Avronun və Rublun Azərbaycan manatı qarşısında dəyərdən düşməsi, dünya iqtisadiyyatının gedərək pisləşməsi və bunların Azərbaycan iqtisadiyyatına mənfi təsiri ehtimalı əmanətçiləri daha ehtiyatlı davranmağa məcbur edir. “Marja” Mərkəzi Bankın Bülleteninə istinadən xəbər verir ki, ötən ilin Dekabr ayında banklarda xarici valyutada əhalinin əmanətləri kəskin artıb.
Məlumata görə, 31 Dekabr 2014-cü il tarixinə banklardakı 7 milyard 188,4 milyon manat əmanətin 4 milyard 422,4 milyon manatı milli valyutada, 2 milyard 766 milyon manatı xarici valyutada yerləşdirilib. Diqqəti çəkən Dekabrda xarici valyutada yerləşdirilən əmanətlərin 161,7 milyon manat artmasıdır. Əgər 2014-cü ilin 9 ayı ərzində xarici valyutada olan əmanətlər cəmi 30,5 milyon manat artmışdırsa, Oktyabr-Dekabr ayları ərzində artım 228 milyon manat olub.
Ötən ilin Dekabr ayında manatda olan əmanətlər isə 59,7 milyon manat azalıb. Ötən ilin son 3 ayında isə manatda olan əmanətər cəmi 1,3 milyon manat artıb.
2014-cü ilin Dekabr ayında banklarda qeyri-rezidentlərin əmanətləri 65,1 milyon manat, ilin son 3 ayı ərzində isə 85,7 milyon manat artıb. Ümumiyyətlə, 2014-cü il ərzində banklarda qeyri-rezidentlərin əmanətləri 59,6 milyon manat azalıb.
Digər diqqəti çəkən trend qısa müddətli əmanətlərin artmasıdır. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artaraq 4 milyard 344,3 milyon manata çamışdır.
Ekspertlər xarici valyutada, əsasən də dollarda əmanətlərin artmasını Rusiya amili və manatın devalvasiya gözləntiləri ilə əlaqələndirirlər. Yatırılan əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik vətəndaşları dollar ilə və daha qısamüddətli yatırıma sövq edir.
Qeyd edək ki, dünyanın demək olar ki, bütün əsas valyutaları zəiflədiyi halda dollar dəyər qazanır.

Şərhlər