“Qobustan qapalı həbsaxanasında görüşümüzə şərait yaradılması üçün müraciət etsəm də, cavab verilməyib”.
Bu barədə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlində təqsirləndirilərək ömürlük həbsə məhkum olunan Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib.
Vəkil qeyd edib ki, hazırda əfv ərizəsi hazırlanır. Bu məsələ prezident İlham Əliyevin səlahiyyətində olduğu üçün ümidimiz onadır.
“Konstitusiyaya görə, onu prezident əfv edə bilər. Əsas məsələ odur ki, bir nəfərin ölümündə təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə verilə bilməz. Bu qanunaziddir və əsassızdır.
Hətta özü ilə bərabər anası, atası, qardaşı, qardaşının yoldaşı, xalaları, bibisi və s. adamların bununla bağlılğı yolverilməzdir. Bir şəxsin ölümündə bir nəsli günahlandırırlar. Hansı məntiqlə?! Həmin ailəyə qarşı qəsdən ağır cəzalar tətbiq ediblər. Şəmkir camaatı da hadisədən xəbərdardır”.
Adəm Məmmədov onu da vurğulayıb ki, Vüqar Əliyev cinayətdə özünü təqsirli bilmir: “Müvəkkilim bu ölümdə özünü təqsirli bilmir. Məhkəmədəki ifadəsində də özünü təqsirli bilməyib. Mərhumun telefonunu ayaq yoluna atmasına görə Vüqarı oğurluq maddəsi ilə ittiham ediblər. Cinayət alətinin gizlədilməsi oğurluq kimi verilə bilməz. Ömürlük azadlıqdan məhrumetmə üçün əllərindən nə gəlibsə ediblər, bütün variantlardan istifadə ediblər. İbtidai istintaq buna zəmin yaradıb. Halbuki, Lamiyə öz ifadəsində telefonu ayaqyoluna özünün atdığını bildirib.
Dünən Aslan Aslanov da utanmadan bu məsələdə adının çəkilməsinə etiraz edib. Vüqarın qohumlarının həbsində əlinin olmadığını deyir. Amma mən deyirəm ki, Aslan Aslanov cəmiyyəti çaşdırmasın. Məhkəmə qərarında da bütün şəxslərin həbs olunmasında bu hadisə əsas göstərilib”.
Vəkil Vüqar Əliyevin yaxınlarının həbsinə xüsusi etirazını bildirib: “Tutaq ki, Vüqar günahkardır. Bəs, bu qədər qohumunun nə günahı var. Mən Aslan Aslanovun itkisini anlayıram. Övlad itirib, dərdi böyükdür. Digərini öldürən şəxs də mütləq cəza almalıdır. Amma cəza ədalətli olmalıdır.
Bir daha deyirəm ki, Vüqarın hər gün həbsdə qalması ədalətin hər gün pozulmasıdır”.


Şərhlər