Ermənistanda hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, hakimiyyətin “satqınlıqda” və “Azərbaycana işləməkdə” ittiham etdiyi Artur Sakunts erməni ordusundakı problemlərə dair keçirilən toplantıda prezident Serj Sərkisyanı silah alverində ittiham edib.
A.Sakuntsun sözlərinə görə, Ermənistan ordusundakı problemlərin səbəbi odur ki, adları cinayət işlərində keçən vəzifəli şəxslər məsuliyyətə cəlb olunmur, əksinə, rəhbərlik etməkdə davam edir. Virtualaz.org epress.am-a istinadən bu barədə xəbər verir.
Artur Sakunts qanunsuz silah alverinə dair cinayət işini xatırladaraq deyib ki, Ermənistan ordusuna məxsus külli miqdarda silah-sursatın ölkədən çıxarılmasına və Gürcüstanda satılmasına dair bu cinayət işi üzrə cəmi bir nəfər mühakimə olunub - Vanik Manukyan.
Özü də məhkəmə prosesi qapalı keçirilib və tez-tələsik başa çatıb. Hüquq müdafiəçisi həmin cinayət işində daxili qoşunların keçmiş komandanı, polis rəisinin müavini Qaregin Qabrielyanın, Ermənistan polis rəisinin digər müavini Ovanes Unanyanın, müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təchizat departamentinin rəisi Alik Mirzəbekyanın və həmin depatamentin idarə rəisi Serob Abramyanın adlarının keçdiyini deyib.
“Sizə məlumdur ki, hansı silahlardan söhbət gedir? Onu Gürcüstanda satıblar və iri məbləğdə gəlir əldə ediblər. Bir nəfər təkbaşına Ermənistandan bu qədər silah çıxara bilər?”- Sakunts soruşub.
O, qeyd edib ki, həmin cinayət işində adı keçən Alik Mirzəbekyanı nəinki vəzifədən azad etməyiblər, əksinə, o, indi Baş qərargah rəisinin müavinidir.
“Bəs vəzifələrə təyin edən və vəzifədən azad edən kimdir? Ali baş komandan Serj Sərkisyan. Bax orduda nizamnamə münasibətlərinin pozulmasının kökü də bundadır. Ancaq vətən xaini bizi elan edirlər. Biz bilmirik bu silahlar Gürcüstandan hara gedib. Bəlkə Türkiyəyə, yaxud Azərbaycana?”- Sakunts əlavə edib.


Şərhlər