Prezidentin gündəmə gətirdiyi subsidiya korrupsiyası hüquq-mühafizə orqanlarını hərəkətə gətir
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatına ayrılan subsidiyalardan narahatlıqla danışması bu məsələyə yenidən diqqəti yönəldib. Bu, dövlət başçısının subsidiyalarla bağlı ikinci çıxışı olduğundan, onun narahatlığının arxasında bəzi daha ciddi məqamların olduğu istisna edilmir.
Qeyd edək ki, çıxışında İ.Əliyev 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını vurğulayıb: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.
Bəzi ekspertlər isə bildirirlər ki, bu fikirlərlə keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov yenidən hədəfə gəlib. İki il əvvəl dövlət başçısı bu mövzunu gündəmə gətirərkən kənd təsərrüfatı naziri İsmət Abbasov idi. Dövlət başçısı ciddi tonla subsidiyaların məmurlar tərəfindən mənimsənilməsinə toxunmuşdu. Bu çıxışdan sonra mətbuat İ.Abbasovun yaxın zamanlarda vəzifəsini itirəcəyini yazırdı. İ.Abbasov bu müşavirədən 8 ay sonra nazir postundan uzaqlaşdırıldı və onu simvolik olaraq baş nazirin müavini postuna təyin etdilər. Həmin vaxt bildirilirdi ki, hüquq-mühafizə orqanlarında İ.Abbasov haqda dosye hazırdır və onun vəzifədən çıxmasını gözləyirlər. Lakin son anda İ.Abbasovun baş nazirin müavini postuna təyinatı onu həbsdən xilas etdi. Dövlət başçısının son müşavirədə yenə bu məsələnin üstünə qayıtması isə İsmət Abbasov mövzusunun tam qapanmadığını ehtimal etməyə ciddi əsasdır. Yəni ölkə başçısı dolayısı ilə İ.Abbasova vaxtı ilə dövlət vəsaitini mənimsədiyini xatırladıb. Belə çıxır ki, sabiq kənd təsərrüfatı naziri ya mənimsədiyi milyonları büdcəyə qaytarmalı olacaq, ya da həbs edilərək dəmir barmaqlıqlar arasına göndəriləcək.

“Milli Büdcə Qrupu olaraq 2011-12-ci illərdə apardığımız tədqiqatlar zamanı regionlara ayrılan subsidiyaların mənimsənilməsi hallarını aşkara çıxardı. O zaman biz bunu ictimailəşdirsək də, rəsmi dairələr diqqət yetirmədi. Hazırda bu barədə müzakirələrin prezident səviyyəsində aparılması onu göstərir ki, artıq bu iş çox şişib və korrupsiya miqyasları getdikcə genişlənir”,- deyə ekspert vurğulayıb.

Hüquqşünasın sözlərinə görə, bununla bağlı cinayət işləri özbaşına açıla bilməz və ciddi tapşırıqlar olmalıdır: “Cinayət işi açılmalıdır. Yəni konkret cinayəti törədən bəlli, cinayət mexanizmi bəlli, bunu sübut etmək imkanları da mümkündür. Prezident Administrasiyasından Baş Prokurorluğa göstəriş verilməlidir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılmalıdır. Bu faktlarda Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin - külli miqdarda dövlət əmlakının mənimsənilməsi, 313-cü maddəsinin - vəzifə saxtakarlığı, 308.2-ci maddəsinin - vəzifə səlahiyyətlərinin aşmaq - tərkibləri var”.

Sabiq nazir İsmət Abbasovun başı dərddədir. Hakimiyyətdəki rəqibləri onun axırına çıxmaq üçün çoxdan fürsət gözləyirlər. Bir işarə bəs edər ki, onun qələmini qırsınlar. Prezidentin son müşavirədə subsidiya korrupsiyası ilə bağlı dedikləri İsmət Abbasovla bağlı qərarın verilməsinə işarə sayıla bilər. Gözləyək...

Şərhlər