutuma. Biz yazışdıq və mən iradlarımı ona bildirdim. “İlham Əliyev jurnalistlərin dostu necə ola bilər?” deyə sual etdim. Onu da tənqid etdim. Ancaq təhqirə yol verməmişəm. O isə məktubunda ölkə başçısını təhqir etdiyimi yazıb”. Vüqar Qədirovun sözlərinə görə, şöbədə onu 3 saat saxlayıblar: “Üç saatdan sonra buraxdılar. Məndən heç yerə getməmək barədə iltizam aldılar. Sabah (dekabrın 5-də - red) saat 9:30-da yenə polis bölməsinə gedəcəm”.

Rauf Arifoğlu “Azadlıq”a açıqlamasında faktı təsdiq etdi və bildirdi ki, Vüqar Qədirov “Facebook”da təhqir yazıb: “O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr işlədib. Mən “sizlə” müraciət edərək bir neçə dəfə ona yazdım. “Lütfən bu statusu dəyişin, mənim atamı təhqir etmisiniz. Əks halda halda mən sizinlə bağlı şikayət edəcəm”, - deyə mesaj göndərdim . O isə cavab verdi ki, yazdıqları təhqir deyil. Normalda o sözlər kimə deyilsə, fiziki cavab verməlidir. Mənim başqa yolum yoxdur. Yazışmalarım da qalır. Ddönə-dönə ondan xahiş etmişəm. O isə dedi ki, fikrində qalır, təhqir hesab etmir, düz edib yazır. Mən də rəsmi qaydada, qanunlara müvafiq şəkildə şikayət etdim. Baş verənlərə görə kim onu müdafiə edəcəksə, onun mənə yazdıqlarını ona göndərərəm, görüm dözür buna, yoxsa yox”.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol